Bu gün Bakı Ekspo Mərkəzində 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı “Baku Water Week”in rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədri Zaur Mikayılov və “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov açılış nitqləri ilə çıxış ediblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsindən çıxışında bu tədbirin yeni imkanların yaranmasına və qarşılıqlı əməkdaşlıqların qurulmasına şərait yaradacağından ümidvar olduğunu bildirmişdir:
“İnanıram ki, Bakı Su Həftəsi dövlət qurumları ilə yanaşı, özəl sektora və mütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaqdır. Bakı Su Həftəsi yeni təşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında effektivliyin artırılmasına yeni töhfələr verəcəkdir.
Azərbaycanda davamlı olaraq su təsərrüfatının müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Su ehtiyatlarının idarə olunmasında səmərəli istifadəni təmin etmək məqsədilə yeni texnoloji həllər tətbiq olunur, həmçinin suyun keyfiyyətinə nəzarət sistemi təkmilləşdirilir və itkilərin minimuma endirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Bununla yanaşı, rəqəmsal idarəetmə və monitorinq sistemlərinin tətbiqi su ehtiyatlarının daha şəffaf və çevik şəkildə idarə olunmasına şərait yaradır.
Son illərdə ölkəmizdə su təsərrüfatı infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində sistemli tədbirlər görülür. Müasir dövrün tələblərinə uyğun olaraq yeni su anbarlarının inşası, mövcud su infrastrukturlarının əsaslı bərpası və genişləndirilməsi həyata keçirilir. Bu layihələr regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Yeni su infrastrukturunun qurulması kənd təsərrüfatının su təminatını yaxşılaşdırmaqla məhsuldarlığın artmasına, əhalinin içməli suya çıxış imkanlarının genişlənməsinə, ətraf mühitin mühafizəsinə və ümumilikdə dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Həmçinin, bu layihələr əhalinin rifah halının yüksəldilməsinə, məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır.
Bakı Su Həftəsi çərçivəsində təşkil olunan konfransda panel müzakirələri su ehtiyatlarının idarə edilməsi, su təchizatı və əlaqədar digər mövzular üzrə fikir və təcrübə mübadiləsi üçün əlverişli platforma olacaqdır.
Müzakirələr zamanı su ehtiyatlarının idarə olunmasında praktik məsələlərin işlənib hazırlanması, həmçinin su ehtiyatlarının davamlı istifadəsi və idarə olunmasının vacibliyi barədə ictimaiyyətin məlumatlandırılmasına da töhfə veriləcəkdir.”
Daha sonra ənənəvi lent kəsildikdən sonra açılış mərasiminin iştirakçıları və qonaqlar VIP turda iştirak ediblər.
“Baku Water Week”də Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 70-dək şirkət və nümayəndə heyətləri iştirak edir.
Səudiyyə Ərəbistanının enerji və su sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən olan “ACWA Power” “Baku Water Week”in baş sponsoru qismində çıxış edir.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.
Bakı Su Həftəsinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir.
2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", florist tərəfdaşları "Gloria Flowers" və “Buketeria”, səyahət tərəfdaşı "Greenwich Travel Club" şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləri çıxış edir.
“Baku Water Week” haqqında ətraflı məlumatı www.bakuwaterweek.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.