Azərbaycan və Kuba İKT sahəsində hökumətlərarası saziş imzalayıblar
11 oktyabr 2010 20:11 (UTC +04:00)

Azərbaycan və Kuba İKT sahəsində hökumətlərarası saziş imzalayıblar

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, 8 oktyabr tarixində Kubanın Havana şəhərində İKT üzrə Kuba-Azərbaycan biznes forumu keçirilib, iki ölkə arasında İKT üzrə qarşılıqlı əlaqələr müzakirə olunub, Kubanın aparıcı İnformasiya Elmləri Universitetində iki ölkə arasında elmi nailiyyətlərin mübadiləsinə dair razılıq əldə olunub.

Daha sonra, Kuba baş nazirinin müavini, rabitə və informasiya naziri ilə görüş keçirilib, qarşılıqlı əlaqələr müzakirə olunub və İKT sahəsində hökumətlərarası saziş imzalanıb. Sazişdən irəli gələn müddəaların yerinə yetirilməsi üçün hər iki tərəfdən işçi qrupları yaradılıb və elə həmin gün işçi qrupunun birinci iclası keçirilib.

Oktyabrın 9-da isə Kubanın Poçt Administrasiyasında görüş keçirilib, Azərbaycanın poçt sektorunda əldə etdiyi nailiyyətlər barədə məlumatlar verilib, fikir mübadiləsi aparılıb. Elə həmin gün Kubanın vitse-prezidenti Rikardo Kabrisas Ruiz Azərbaycanın nümayəndə heyətini qəbul edib. Səfərin baş tutmasına görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edən vitse-prezident Azərbaycan tərəfindən Kubanın İKT sektoruna investisiya qoyuluşunu, Azərbaycan kompüterlərinin Kubada istehsalı və Cənubi Amerika bazarında satışını, Kubada internet xidmətlərinin genişləndirilməsi məsələlərini təşviq edib, iki ölkə arasında imzalanmış sazişdən irəli gələn müddəaların icrası üçün Kubanın müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vitse-prezident Azərbaycan-Kuba iqtisadi münasibətlərinin gücləndirilməsində bu səfərin, səfər müddətində imzalanmış sazişin və aparılan danışıqların mühüm əhəmiyyətə malik olacağını xüsusi vurğulayıb.
Qeyd edək ki, görüş və toplantılarda Azərbaycanın Kubadakı səfiri Aqşin Mehdiyev və həmin ölkədəki müvəqqəti işlər vəkili İlham Ağayev iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar