(R)  Frederik Fleju: “Məqsədimiz zamanın tələblərinə cavab verməkdir” - MÜSAHİBƏ
23 noyabr 2010 10:45 (UTC +04:00)

(R) Frederik Fleju: “Məqsədimiz zamanın tələblərinə cavab verməkdir” - MÜSAHİBƏ

2010 il 14 oktyabrda dünyanın ən iri sığorta şirkətlərindən biri olan "AXA Group" özünün törəmə cəmiyyəti olan "AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros" (İspaniya) şirkəti vasitəsilə "MBASK" Sığorta Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 faiz) əldə etdi. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, nizamnamə kapitalının 49 faizinə bərabər olan səhmlərin qalan hissəsi şirkətin səhmdarı Eldar Qəribovda qaldı. "AXA Medla Region" (Aralıq dənizi və Latın Amerikası Regionu) şirkətinin yeni bazarların inkişafı üzrə direktoru Frederik Fleju əməkdaşımızla söhbətində şirkətin perspektiv planları barədə danışıb.

- Cənab Fleju, "AXA Group" sərmayə qoyuluşu üçün Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri sırasında niyə məhz "MBASK" sığorta şirkətini seçdi?

- Təbii ki, sərmayə qoyuluşu barədə qərar verməzdən öncə biz "MBASK"ın maliyyə göstəriciləri, şirkətin təklif etdiyi xidmətlər, mövcud filial şəbəkəsi, eyni zamanda, işçi heyətinin tərkibi ilə yaxından tanış olduq. Bütün bu göstəricilər maraqlarımıza uyğun olduğu üçün məhz "MBASK" sığorta şirkətini tərəfdaş kimi seçdik.

- "MBASK" sığorta şirkətinin yaxın illər üçün hazırlanmış strateji planında nəzərdə tutulan əsas hədəflər hansılardır?

- Bizim strateji planda əsas üç məsələyə xüsusi önəm verilir. Bunlardan birincisi müştəri xidmətlərinin inkişaf etdirilməsi ilə bağlıdır. Şirkət müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltməlidir ki, bazarda fəaliyyət göstərən digər sığorta təşkilatlarının xidmətlərindən fərqlənsin. Biz düşünürük ki, şirkətin uğurlu fəaliyyəti üçün bu əsas elementlərdən hesab olunur. Eyni zamanda, müştəriləri razı salmaq üçün müvafiq sığorta alətlərindən və metodologiyadan istifadə olunmalıdır. İkinci əsas istiqamət şirkətin pərakəndə xidmət üçün müvafiq filial şəbəkəsinin yaradılmasıdır. Bununla yanaşı, peşəkar vasitəçilik agenti deyilən bir alət var ki, bunun da tətbiqi planlaşdırılır. Lakin ilkin olaraq sınaq dövrünü keçəcəyik. Çünki Azərbaycanın sığorta bazarı işlədiyimiz digər xarici bazarlarla müqayisədə bir qədər fərqlidir. Buna görə ilk növbədə, Azərbaycan sığorta bazarının ehtiyaclarını öyrənib, sonra buna adaptasiya olmalıyıq. Buna nail olmaq üçün "MBASK" sığorta şirkətinin işçi heyətindən də istifadə edəcəyik.
Növbəti əsas hədəfimiz isə "MBASK"ın bank sahəsindəki təcrübəsini daha da genişləndirməkdən ibarətdir.

- Şirkətin səhmdarlarının ümumi yığıncağında həyat sığortası üzrə ixtisaslaşmış şirkətin yaradılması məsələsi müzakirə edilibmi? Ümumiyyətlə, toplantıda hansı məsələlərə baxılıb?

- Səhmdarların növbədənkənar iclası Direktorlar Şurası və İdarə Heyətinin tərkibində aparılan dəyişikliklərlə bağlı olub. İclasda səhmdarların qərarı ilə "MBASK" sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsinə Yavuz Ölkən, Maliyyə Departamentinin direktoru vəzifəsinə isə Səlcuk Adıgözəlin namizədlikləri irəli sürülüb. Bununla yanaşı, Direktorlar Şurasının tərkibində də dəyişiklik edilib. Hazırda şirkətin Direktorlar Şurasında Eldar Qəribov sədr vəzifəsində qalmaqla, üç nümayəndə "AXA Group"u təmsil edəcək.
Bundan başqa, iclasda şirkətin rebrendinqinin aparılması məsələsi də əsas müzakirə obyekti olub.
"MBASK" brendi Azərbaycanda yaxşı tanındığı üçün biz bura yalnız "AXA" brendini əlavə etməyi düşünürük. Səhmdarlar tərəfindən həyat sığortası üzrə yeni sığorta təşkilatının yaradılması məsələsi də müzakirə edilib. Bu sahə tam araşdırıldıqdan sonra şirkət tərəfindən konkret qərar veriləcək. Qeyd edim ki, səhmdarların növbəti görüşündə "AXA Group"un təmsilçiləri həyat sığortası üzrə fəaliyyət və digər məsələlərlə bağlı geniş biznes-plan təqdim edəcək.

- "AXA Group" sığorta şirkəti "MBASK"ın nizamnamə kapitalında nəzarət səhm paketinə malikdir. "MBASK"ın nizamnamə kapitalının artırılması ilə bağlı yaxın perspektiv üçün konkret planları varmı?

- Buna hazırda konkret cavab verə bilməyəcəm. Çünki bu, birbaşa idarə Heyəti
tərəfindən hazırlanacaq biznes-plandan asılı olacaq. Güman edirəm ki, ehtiyac yaranarsa, nizamnamə kapitalının artırılması məsələsinə baxıla bilər.

- "AXA Group" təcrübəsini nəzərə alaraq Azərbaycan bazarına hansı yeni sığorta alətləri çıxarıla bilər?

- Bizim əsas və ilk məqsədlərimizdən biri müştəriləri düzgün seqmentasiya etməkdir. Həmin müştərilərin ehtiyaclarını seqmentlər üzrə dəqiqləşdiririk, bundan sonra göstərilən xidmətlər bu ehtiyaclara uyğunlaşdırılır. İkinci proses aparılan şirkətdaxili işlərlə bağlıdır. Burada İT sahəsi və texniki vasitələr elə təşkil olunmalıdır ki, müştərilərlə şirkətin işçiləri arasındakı əlaqə minimuma endirilsin. Bir çox xidmətlərin müştərilər tərəfindən on-line rejimdə əldə olunması təşkil edilməli, eyni zamanda, xidmətlərin sürəti və səmərəliliyi artırılmalıdır.
Qeyd edim ki, faktiki olaraq "MBASK" bazara bütün sığorta növlərini təqdim edib. Sadəcə olaraq biz bu məhsulların mahiyyətində bir sıra dəyişiklik apara bilərik.

- "AXA Group"un Azərbaycan bazarında digər sığorta şirkətlərinin nizamnamə kapitalında iştirak payı almaq niyyəti varmı?

- Buna hazırda aktual bir məsələ kimi baxmırıq. Düşünürəm ki, yaxın gələcəkdə biz, ilk növbədə, diqqətimizi "MBASK" sığorta şirkətinin inkişaf etdirilməsinə yönəldəcəyik. Digər sığorta şirkətinin nizamnamə kapitalında iştirak payının alınması məsələsinə gəldikdə, biz bu barədə düşünmürük.

- Azərbaycan sığorta bazarının hazırkı vəziyyəti və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- İlk növbədə səciyyəvi xüsusiyyət olaraq demək istəyirəm ki, Azərbaycan sığorta bazarı hələ tam formalaşmayıb. Ümumiyyətlə, «AXA Group» hər hansı xarici sığorta bazarını araşdırarkən həmin bazarın ÜDM-dəki payına diqqət yetirir. Hazırda Azərbaycanın sığorta bazarı ÜDM-in 0,5%-ni təşkil edir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə sığortanın ÜDM-də payı təxminən 8% səviyyəsindədir ki, buna da yalnız bəzi ölkələr nail olub. Bu isə o deməkdir ki, Azərbaycan bazarında kifayət qədər böyük inkişaf potensialı mövcuddur və bundan hələ istifadə olunmayıb. Birinci əsas məsələ kimi bu boşluğun mövcudluğu səbəblərini araşdırılması ilə bağlıdır. Daha sonra potensialdan istifadə üsullarını müəyyən etməliyik. Biz Azərbaycanda əhalinin tələbatını dəqiqləşdirmək, sonra isə əhalinin sığorta sahəsində maarifləndirilməsi işini həyata keçirmək niyyətindəyik.

- Hazırda təklif olunan sığorta proqramlarının hansılarını "MBASK" bundan sonra genişləndirmək niyyətindədir?

- Qeyd edim ki, biz Azərbaycanda daha çox fərdi və pərakəndə sığorta məhsullarının satışı ilə məşğul olmaq niyyətindəyik. Konkret olaraq bildirmək istərdim ki,
mahiyyəti genişləndiriləcək və daha da inkişaf etdiriləcək məhsullara "Avtomobillərin sığortası", "Fərdi qəza sığortası" və "Əmlak sığortası" növləri aiddir.

- Fərdi sığorta sahəsində fəaliyyətin genişləndirilməsi üçün hansı addımlar atıla bilər?

- Bunun üçün ilk növbədə, "MBASK" sığorta şirkətində İT sistemi təkmilləşdirilməli və daha effektiv təşkil olunmalıdır. Bütün bu işlərin nəticəsində müştərilərlə
şirkətin əməkdaşları arasındakı ünsiyyət minimuma endiriləcək. Fərdi sığorta fəaliyyətinin genişləndirilməsi üçün sığorta şəhadətnamələrinin on-line satışı təşkil
olunmalı, eyni zamanda, şirkətdə anderraytinq sistemi asanlaşdırılmalıdır. Bununla yanaşı, fiziki şəxslərə xidmət göstərəcək şəbəkənin genişləndirilməsi də vacib amillərdən hesab olunur.
Əgər biznesin 80 faizini korporativ müştərilərə yönəltsək biz müəyyən riskə məruz qalmış olarıq. Çünki korporativ müştərilər də sabit müştərilər deyil və onların maliyyə vəziyyəti dəyişkən olur. Bu baxımdan, biz hər iki müştəri qrupu üzrə tarazlanmış yanaşmaya üstünlük veririk.
Hesab edirəm ki, "MBASK" kimi güclü və etibarlı oyunçunun yerli nüfuzunu və təcrübəsini, qlobal sığorta biznesinin lideri olan "AXA"nın mövqeyi, texniki innovasiyaları və işgüzar imkanlarını birləşdirməklə Azərbaycan bazarında müştərilərimizə keyfiyyətli xidmət göstərə biləcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar