Ölkədə taxıl istehsalı 34% azalıb
21 sentyabr 2010 15:26 (UTC +04:00)

Ölkədə taxıl istehsalı 34% azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda 935,1 min hektar dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) sahəsi biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 1 856,7 min ton taxıl toplanıb. Hər hektardan orta hesabla 19,9 sentner məhsul götürülüb.


Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dənli və paxlalıların ümumi sahəsinin 99,7%-i biçildiyi halda, dən üçün qarğıdalı sahəsinin yalnız 35,2%-nin və yaxud 10,5 min hektarının məhsulu toplanıb. Qıçaları quru dənə çevirməklə bu sahələrdən 41,6 min ton məhsul toplanıb. Qarğıdalı nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 1 898,3 min ton olub və ötən ilin eyni dövr ilə müqayisədə taxıl istehsalı 34,2% azalıb.


Mövsüm ərzində təsərrüfatlarda 650,7 min ton kartof, 11,8 min ton günəbaxan, 930,5 min ton tərəvəz, 375,5 min ton bostan məhsulları, 248,1 min ton meyvə və giləmeyvə və 23,2 min ton üzüm istehsal edilib. Təsərrüfatlarda eyni zamanda 1 771,2 ton (31,5% çox) tütün yarpağı və 380,2 ton (+25,2%) yaşıl çay yarpağı toplanıb.


Bununla yanaşı, cari ilin payızlıq əkinləri üçün 176,5 min hektar sahədə şum qaldırılıb.
Cari ilin səkkiz ayı ərzində diri çəkidə 206,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,4% çox ət, 994,5 min ton və ya 5,6% çox süd istehsal edilib, həmçinin 14 min ton və ya 4,6% çox yun qırxılıb, yumurta istehsalı isə 794 mln. ədəd olmaqla keçən ilə nisbətən 1,8% azalıb.


Yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8%, o cümlədən bitkiçilik məhsulları üzrə 14,2% azalıb, heyvandarlıq məhsulları isə 5,2% artıb.


Sentyabrın 1-i vəziyyətinə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 920 min manat olub.

Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən isə 61 min manat dəyərində balıq ovlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar