Pensiyaların artımlarla birlikdə maliyyələşməsinə başlanıldı
18 iyul 2011 12:10 (UTC +04:00)

Pensiyaların artımlarla birlikdə maliyyələşməsinə başlanıldı

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) orqanlarının 2011-ci ilin I yarımilliyindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Səlim Müslümov deyib ki, vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılmasına xidmət edən proqramların vaxtlında icrası nəticəsində cari ilin 6 ayında əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq, bu istiqamətdə mühüm qərarlar verilib.


Bu ilin ilk yarısında xüsusilə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə çox ciddi islahat tədbirləri həyata keçirilib. “Əmək pensiyaları haqqında” qanuna edilən əlavə və dəyişikliklərlə vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyası təmin edilib. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təqribən 40 faiz) artırılıb.


Səlim Müslümov bildirib ki, bununla yanaşı elmi dərəcəsi olan əmək pensiyaçılarının da sosial müdafiəsi möhkəmləndirilib: “İyulun 1-dən elmi dərəcəsi olan işləməyən və azı 25 il elmi-pedaqoji fəaliyyəti olan əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır”.
DSMF sədri qeyd edib ki, pensiya artımlarının əhaliyə çatdırılmasında texniki işlərin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Artıq bu həftədən etibarən qrafiklə pensiyaların artımlarla birlikdə maliyyələşməsinə başlanılıb.


Səlim Müslümov bu ilin 6 ayı ərzində sığorta-pensiya sistemində islahatların davam etdirilməsi ilə yanaşı, əhalinin pensiya təminatında maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə zəruri vəzifələrin icrasının da xüsusi diqqət mərkəzində saxlanıldığını söyləyib. İlkin məlumatlara əsasən, DSMF-nin 2011-ci ilin I yarımilində gəlirləri 929,4 mln. manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 105,6 mln. manat və ya 12,8 faiz çoxdur. Cari ilin ilk 6 ayı ərzində daxil olmuş 561,6 milyon manat məcburi dövlət sosial sığorta haqqının 59,4 faizi və ya 333,8 mln. manatı qeyri-büdcə sektorunun payına düşür ki, bu da əvvəlki ilə nisbətən 13,9 faiz və ya 40,7 mln. manat artım deməkdir. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 16,7 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 18,4 faiz artıb.

İlin ilk yarısında sığorta olunanların fərdi uçot sisteminin qurulması prosesi davam etdirilib. Cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 98 mindən artıq sığorta olunana fərdi şəxsi hesab açılıb. Nəticədə iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 milyon 898 min 462 nəfərə çatıb. Eyni zamanda 6 ay ərzində sığorta olunanlara 25,34 milyon manat müavinət ödənilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artıqdır. Əksinə digər xərclər üzrə isə məbləğ ilin ilk ayına nisbətən 26,3 faiz və ya 7 milyon manat az olub.


DSMF sədri nəzərə çatdırıb ki, bu dövrdə Fondun xərcləri 905,8 mln. manat təşkil edib. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 97,8 faizi və ya 886, 4 mln. manatı yönəldilib ki, bu da əvvəlki ilin ilk 6 ayına nisbətən 14 faiz çoxdur. Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri də genişləndirilib. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 98,7 faizi, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99,4 faizi pensiyasını plastik kartlarla alır. İlin ilk yarısında ehtiyac olan ərazilərdə əlavə olaraq 10 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 507-yə çatdırılıb.


Geniş kollegiya iclası Fondun orqanları üzrə hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam etdirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti ətraflı müzakirə olunub. Müzakirələr zamanı sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün tapşırıqlar verilib.


İclasda iyulun 1-dən etibarən tətbiq olunan pensiya artımları ilə bağlı əhalinin yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi də müzakirə edilib, şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması, vətəndaşların məhdudiyyətsiz qəbul olunması və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsinin təmin olunması barədə ciddi tapşırıqlar verilib. Kollegiya iclasında həmçinin fəaliyyətlərində nöqsanlara yol verən Fondun yerli orqanlarının vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar da qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar