Maliyyə naziri “sair xərclər”dən danışdı
13 oktyabr 2010 15:45 (UTC +04:00)

Maliyyə naziri “sair xərclər”dən danışdı

“Bəzi deputatların 2011-ci il dövlət büdcəsi layihəsində “sair xərclər” bölməsi ilə bağlı ifadə etdikləri narahatlıqlara aydınlıq gətiriləcək”.

Lent.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin gələn ilin büdcə layihəsinin müzakirəsinə həsr olunmuş iclasında bildirib. Nazir layihədə nəzərdə tutulmuş “sair xərclər” bölməsinə daxil olan vəsaitlərin təsnifatını açıqlayaraq deyib ki, bura ilk növbədə ehtiyat pulları daxildir: “Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondu mövcuddur. Bu iki fonda üst-üstə 260 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Digər tərəfdən, daha iki fond var və onlar iri məqsədli büdcə fondlarıdır. Bunlardan biri Avtomobil məqsədli Büdcə Fondu, digəri isə dövlət zəmanəti ilə alınan borcların təminatı Fondudur. Bu fondlara həmin təsnifat üzrə 270 milyon manat vəsait ayrılıb”.

Nazir deyib ki, “sair xərclər” bölməsində nəzərdə tutulan digər xərclər müdafiə potensialının gücləndirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu xərclərə xüsusi müdafiə təyinatlı layihələr üzrə xərclər aiddir: “Mövcud qanunvericiliyə uyğun olaraq, müdafiəyə ayrılan xərclər xüsusi məxfi xərclər hesab olunur. Ona görə də bu xərclərin açıqlanmaması məntiqlidir. Müharibə şəraitində olan, işğala məruz qalan ölkə üçün bu, normal yanaşmadır”.

Samir Şərifov qeyd edib ki, “sair xərclər”lə bağlı əlavə açıqlamalara ehtiyac varsa, bunları da etmək olar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar