Bir neçə gün bundan öncə Dövlət Statistika Komitəsi sərnişinlərə xidmət edən nəqliyyat növlərinin yanvar-mart ayları üzrə statistikasını təqdim edib. Verilən məlumata əsasən, Azərbaycanda nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Qeyd edək ki, 2022-ci ildə sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Bu ilin göstəricilərinə əsasən, taksidən istifadə edən sərnişinlərin sayı azalıb.
Hər addım-başı taksilərlə qarşılaşdığımız halda, bu azalmanın səbəbi nədir?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, bu statistik rəqəm həqiqəti əks etdirmir:
“Ümumiyyətlə, bəzi taksi fəaliyyəti ilə məşğul olan şəbəkələr var ki, qanunsuz olaraq çalışırlar. İlk növbədə taksilərin statistikası fərqlənmə nişanı ilə aparmalıdır. Amma müşahidələr onu göstərir ki, fərqlənmə nişansız taksi kimi çalışanlar çoxdur. Bunları nəzərə alaraq deyə bilərəm ki, bu statistik rəqəm reallığa uyğun deyil. Çünki bu hallarda taksilərin dəqiq statistikasını aparmaq mümkün deyil”.