Dollar kəskin ucuzlaşıb
06 oktyabr 2010 13:11 (UTC +04:00)

Dollar kəskin ucuzlaşıb

Dünya bazarlarında ABŞ valyutasının ucuzlaşması özünü Azərbaycanda da göstərir.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, ölkəmizdə dolların manata nisbətən rəsmi məzənnəsi son 22 ayda ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə isə oktyabrın 6-da dolların manata nisbətən rəsmi məzənnəsi manat 80,22 qəpik müəyyən edilib. Bu, 11 yanvar 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 dollar 80,17 qəpiyə bərabər olub.

Ötən ay dollar manata nisbətən 0,2 faiz ucuzlaşıb. Belə ki, sentyabrda dolların rəsmi məzənnəsi 80,38 qəpikdən 80,26 qəpiyə düşüb. Ümumilikdə 2010-cu ilin ötən 10 ayı ərzində manat dollara nisbətən 0,1 faiz bahalaşıb.

Xatırladaq ki, 2009-cu ildə ümumilikdə milli valyutamız ABŞ dollarına nisbətən 0,2 faiz ucuzlaşıb. Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib. Oktyabrın 6-da Avropa valyutasının rəsmi məzənnəsi 1 manat 11,12 qəpiyə yüksəlib. Bu, son 8 ayda ən yüksək məzənnədir. Belə ki, sonuncu dəfə fevralın 4-də (1 manat 11,58 qəpik) avro bu həddə olub. Ancaq cari ildə avro manata nisbətən 3,4 faiz ucuzlaşıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Azərbaycanda dolların ucuzlaşmasını dünya maliyyə bazarında gedən proseslərlə əlaqələndirir. Onun sözlərinə görə, hazırda dünyada ekspertlərin “valyuta müharibəsi” adlandırdığı bir savaş gedir: “ Artıq beynəlxalq təşkilatlar, o cümlədən BVF tərəfindən bu təsdiq edilib. Əksər ölkələr böhrandan yaranmış iqtisadi problemlərini həll etmək üçün milli valyutalarının süni şəkildə ucuzlaşdırırlar və bu məzənnədən bir alət kimi istifadə edirlər. Bu isə həmin ölkələrin əsas ticarət tərəfdaşlarında narazılıq yaradır. Ən əsası bu addımın yayılması ümumilikdə özünə gəlməmiş dünya iqtisadiyyatının artım tempini yavaşıdır. Burada təkcə inkişaf etməkdə olan yox, eyni zamanda inkişaf etmiş ölkələr də bu siyasətə qatılır. Məsələn, bu günlərdə əsas ixracatçılardan olan Yaponiya iyenanı ucuzlaşdırmaq üçün uçot dərəcəsini sıfıra endirdi. ABŞ da öz növbəsində büdcə kəsiri və borc problemlərinin həll etmək üçün dolları ucuzlaşdırır”.

Əslində dolların ucuzlaşmasının gözlənilən olduğunu bildirən ekspert bunu müvəqqəti hal kimi dəyərləndirir. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı hələ də özünə gəlməyib və büdcə kəsiri getdikcə böyüyür: “ABŞ-ın dövlət borcu da günbəgün rekord vurur və işsizlik problemi həllinin tapa bilməyib. Üstəlik əsas ticarət tərəfdaşı olan Çinin milli valyutasının süni surətdə ucuzlaşdırması iqtisadi artımı ləngidir. Bu baxımdan dolların ucuzlaşması bir növ çıxış yoludur”.

Samir Əliyev deyir ki, dolların ucuzlaşması siyasətini ABŞ zaman-zaman həyata keçirib. Ancaq onun fikrimcə, bu, uzun çəkməyəcək və ilin sonuna doğru dollar bir qədər möhkəmlənəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar