<span style="color:red;">SİRR AÇILDI:  “Məni ölməmiş dəfn etdilər...” -<span style="color:red;"> İNTERNAT DRAMI
14 aprel 2016 18:23 (UTC +04:00)

SİRR AÇILDI: “Məni ölməmiş dəfn etdilər...” - İNTERNAT DRAMI

 

Ona həyat hekayəsini yazmaq istədiyimi deyəndə “Sən ki şoudan yazmırsan?!” dedi.

 

- Sənin taleyin şou deyil axı...

 

- Nə olsun? Taleyim nə qədər ağır, məşəqqətli olur-olsun, haqqımda nə yazsan, şouya çevriləcək. İnsanlar heç oxumadan qınayacaqlar...

 

- İnsanlar öz əsərlərini dinləməyi yox, ittiham etməyi sevir, ona görə...

 

Elə buna görə də adını dəyişib, Cabir etdik. Stilist Samir Əliyev. Siz onu Samiraldo kimi də tanıyırsınız. Həmişə pozitiv görünən Samir, “Nə edim, dərdi olan gərək çox deyib-gülsün” deyir... Onu tanıdıqca bir daha əmin oldum, laqeydlik bəşəriyyət üçün ən azı atom silahı qədər təhlükəlidir... İnsanlar laqeydliklə nə ömürləri yarıda qoyublar...

 

...Çəkiliş üçün bilərəkdən xarabalığı seçdik. İkimizi də bu xarabalıq birləşdirir. Mən, “Ruhlar şəhəri”nin övladıyam. İndi viran qalmış bir keçmişim var. Onunsa keçmişində öz “xarabalıqları” var... Samir, dağıntılar arasından sağ çıxan insana bənzəyir...

 

***

 

Əvvəli: I hissə, II hissə, III hissə, IV hissə

 

V hissə:

 

- Polis bölməsində nə qədər qaldınız?

 

- Bir gecə. Səhər açılanda buraxdılar.

 

- İncitmədilər?

 

- Yox, əksinə sevindim ki, buradayam. Ən azından isti yerdə yatdım, qəpiyim də cibimdə idi... Səhər yenə gəldim nazirliyə, yenə eyni münasibət... Xatırlamıram, artıq neçənci dəfə idi, nazirlikdə bir nəfərlə qarşılaşdım... Bu görüş həyatımı dəyişdi...

 

- Kim idi ki, o?

 

- Bu günə qədər də bilmirəm. Özü yaxınlaşıb soruşdu ki, sən kimsən? Görürəm elə günün buralarda keçir.... Apardı məni kabinetinə, ona bütün başıma gələnləri danışdım. Dedim, vəziyyətim çox ağırdır. Kiməsə zəng edib danışdı, sonra dedi ki, bir nəfər sənə kömək edəcək. Mənə bir manat da yol pulu verib, göndərdi Gənclər və İdman Nazirliyinə. Orada Əbulfəs Qarayev məni qəbul edib, dinlədi. Heyrətə gəlmişdim ki, necə sadə insandır... Sonra dəhlizdə gözlədim, çağırıb dedi ki, maşın aşağıda səni gözləyir. Yenə qorxdum, internat yadıma düşdü. Başladım ki, “yox, yox, mən heç nə eləməmişəm axı” deməyə... Narahat olma, səni yerlə də, işlə də təmin edəcəklər, dedi... Beləcə, Zuğulbada yerləşən “Gənclik” Beynəlxalq Turizm Mərkəzində işləməyə, eyni zamanda da yaşamağa başladım.

 

- Turizm Mərkəzində nə iş görürdünüz?

 

- Orada çoxlu tədbirlər olurdu, mən köməkçi idim. Direktor, rəhmətlik Lüdviq müəllim çox yaxşı insan idi... Mənə artıqlaması ilə maaş yazırdı. Üstəlik, katibəsini çağırıb tapşırdı ki, mənə təzə paltarlar alınsın... Öz otağım, gündə üç dəfə yemək, turistlərə verilən ən yaxşı yeməklər... Bir sözlə, Qızıldaşa qayıtmadım... Heç arxasınca qayıtmağa əşyam da yox idi. Bir pasportum idi, bir də arasında atamın məktubu. O da itməsin deyə kadrlar şöbəsində idi, gedib götürdüm...

 

- Burada nə qədər yaşadınız?

 

- Burada əvvəl hər şey yaxşı idi. Amma həmişə belə olub ki, allah mənim qarşıma yaxşı adam çıxardan kimi, qısa bir müddətdə onu məndən alıb... Bir gün dedilər ki, Lüdviq müəllim ağır xəstədir, beynində xərçəng var və Almaniyaya müalicəyə gedir... Onda mənim qara günlərim başlandı. Kimlər ki, mənə paxıllıq edirdi, indi fürsətdən istifadə edib başladılar məni incitməyə.

 

- Sizə niyə paxıllıq edirdilər ki?

 

- Lüdviq müəllim çox rəhmli insan olduğu üçün mənə artıqlaması ilə maaş yazmışdı. Ona görə də çox adam mənə paxıllıq edirdi... Elə bil ki, hamı 50 dollar maaş alırdısa, mən 100 dollar alırdım.

 

- Lüdviq müəllim müalicədən qayıtdı?

 

- Uzun müddət müalicə olundu. Qayıdanda məni çağırtdırdı, gördü hələ də onun aldırdığı paltarlardayam... Yenə katibəsinə pul verib tapşırdı ki, mənə paltar alsınlar. Özü gəzə bilmirdi, arvadı ilə gəlmişdi... Arvadının da niyəsə məndən xoşu gəlmirdi.

 

- O niyə?

 

- Çünki Lüdviq müəllim xəstə ola-ola mənim qayğıma qalır, halımı soruşurdu. Allah ona qəni-qəni rəhmət eləsin, onun bu yaxşılığını heç vaxt yaddan çıxartmaram...

 

***

 

Danışmağa çətinlik çəkirdi:

 

- Samir, mənim vəziyyətim çox ağırdır. Mən öləcəyəm...

 

- Elə deməyin, Lüdviq müəllim...

 

- Yox, bilirəm, öləcəyəm. Mən ölən kimi bunlar səni incidəcəklər. Bilirəm ki, başına nə oyun gətirəcəklər. Mənim bir arzum var, yerinə yetirərsən? Söz ver ki, bunu edəcəksən! Qalanı mənlikdir!

 

Samir özünü itirmişdi:

 

- Əlbəttə, əlbəttə edəcəyəm! Siz məndən nə istəsəniz, edərəm!

 

- Üç gün burada olacağam, sonra yenə müalicəyə gedəcəyəm. Heç bilmirəm qayıdacağam, ya yox. Ola bilər ki, qayıtmayım. Sənə bir gün vaxt verirəm. Bir günə özünə sənət seç! Əlimdən gələn köməyi edəcəyəm, amma sən bir sənət sahibi ol, məni sevindir! Söz ver ki, oxuyacaqsan!

 

- Lüdvik müəllim, indi qışdır axı... Mən heç vaxt bir günün içində universitet oxuya bilmərəm!

 

- Bilmirəm, get, fikirləş! Amma elə bir sənət seç ki, heç kimdən asılı olmayasan. Mütləq bir sənətin sahibi ol!

 

***

 

- Qaldım ki, necə edim... Söz vermişəm axı. Mənə bu qədər yaxşılıq edən bir adamın sözündən necə çıxa bilərdim? Fabrikdə işləmişəm, tikiş bilirəm, amma bununla nə qazana bilərəm ki? Getdim otağıma... Pulum olandan sonra yenə başlamışdım “Ekran-efir” qəzetini almağa. İndi artıq “Birja” da alırdım. Onu vərəqləyəndə gördüm bərbərlik kursu var. Səhər açılan kimi getdim Lüdviq müəllimin qəbuluna. Dedim, saç ustası olmaq istəyirəm. Sevindi, məni qucaqladı, gözündən yaş gəldi...

 

Kurs iki aylıq idi, dərhal mənim üçün iki ayın pulunu ayırdı. Dedi hələlik şəhərdə kirayə qal, gedib gəlmək çətin olmasın. Kirayənin də pulunu verib, məni məzuniyyətə yolladı. Yanvar-fevral aylarında oxudum, həvəsim də var idi, tez mənimsədim. O vaxta qədər saçlarımı uzadır, özüm kəsir, düzləşdirirdim. Elə oldu ki, mən diplomumu alıb, qayıdanda Lüdviq müəllim artıq dünyasını dəyişmişdi. Bitirməyimi görmədi...

 

Yenidən qara günlərim başlandı... Yeməyimi, maaşımı kəsdilər. Onun vaxtında tək otaqda qalırdımsa, indi mühafizəçilərlə birlikdə qalırdım. O mühafizəçilər isə təhqirlər... Off! Çox şeylər baş verirdi. Həyatımı rahat yaşaya bilmirdim. Otaq qarışıqlıq idi, biri gəlir, biri gedirdi, səs-küydən yatmaq olmurdu... Mən elə bilirdim Lüdviq müəllimin həyat yoldaşı da özü kimi insan olacaq. Amma o mənimlə yaxşı davranmadı.

 

- Həyat yoldaşı da orada işləyirdi?

 

- Lüdviq müəllim ölən kimi yerinə o gəldi. Məni incidirdi..

 

- Niyə?

 

- Niyəsini dəqiq deyə bilmirəm... Vəzifəmi aşağı saldı, mətbəx işçisi elədi. Deyirdi get zibil daşı... Lüdviq müəllim isə mənə bir ata qayğısı göstərmişdi...

 

- Artıq çarəsiz deyildiniz, sənətiniz var idi, onu işlədə bilərdiniz...

 

- Amma gedib salonda işləyə bilməzdim, çünki burada ştatda idim. Həm də elə təcrübəm də yox idi. Könüllü internatlara, sanatoriyalara, qocalar evinə gedir, onların saçlarını kəsərək öyrənirdim.

 

- Alətləriniz var idi?

 

- Rəhmətlik Lüdviq müəllim məni kursa göndərəndə hər şey almışdı. Pansionatda istirahət edən qadınlardan pul qazanırdım. Nömrələrinə gedib saçlarını, makiyajlarını qaydaya salırdım. Zuğulbada artıq məni tanıyır, evlərə çağırırdılar. Orada dövlət bağı var idi, saç ustası lazım olanda məni çağırırdılar. Qışda da bağa istirahətə gələndə bilirdim ki, xanımlar məni çağıracaq. Sonra düşündüm ki, gedim salonda işləyim... Məcburiyyət qarşısında getdim şəhərə...

 

- İş tapmaq asan oldu?

 

- Heç mümkün deyildi! Tapşırıqla getdim. Zuğulbada məni tanıyan adamlardan biri  salona tapşırmışdı, getdim, başladım işləməyə. Orada məni qəbul etmirdilər. İnsanlardan qorxurdum, həmişə qapalı yerdə qalan, nəzarətdə olan adam... Birdən-birə metroya minir, şəhərə gəlir, salonda işləyir... Ətrafımda ancaq pansionatdakı turistlər idi deyə, onlar kimi geyinirdim. Şortik və s. Üstəlik də xəstəliyimdən qalan vərdişlərim... Salondakılar isə məni başa düşə bilmir, gülürdülər... Toplaşıb etiraz edirdilər ki, o biabırçılıqdır, niyə onu işə götürmüsünüz, yetimdir və s. “Bura yetimxanadır ki, yetimi işə götürmüsünüz” deyirdilər. Amma bəxtim bir şeydə gətirdi ki, yanıma Zuğulbada yığdığım müştərilər gəldi... Məəttəl qaldılar ki, bu adam heç vaxt salonda işləməyə-işləməyə bunun müştəriləri haradandır? Adlarını çəkmək istəmirəm, vəzifəli, tanınmış adamlar idi. O insanları salona mən gətirmişəm. Yoxsa onlar heç vaxt salona gəlmirdilər, ustanı evə çağırırdılar.

 

- Müştərilərinizin kim olduğunu görəndən sonra münasibət dəyişdi?

 

- Salonda hə. Yaxşı gəlir gətirirdim deyə görkəmimə də, yetim olmağıma da tezliklə alışdılar. Amma cəmiyyətdə yox... Metroda dəfələrlə döyülmüşəm...

 

- Niyə?

 

- Heç nəyin üstündə. Arxamca “mavi” qışqırırdılar... Bir dəfə hətta axşam Zuğulbaya gedəndə Əzizbəyovda uşaqlar üstümə düşüb döydülər, bütün alətlərimi də oğurladılar. Belə hadisələr tez-tez olurdu deyə, hamıdan qorxurdum... Gəlirim yaxşı idi, dəfələrlə alətlərimi yenidən almışam...

 

- Çox mübahisəli, hətta bəzilərində qıcıq doğuran obrazınız var. Haqqınızda müxtəlif fikirlər gəzir...

 

- Bəli. Özümdən də çox soruşurlar. Məsələn, həyatımla bağlı danışanda həmişə soruşurlar ki, bu qədər çətinlik çəkdin, mübarizə apardın, heç zorakılıqla qarşılaşdın? Səmimi deyirəm, heç vaxt! Məsələn, həmişə deyirlər ki, Samiraldoya internatda o qədər təcavüz ediblər ki! Etsəydilər, açıq deyərdim! Mən ki, heç nəyi gizlətmirəm! Deyərdim, bəli, mən zorakılığa məruz qalmışam! Ancaq bu, belə olmayıb.

 

Qızıldaşa gedənə qədər ümumiyyətlə heç kimlə intim münasibətim olmamışdı. Orada yaşayanda çox gənc idim, yaraşıqlı idim. Çox oğlan mənə yaxınlaşıb müxtəlif təkliflər edirdi... Maraqlı gəlirdi ki, bu necə ola bilər? Deyirdim, axı mən çox qorxuram... “Qorxma, heç nə olmayacaq” deyirdilər. Amma heç vaxt gedib kiminləsə görüşmək arzusunda olmadım. Belə hisslərim olmadı... Bəlkə bunu da allah eləyib ki, hissiyyatım olmasın... Nə qadına qarşı hisslərim var idi, nə də kişiyə... Bəlkə də körpəlikdən “bunu etsən dəlixanaya göndəriləcəksən” hədələrinin qorxusundan idi... Həyatda hər şeydən qorxmuşam ki, birdən dəlixanaya göndərərlər... O qədər qorxmuşam ki, hələ də başımda qalıb, hərdən öz-özümə deyirəm filan işi eləsən, dəlixanaya gedəcəksən... Bu qorxu məni bu gün də tərk etməyib... Mənə qorxular, işgəncələr tərbiyə verib...

 

- Bilirsiniz ki, cəmiyyət görkəmə daha çox önəm verir...

 

- Doğrudur, insanlar çox vaxt sənin görkəminə görə qiymət verirlər. Mənim xəstəliyimdən qaynaqlanan davranışlarım var... əllərim, yerişim... Arada məndən soruşurlar ki, niyə özünü belə aparırsan, qorxmursan ki, cəhənnəmə düşəcəksən? Deyirəm narahat olmayın, orada siz olmayacaqsınız... (Gülür) Daha nə deyim?

 

- Sizi tanıdıqca çox müzakirə olunan obrazınızı daha yaxşı başa düşürəm. Əlillər evinə getməmək üçün bütün əzmini toplayıb yıxıla-yıxıla ayağa qalxan o körpənin cəhdlərinin hələ də davam etdiyini görürəm...

 

- Bəli, mən çalışdım insanlara sübut edəm ki, mən əşya deyiləm, insanam. Heç vaxt istəmirəm ki, adamların mənə yazığı gəlsin. Mən çox güclü insanam. Döyülüb, təhqir edildiyimə baxmayaraq, qarşıma məqsəd qoydum. 24 yaşımda dedim, “Samir, bəsdir! Geyimi, yeməyi at bir kənara, özünə ev al!” Başladım xırda-xırda ev üçün pul yığmağa... Nəhayət, 35 yaşımda öz evim oldu. 40 yaşımda isə maşın aldım...

 

- Bundan sonra həyatınızda nə planlaşdırırsınız?

 

- Mənim həyatım heç vaxt plan üzrə getməyib. Çox istəyərdim ki, stilistika akademiyası açım. Orada kimsəsiz uşaqlar həm peşə öyrənsinlər, həm də pul qazansınlar. Məzun olub gedib Qızıldaş kimi yerlərə düşməsinlər. Oradan xilas olmaq hər uşağın işi deyil... Mən ancaq öz əzmim sayəsində məhv olmadım. Amma Qızıldaşda uşaqlar mənim kimi iki yerdə işləyib oxumurdular. Çoxu heç məktəbə də getmir, günortaya qədər yatırdılar...

 

- O vaxtlardan dostunuz var?

 

- Mənim heç vaxtı dostum olmayıb. Münasibətim olan uşaqlar var...

 

- Şəxsi həyatla bağlı nə düşünürsünüz?

 

- Məni məhv olmağa qoymayan təkliyim olub. Tək olmasam bəlkə də çox uduzardım... İndi təkliyə elə alışmışam ki, inanmıram evdən uşaq səsi gəlsə buna sevinərəm...

 

- İnanmıram!

 

- (Gülür) Yaxşı, olsun insan səsi... Mən çox sakitəm. Hərdən dostum qonaq gəlir, görürəm ki, bizdə çox qalanda xoşlamıram... Mən özümdə nə qadınlara, nə də kişilərə qarşı meyl hiss etmədim. Məncə sırf ona görə ki, insanlara qarşı nifrətim çoxdur. İnsanlardan çox zərbə almışam... Heç vaxt həyatımı kiməsə etibar edə bilmərəm.

 

- İnsanlardan hamımız zərbə almışıq. Bir neçə nəfərə görə hamını həyatımızdan çıxarda bilmərik axı. Yaxşıları da qiymətləndirmək lazımdır. Bu gün minnətdarlıqla xatırladığınız Zeynəb həkim, Lüdviq müəllim var... Onlar da insan idilər...

 

- Allah qarşıma yaxşı insan çıxardanda onu mənə bir neçə aylıq, uzağı bir illik verib, sonra isə onu məndən alıb... Yəqin istəmir arxayınlaşam... Deyir, əziyyət çəkməlisən! Sizə deyim ki, əziyyətə də öyrəşmişəm. Baxın, indi maaşa yox, müştəriyə işləyirəm. Bu gün pul qazanıram. Amma bilmirəm sabah nə qədər qazanacağam. Elə olur ki, evimdə pul olmur. Allah mənə o qədər əziyyət verir, axırda görür çox çətinlik çəkirəm, ondan sonra pul göndərir. Yəni Allah mənə heç vaxt qazanmadığım pulu göndərməyib. Buna görə də ona minnətdaram! Səmimi deyirəm, yaşadığım bütün çətinliklərə baxmayaraq, mən xoşbəxtəm. Körpəlikdən hiss edirdim ki, mən bu dünyada lazımsız bir insanam, hamıya sübut eləməliyəm ki, mən hamı kimi dünyaya gəlmişəm... İndi insanlara sübut etdim ki, mən əşya, “brak” məhsul deyiləm, insanam. Haqqımda film çəkiləndə internata getmişdik, müəllimlərim məni görüb şoka düşdülər ki, biz elə bilirdik sən indiyə ölmüsən. O qədər zəif idin ki...

 

- Samir, sonradan valideynlərinizi axtardınız?

 

- Yox. 30 yaşımda şəxsiyyət vəsiqəmi dəyişəndə atamdan imtina etdim. Dedilər bəlkə fikirləşəsən, dedim yox, fikirləşmirəm! İndi sənədlərimdə Əliyev Samir XXX yazılıb. Adından imtina etdim. Axı onlar məndən imtina etmişdi...

 

- Sizdən ananız imtina edib, atanız gəlib axtarıb tapmışdı axı...

 

- Axtarıb tapmışdısa, axıra qədər də sahib çıxmalıydı. Axı onda mənim ən ağır günlərim idi. Allah onu ən ağır günümdə mənə göndərmişdi. Onda o məni bataqlıqdan çıxarda bilərdi, indi özüm o bataqlıqdan çıxandan sonra neynirəm atanı? Elə olsa bəlkə də indi məndə ata-anaya qarşı nəsə bir hiss olardı. İndi ehtiyacım da yoxdur...

 

- Bəs ananız? Onu bağışlamısınız?

 

- Anamı həmişə istəmişəm... İndi də dünyanın harasındansa çıxıb gəlsə, o mənim anamdır. Axı o məni doqquz ay bətnində daşıyıb...

 

- İmtinanı da o edib...

 

- Hər bir insan günah edəndə cəzasını övladı çəkir. Baxmayaraq ki, o, günaha övladını atmaqla batıb. Anam heç bir damcı da günahını yumayıb, nə olub, mənə olub. İnsanın xoşbəxt olması onun övladlarının yanında olmasıdır. Bəlkə o da belə alıb cəzasını...

 

Həyatda özümə qarşı ancaq nifrət görmüşəm. Ola bilsin mən dünyaya günahla gəlmişəm artıq... Əslində həyat mənə öyrədib ki, valideyn ondan ötrü lazımdır ki, uşağı böyütsün. Allah valideynə elə bir məhəbbət verir ki, o hissələrin sahibi övladını atmasın. Hərdən deyirəm gör Allah anama necə hisslər verib ki, o məni atıb... Amma ola bilsin ki, atmayıb... Qadındır, “onsuz da öləcək, ölümünü görməyim” deyib, qoyub gedib... Bilmirəm, bəlkə də ilk uşağı olmuşam, deyiblər hələ cavansan yenə doğa bilərsən, sağlam uşaqların olar... Bəlkə qeyri-qanuni uşaq olmuşam... Bilmirəm... Çox şey ola bilər...

 

Deyirlər, insan taleyi ilə doğulur... yox! İnsan dünyaya gələndə ata-anası ona xeyir-dua, halallıq verməlidir. Verməyəndə, həyatda o uşağa çox çətin olur. Əgər bir uşaq üçün körpəliyindən ağlayan, narahat olan, əzizləyən, gecələr yuxusuz qalan, əziyyət çəkən yoxdursa, o uşaq heç vaxt xoşbəxt ola bilməz! Valideynlərim məni mən ölməmiş dəfn ediblər sanki... Əgər bir insanı çox istəyən varsa, o insan uğur əldə edəcək...

 

- Xəstəliyinizin əlamətləri necə, tamamən keçib, yoxsa hələ də hiss edirsiniz?

 

- Havalar soyuyanda ayaqlarım tutulur... Gündə 3-4 saat gəzirəm. Gəzməsəm, tutular... Bir yerdə çox otursam, keyiyir... Nə bilim, çalışıram həmişə özüm-özümü idarə edim... Uşaqlıqdan özüm-özümü saxlamışam, mübarizə aparmışam... İndi düşünürəm, körpə olasan, başa düşəsən ki, həyat sənin üzünə gülmür, kimsən yoxdur, heç kimə lazım deyilsən, istədin-istəmədin körpəlikdən bütün işgəncələr gözünün qabağındadır və deyirsən bu nə vaxt qurtaracaq. Mən hələ də o illəri yuxumda görürəm. Qorxudan sayıqlayıram, elə bilirəm hər şey yenidən təkrarlanacaq... Bilirsiniz, həyatda ən böyük psixoloji cəza – sabah dəlixanaya getmək qorxusudur. Körpə uşaq üçün bu işgəncələr... “Həkim gəlir” deyəndə bütün bədənim titrəyirdi. O stress məndə hətta 25 yaşına kimi qalmışdı...

 

SON

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8526
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar