Gəlirlərə nəzarət indeksi açıqlandı
08 oktyabr 2010 11:05 (UTC +04:00)

Gəlirlərə nəzarət indeksi açıqlandı

Gəlirlərə Nəzarət İnstitutu (GNİ) və Beynəlxalq Şəffaflıq (BŞ) təşkilatı hökumətin neft, qaz və mədən sənayesində idarəetməsinin açıqlığının ilk qiymətləndirilməsini təqdim edib.

Lent.az-ın məlumatına görə, əhəmiyyətli resurslar barədə detallı informasiyanı ictimaiyyət üçün daha geniş açıqladığı üçün 41 ölkə arasında Braziliya və Norveç ən yüksək pillədə yerləşib. Rusiya, Meksika və Çili müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerdə qərarlaşıb. Təbii resursların əsas istehsalçıları arasında əsaslı müqayisəyə imkan verən Gəlirlərə Nəzarət İndeksinə görə, Azərbaycan 9-cu yerdə qərarlaşıb. Türkmənistan isə Ekvatorial Qvineya və Konqo Demokratik Respublikasından sonra ən aşağı pilləni tutub. 56 səhifəlik hesabatda 41 ölkənin hökumətinin neft, qaz və digər faydalı qazıntıların işlənilməsi üçün əldə etdiyi gəlirlərin, kontraktların və digər bəsit məlumatların ictimaiyyətə açıqlanması müqayisə olunub. Demək olar ki, bütün bu ölkələrdə faydalı qazıntılar ictimai əmlakdır və gəlirlər vətəndaş adından hökumətə etibar edilərək idarə edilir.

“Biz aydınlaşdırdıq ki, əksər ölkələrdə hökumət vətəndaşlara iqtisadiyyatın bu cür əhəmiyyətli sahəsi haqda az məlumat verir” - GNİ Direktoru Karin Lissakers Vaşinqtonda İndeksi təqdim edərkən qeyd edib. “İnformasiyaya çıxış olmadan ictimaiyyətin hökumət tərəfindən resursların idarə edilməsinə və xərcləməsinə təsiri çox məhduddur.

Beynəlxalq Şəffaflıq təşkilatının qlobal proqram direktoru Kristian Purtman qanun hazırlayan qurumları və vətəndaş cəmiyyətini indeksdəki boşluqları diqqət mərkəzində saxlamağa və daha çox açıqlıq üçün spesifik islahatları dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, neft, qaz və mədən sənayesi qlobal iqtisadiyyatda həlledici əhəmiyyətə malikdir. Neft və neft məhsulları dünya ticarətinin 15 faizini təşkil edir. Həmçinin, neft və mədən sənayesi indeksə daxil edilmiş ölkələrdə ümummilli məhsulun 80 faizinədək təşkil edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar