Qoruqda ağac qırıntısı təsdiqlənməyib
18 oktyabr 2010 12:45 (UTC +04:00)

Qoruqda ağac qırıntısı təsdiqlənməyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində qəzaya uğramış maşın vasitəsilə qanunsuz kəsilmiş ağac materialının daşınması barədə qurumun elektron poçtuna daxil olmuş məktub və fotoşəkilləri araşdırıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, oktyabrın 7-də Ramiz Xəlilov adlı vətəndaşdan göndərilən məktub və şəkillərdə tranzit yolda qəzaya uğramış maşınla “guya” qanunsuz kəsilmiş ağac materialının daşındığı göstərilirdi. Zaqatala Dövlət Təbiət Qoruğundan verilən məlumatda isə “URAL” markalı yük avtomobilinin törətdiyi qəzanın Zaqatala Dövlət Təbiət Qoruğunun deyil, eyni adlı Yasaqlığın “Axkimal” adlanan sahəsinin 1 saylı dolayının 115-ci kvartalında, geoloji kəşfiyyat işləri aparılan əraziyə gedən yolda baş verib.

Zaqatala Dövlət Yasaqlığının ərazisində qanunsuz ağac kəsilməsi və daşınması ehtimalının olduğunu yoxlamaq məqsədilə nazirlik tərəfindən komissiya yaradılaraq yerində araşdırma aparılıb. Araşdırmada iştirak etmək və məktubda qeyd etdiyi, eyni zamanda fotoşəkillərdə göstərdiyi (guya, ağac kəsintisi olan) əraziləri komissiya üzvlərinə göstərmək üçün Ramiz Xəlilovun elektron poçt ünvanına məktub göndərilib. Lakin müraciət müəllifinə ünvanlanan dəvət cavabsız qalıb.

Nazirlikdə bildirirlər ki, qanunvericiliyə əsasən, qoruqlardan fərqli olaraq, yasaqlıq ərazisində bir sıra fəaliyyətlərə icazə verilir. Həmin ərazidəki yol da istifadəyə açıqdır və bu yol əhalinin yay-otlaq sahələrinə getməsi üçün tranzit yol kimi istifadə olunur. Komissiya tərəfindən hadisə baş verən ərazidə meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılan zaman meşə sahəsində qanunsuz qırıntı faktı aşkarlanmayıb. Lakin qəza zamanı 45-50 dərəcəli maillikdə 120-130 metr məsafə boyunca maşının aşması nəticəsində 8 ədəd müxtəlif cinsli ağacların zədələnməsi müəyyən edilib.

Baş vermiş qəza ilə bağlı Balakən rayon polis şöbəsində cinayət işi açılıb, istintaq aparılır. Polis şöbəsi fotoşəkillərdə göstərilən odunla yüklü avtomaşının “ZIL-131” markalı, qəzaya düşən avtomaşının isə “URAL” markalı olduğunu komissiyaya bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar