Lider mobil operator 60-dan artıq jurnalist üçün ingilis dili kurslarını təşkil etdi
“Azercell Telekom”-un KİV nümayəndələrinin inkişafına və onların beynəlxalq mənbələrdən sərbəst istifadəsinə dəstək olmaq üçün təşkil etdiyi ingilis dili kurslarının növbəti raundu sona çatdı.
“Language Solutions” tədris mərkəzi ilə əməkdaşlıqda təşkil olunan təlimlər zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradıldı. Media işçilərinin iştirakı ilə "Azercell" şirkətinin baş ofisində keçirilmiş mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq göstərmiş üç jurnalistə rəqəmsal hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Azercell" 14 ildən artıq bir müddət ərzində jurnalistlər üçün pulsuz xarici dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnalistləri tanış etmək, eləcə də, təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.
Azərbaycan mediasını hər zaman dəstəkləmək vədinə sadiq qalan "Azercell"in KİV nümayəndələri üçün xüsusi təqdim etdiyi “Mediacell” tarifin paketindən bütün ölkə boyunca artıq 10 000-ə yaxın jurnalist yararlanaraq güzəştli şərtlərlə mobil xidmətlərdən istifadə edir.