DəmirBank: 21 illik uğurlu fəaliyyət
06 oktyabr 2010 15:12 (UTC +04:00)

DəmirBank: 21 illik uğurlu fəaliyyət

Azərbaycanın ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə fəaliyyətə başlayan, bu günədək böyük inkişaf yolu keçən və bir çox mühüm nailiyyətlər əldə edən DəmirBank hazırda ölkənin aparıcı banklarından biridir.

Ölkənin müstəqilliyi ərəfəsində və müstəqil dövlətimizin ilk illərində bir çox çətinlikləri geridə qoyaraq, sonrakı illərdə ölkədə yaranan sabitlik və iqtisadi inkişaf şəraitində DəmirBank fəaliyyətini genişləndirərək on minlərlə müştəriyə ən geniş çeşiddə xidmətlər göstərən universal bir banka çevrilmişdir.

Bankın tarixi nailiyyətləri sırasında böyük beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankının 2005-ci ildən “25% + 1 səhm” paketi ilə, 2007-ci ildən isə 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkətinin Bankın səhmdarları sırasına daxil olmasını qeyd etmək olar. Bu tarixi nailiyyət DəmirBank-ın fəaliyyətinə və uğurlarına beynəlxalq səviyyədə yaranmış etibarı və inamı əks etdirib. Bankın inkişafının sürətlənməsi və institusional inkişafın daha yüksək səviyyəyə qalxması baxımından bu hadisə böyük əhəmiyyətə malik olub.

2004-cü ildə DəmirBank ölkənin özəl bankları sırasında ilk dəfə olaraq beynəlxalq reytinq almışdır. DəmirBank hazırda Fitch Ratings agentliyinin “stabil” proqnozu ilə “B-“ və Planet Rating agentliyinin “pozitiv” proqnozu ilə “B+” reytinqinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinqlər üzrə proqnoz isə Bankın gələcəkdə uğurlu inkişafını əks etdirir.

DəmirBank ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda 29 filialı fəaliyyət göstərir, bunlardan 13-ü Bakı şəhərində, 16-sı isə ölkənin digər regionlarında yerləşir. DəmirBank hazırda on minlərlə müştəriyə geniş çeşiddə bank xidmətləri göstərir.

DəmirBank kreditləşmə və ticarətin maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Bankın əsas tərəfdaşları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, USAID və sair beynəlxalq maliyyə təşkilatları daxildir.

DəmirBank Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə də fəal əməkdaşlıq edir. Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin əmanətlərinin sığortalanmasını təmin edir.

Geniş təcrübəsindən istifadə edərək DəmirBank son illərdə fəaliyyətini gücləndirmək məqsədi ilə bir çox mühüm strateji işlər həyata keçirir. Uzun illər Azərdəmiryolbank adı ilə fəaliyyət göstərən Bank ötən ilin sonundan etibarən DəmirBank adı ilə fəaliyyətini həyata keçirir. 20 illik yubileyi ilə birgə rebrendinq kampaniyasını həyata keçirmiş DəmirBank rebrendinqlə bağlı işləri bu ilin sonunadək tamamlamağı nəzərdə tutur.

DəmirBank hazırda institusional inkişaf, korporativ idarəetmənin inkişafı, əməliyyat mühitinin yaxşılaşdırılması, risklərin idarə edilməsi və daxili auditin təkmilləşdirilməsi, müştəri xidməti keyfiyyətinin yaxşılaşdırılması, kredit məhsulları və digər xidmətlər çeşidinin genişləndirilməsi, kadr potensialının gücləndirilməsi, filial şəbəkəsinin genişləndirilməsi, Bankın yeni korporativ üslubunun tətbiqi və digər istiqamətlərdə mühüm işlər həyata keçirir. Bank müxtəlif istiqamətlərdə IFC, USAID və digər beynəlxalq təşkilatların texniki konsaltinq dəstəyindən geniş istifadə edir.

DəmirBank həmçinin beynəlxalq səhmdarları olan Avropa Yenidənqurma və İnkişafı Bankının və Hollandiya İnkişaf Maliyyə Şirkətinin dəstəyi ilə “SAP for Banking” proqram təminatının tam paketinin tətbiqi sahəsində işlərə başlayıb. DəmirBank Azərbaycanda və Cənubi Qafqazda banklar arasında ilk dəfə “SAP for Banking” proqram təminatını tətbiq edəcək. Bu proqram Bankın fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan verəcək.

DəmirBank fəaliyyətinin 21 illiyi münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarının, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkür edir və yeni uğurlar arzulayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar