"Bəzi nazirlər “bazar iqtisadiyyatı”nın nə olduğunu bilmirdilər" - Sabiq nazir
25 yanvar 2023 16:30 (UTC +04:00)

"Bəzi nazirlər “bazar iqtisadiyyatı”nın nə olduğunu bilmirdilər" - Sabiq nazir

Lent.az “Sabiqlər” adlı yeni layihəni təqdim edir. Bu rubrikamızda bir zamanlar yüksək vəzifə tutmuş, hazırda başqa fəaliyyətlə məşğul olan şəxslərlə müsahibələri təqdim edəcəyik. İlk qonağımız 1992-93-cü illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində olan iqtisadçı alim, professor Saleh Məmmədovdur. O vəzifədən azad edildikdən sonra fəaliyyətinə Milli Bankın İdarə Heyətinin üzvü, Bakı şəhər icra hakimiyyətində icra başçısının məsləhətçisi kimi davam edib. Hazırda müxtəlif universitetlərdə elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

- Saleh müəllim, insanların bir ailənin maliyyə yükünü  daşımaqda çətinlik çəkdiyi bir zamanda 90-cı illərdə nazir postuna oturmaqdan çəkinmədiniz?

- O zamana qədər müəyyən təcrübəm var idi. Ona qədər Azərbaycan KP MK-nin iqtisadi məsələlər üzrə katibinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində işləmişdim. 1979-cu ildən başlayaraq milli iqtisadiyyatımızın təhlili ilə məşğul olmuşdum. Azərbaycanın böyük resurslarının olduğunu bilirdim. Nazir postuna isə xaricdən gəldim. Uzun müddət Türkiyədə işləmişdim və orda Almaniya, Avstriya, İngiltərə təcrübəsini öyrənmişdim. Çətin olmadı. 

- Sovet Azərbaycanından sonra xəzinədə çox şey qalmışdı?

- O zaman maliyyə çətinliyi düşündüyünüz qədər ağır deyildi. Sovet İttifaqı bizdən nəhəng pullar çəkib aparırdı. Sovet Hökumətinin istismarına ən çox Azərbaycan məruz qalmışdı. Müstəqillik qazandıqdan sonra cəmi 1 il içində bu maliyyə vəsaitinin hamısı ölkədə qaldı və investisiya inkişaf üçün yaxşı imkanlar yarandı. Hər həftənin şənbə günləri iş adamları ilə görüşüb onları yönləndirir, kömək edirdim. İstehsal sahəmiz o zaman hələ dağılmamışdı. Sənaye məhsulu üzrə istehsal səviyyəmiz 35-40 faiz təşkil edirdi, hazırda bu göstərici 90 faizdir. Bu o deməkdir ki, biz neftdən daha az asılı idik. Təəssüf edirəm ki, planladığımız bütün işləri görə bilmədim. Beynəlxalq əlaqələrimiz Moskvanın tənzimləməsi ilə həyat keçmişdi. Buna görə də münasibətləri az zaman içərisində qaydaya salmaq olmadı. İxracat sahəsində işləyən bacarıqlı kadrlarımız var idi. O  zaman valyuta ehtiyatlarımızı qorumaq üçün Moskvaya yönəltməyib, xarici banklara yatırmağı bacarmışdılar. Mən işdən çıxdığım dövrdə xarici banklarda yarım milyarda yaxın valyuta ehtiyatımız toplanmışdı. Sovet Azərbaycanından müstəqil Azərbaycana yaxşı istehsal sahələri qalmışdı. Elə bircə faktı qeyd edim ki, hələ 70-ci illərdə Heydər Əliyev Bakıda çip, elektron qurğular istehsal edən cihazqayırma müəssisəsi yaratmışdı. Dünya çip istehsalına indi başlayıb, bizdə 50 il əvvəl var idi. Alimlərimiz yaxşı işləyirdilər, elmi istehsalat birliklərimiz fəaliyyətdə idi, onlarla ölkəyə məhsul ixrac edirdik. Mən hələ yalnız qeyri-neft sahəsindən danışıram. Çox zəngin bir ölkə miras qalmışdı bizə. 1993-cü ildə bizim büdcəmizdə kəsir olmadı.

- Bəs nə üçün inflyasiya, geriləmə baş verdi?

- Rubl məkanından dərhal çıxa bilmədik, rubla uyğunlaşmalıydıq. Dollara keçə bilməmişdik. Elmi istehsalat birliklərinin işini qoruyub saxlaya bilmədik. 44 günlük müharibədə bizə qələbəni əsgərlərimizin igidliyi ilə yanaşı, həm də ağıllı texnologiyalar qazandırdı. İstehlakçıyıq. İstehsalçı olmalıyıq, ən yeni texnologiyalara sahib olmaq üçün xərc çəkməliyik. 1985-ci illə müqayisədə elmə çəkilən xərclərimiz mütləq mənada azalıb. 1985-ci ildə Azərbaycanda elmə 150 milyon dollar xərc çəkilirdi, bu gün bu rəqəm 100 milyondur.

- Sizcə, maliyyə naziri postunu idarə eləmək indi asan olardı, ya o zaman?

- İndi çox asandır. O zaman keçid dövrünü yaşayırdıq. Qanun, təlimat yox idi. Əyalət iqtisadiyyatı səviyyəsindən milli iqtisadiyyat səviyyəsinə keçirdik. Kadrlar yox, qanunlar yox, mərkəzləşdirilmiş plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçirdik. Bunlar fərqli şeylər idi, təcrübəsizlik özünü göstərirdi. Nazirlərin çoxu bazar iqtisadiyyatı nədir bilmirdilər. Bu ifadə işlənəndə elə bilirdilər söhbət adi bazarlardakı vəziyyətdən gedir. Hamısı Sovet iqtisadiyyatının mütəxəssisləri idilər. Mənim kimi xaricdə oxumuş, təcrübə qazanmış  adam çox az idi. Mərkəzi Bankı və bankların fəaliyyəti haqqında qanunları biz alman mütəxəssislərin iştirakı ilə Türkiyədə hazırlayıb gətirdik. Əmanətlərin Sığortalanması Fondu dərhal yaradılmalıydı, vacib idi, bunu yaratmağa qoymadılar. Yalnız 2006-cı ildə bu fond yaradıldı. Məncə indi də mükəmməl fəaliyyət göstərmir. Biz hələ 1992-ci ildə, ilk kollegiya iclasında rəqəmsal iqtisadiyyata keçid hədəfi qoymuşduq. Bu da yarımçıq qaldı. Rəqəmsal iqtisadiyyata keçid 2003-cü ildən tətbiq edilməyə başladı.

 - O zaman internet yox idi. Bunu necə edəcəkdiniz?

- Maliyyə Nazirliyinin banklar sistemi nəzdində rəqəmsal keçid təmin olunmalıydı. Pentaqonun təcrübəsindən yararlanacaqdıq. Network- şəbəkə sistemindən istifadə etməklə banklar rabitə vasitəsilə bir-birlərinə birləşirdi. Bakıda oturub istənilən bölgədəki bankın işinə nəzarət eləmək olardı. Rabitə Nazirliyi ilə danışdıq, rabitə sistemini  avtomatlaşdırdıq, lakin işlər yarımçıq qaldı. Sonra internet çıxdı. Prezident İlham Əliyev 2003-cü ildə bu proqramın tətbiqi ilə bağlı göstərişlər verdi. 

O zaman ehtiyatlarımızı milyonlarla hesablayırdıq, indi milyardlardan danışırıq. Bu çox böyük göstəricidir. Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyardı keçib. Bu o deməkdir ki, Türkiyə də daxil olmaqla bütün türk dünyasında, iqtisadi islahatlar keçirməyə bəs eləyəcək qədər böyük resursa malikik. Biz bu ehtiyatlar hesabına hətta 5 il heç nə istehsal eləməsək də, ölkəni idarə edə bilərik. İndi prosesləri bilən insanlar çoxdur, yüksək texnologiyalar var. Hazırda daha asandır. Sinqapur iqtisadi islahatlara 2 milyon dollarla başlayıb, amma görün hansı zirvələrdədir.

- Hər zaman böyük həvəslə Sinqapurun yüksəlişindən, “Marşall” planından danışırsınız. Bu planı Azərbaycanda tətbiq etmək arzunuz olmuşdu və ya indən belə tətbiq etmək olar? 

- “Marşall” planı bir zamanlar bizə tətbiq oluna bilərdi. Onda pul ehtiyatlarımız az idi. İndi valyuta ehtiyatlarımız o qədər çoxdur ki, Azərbaycan özü başqa ölkələrdə “Marşall” planını tətbiq etmək üçün mənbə kimi çıxış edə bilər. Azərbaycan valyuta ehtiyatlarının səviyyəsinə görə çox irəlidədir və bu Azərbaycan Prezidentinin xidmətidir. Ekstra rezerv ehtiyatlarımızın həcminə görə, dünyada 4 ölkədən biriyik. Bu ölkələr İsveçrə, Norvec, Sinqapur və Azərbaycandır. Beynəlxalq valyuta ehtiyatı tələbi 6 milyarddır, biz bu tələbi 9 dəfə üstələmişik. Həddən artıq vəsaitimiz var, dövlət düzgün tətbiq etsə, ölkəmiz dünyanın ən güclü ölkələri sırasında olacaq. Elmi texnoloji inkişaf bizim çıxış yolumuzdur. Dünya tarixində elmlə başlayan heç bir islahat uğursuzluğa düçar olmayıb. Hərdən mənə xəyalpərəst deyirlər, amma Azərbaycanın ən inkişaf etmiş ölkə olmaq ehtimalı xəyal deyil, mövcud şərtlərə görə Azərbaycan nə Sinqapurdan, nə Cənubi Koreyadan, nə Dubaydan, nə Honkonqdan geri qalmır. Cənab Prezident sağ olsun qurub və iqtisadi orqanların sərəncamına verib. Sadəcə ağılla və səmərəli istifadə etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5178
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar