ARDNŞ İstanbul və Ankaranın qaz paylama sistemini nəzarətə götürəcək
03 dekabr 2010 10:25 (UTC +04:00)

ARDNŞ İstanbul və Ankaranın qaz paylama sistemini nəzarətə götürəcək

Lent.az-ın Türkiyənin “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, bunu türkiyəli jurnalistlərlə görüşdə ARDNŞ-in sərmayə yatırımları bölməsinin rəhbəri, eyni zamanda “Petkim” şirkətinin İdarə Heyətinin rəhbəri Vaqif Əliyev söyləyib.

Vaqif Əliyev bildirib ki, ARDNŞ Türkiyənin İstanbul və Ankara şəhərlərinin qaz paylama sistemi ilə maraqlanır. ARDNŞ İstanbul Qaz Paylama Sənaye və Ticarət Anonim Şirkəti (İGDAŞ) və Ankarada qaz paylama sisteminə nəzarət edən Başken Doğalqaz AŞ (Başkentqaz) şirkətlərinin satış prosesini yaxından izləyir.

Vaqif Əliyev bildirib ki, ARDNŞ Türkiyənin “Petkim” şirkətini aldıqdan sonra Türkiyədə yeni sərmayə qoyuluşlarında qərarlıdır: “İGDAŞ bizim üçün çox cəlbedicidir. Türkiyədə ortağımız var, “Socar-Turcas” bir holdinq halına gəldi. Niyə qaz payalama sistemində iştirak etməyək?”.

Jurnalistlər Ankaraya “Başkentgaz”ın satışı ilə bağlı tenderdə Mehmet Kazancı və Mehmet Emin Karamehmetin şirkəti MMEKA-nın qalib gəldiyini xatırlatsalar da, Vaqif Əliyev bildirib ki, bu iki ortağın maliyyə tapmaqda sıxıntı çəkdikləri barədə xəbərlər var: “Karamehmet ilə ortaqlığımız yoxdur, ancaq ola bilər. Bizi daha uzun illər Türkiyədə görəcəksiniz. Nefti olan yanacaqdoldurma stansiyaları tikmək istəyər. Qazı olan onu çıxarmağı, daşımağı, satmağı və paylaşdırmağı düşünür. Yuxarıda da dediyim kimi, xüsusən İGDAŞ bizim üçün cəlbedicidir. İstanbulda nə qədər istehlak olunduğunu bilirik, başqa detallar haqqında da məlumatımız var. Bu məsələyə marağımızı da gizlətmirik. Addım-addım Türkiyə bazarında irəliləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar