Qatarla 3 saat 20 dəqiqəyə Qəbələdə... -  REPORTAJ
19 may 2021 14:06 (UTC +04:00)

Qatarla 3 saat 20 dəqiqəyə Qəbələdə... - REPORTAJ

“Azərbaycan Dəmir Yolları” QSC mayın 15-də açılışı olmuş Qəbələ Dəmiryolu Vağzalına və Ləki stansiyası-Qəbələ birxətli dəmiryolu xəttinə press-tur təşkil edib.

APA TV xəbər verir ki, press-turun məqsədi dəmiryolu xəttində hərəkət edəcək vaqonların vəziyyəti, hərəkət trayektoriyası, sərnişin daşınması işinin təşkili və digər işlərlə media əməkdaşlarını daha yaxından tanış etmək olub.

Bakıdan Qəbələyə yola düşəcək qatar müasir vaqonlardan ibarətdir. Bu isə rayon sakinləri ilə yanaşı, Qəbələyə üz tutacaq turistlərin də ürəyincə olacaq. Yolumuz açıq, qədəmlərimiz mübarək olsun!

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Babayevanın sözlərinə görə, çətin dağlıq relyef ərazisində layihələndirildiyi üçün dəmiryolu xətti böyük tökmələrdən və qazmalardan keçib. Ümumilikdə layihə üzrə 122 ədəd süni mühəndis qurğusu quraşdırılıb. Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr olan istinad divarının tikintisi tamamlanıb. Dəmiryoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb: “Yol istiqamətində Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb. Bakıdan Qəbələyə qədər dəmiryolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Burada İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir”.

Hazırda dəmiryolu xətti istismara tam hazır vəziyyətdədir. Pandemiya səbəbindən hələlik sərnişinlər üçün bağlı olsa da, media-tur çərçivəsində ilk sərnişin dolu səfər uğurla reallaşdırılıb.

Bakı-Qəbələ dəmiryolu qatarında üçü standart və biri biznes olmaqla 4 vaqon istismara buraxılıb. Biznes vaqonun tərkibində “biznes plus” salon var. Bu isə sərnişinlərin istəyindən asılı olaraq onlara təklif olunacaq.

Ölkənin əsas turizm bölgələrindən biri sayılan Qəbələ rayonuna dəmiryolu xəttinin çəkilişi bu rayonun turizm potensialına da təsirsiz ötüşməyəcək. Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadovun sözlərinə görə, dəmiryolu xəttinin çəkilişi rayona səfər etmək istəyən turistlərin sayına müsbət təsir göstərəcək: “Qəbələ həm mədəniyyət turizmi, həm təbiət turizmi, həm qış turizmi və digər turizm növləri ilə təmsil olunur. Müxtəlif yaş qrupundan olan turistləri özünə cəlb edə bilir. Bu baxımdan biz Qəbələyə müxtəlif növ nəqliyyat vasitələri ilə gedə bilirik. Bu gün isə Qəbələ rayonuna qatarla gedirik. Bu, olduqca gözəl bir amildir ki, biz bunun şahidi oluruq. Gəncədən sonra Qəbələnin də sürət qatarı ilə təmin olunması yaxşı haldır”.

Üç saat yarım davam edən yolçuluqdan sonra qatar Qəbələ dəmiryolu vağzalına yan alıb. Media nümayəndələri Qəbələ Dəmiryolu Vağzalında yaradılan şəraitlə də yaxından tanış olublar.

Hazırda Qəbələ Dəmiryolu Vağzalındayıq. 2018-ci ilə tikintisinə başlanılan dəmiryolu vağzalının 2021-ci ildə ölkə başçısı tərəfindən açılışı olub. Hazırda dəmiryolu vağzalı sərnişinləri qəbul etmək üçün tam hazır vəziyyətdədir.

Qəbələ Dəmiryolu Vağzalı sərnişinlər üçün gözləmə zalı, kassa, məlumat verici lövhələr və digər lazımı avadanlıqlarla da təmin olunub.

Qeyd edək ki, hazırda pandemiya şəraiti səbəbindən ölkə ərazisində rayonlararası və beynəlxalq sərnişindaşıma fəaliyyəti karantin müddəti ərzində dayandırılıb. Bu səbəbdən Qəbələ-Bakı dəmiryolu xəttinin də nə zaman sərnişin qəbul edəcəyi Operativ Qərargahın qərarından asılıdır.

Xələf Xələfov,

Musa Qulammirzəyev,

APA TV

Qatarla 3 saat 20 dəqiqəyə Qəbələdə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar