“Müəllim məni nar çubuğu ilə döyəndə sevinirdim...” -<span style="color:red;"> İNTERNAT DRAMI – III HİSSƏ
25 yanvar 2017 14:16 (UTC +04:00)

“Müəllim məni nar çubuğu ilə döyəndə sevinirdim...” - İNTERNAT DRAMI – III HİSSƏ

 

 

I hissə, II hissə

 

 

... Uşaqlar ayaqlarını quma basdıqca, günəşin yandırdığı qum hərarətini körpələrin bədəninə ötürür, yorğunluqlarını unutdururdu. Bu, sanki insanın doğmasından gələn istilik idi. Gün boyu kölə kimi çalışdıqlarını unudub, dəstə ilə dənizə doğru qaçırdılar.

 

Arxadan kobud kişi səsi eşidilirdi:

 

- 5 metrdən çox uzaqlaşmayın!

 

Sürücünün işarə etdiyi 5 metr aralıda dəniz suyu uşaqların dizinə qədər qalxırdı. Əli ruhunu saran bu sehri bir az da hiss etmək üçün bir neçə addım da atdı. Arxadan səs ucaldı:

 

- Uzaqlaşmayın!

 

Dəniz suyu Əlinin qarnında, belində nazlananda oğlan ilk dəfə bədəninə sığal çəkildiyini hiss etdi. Gün boyu daş, qum daşımaqdan yorğun düşən ayaqları, qolları xoşhallandı.

 

- Cəhənnəmə ki! Onsuz da uzağa getməsəm də döyəcəklər!

 

Dənizin sığalı sinəsində gəzişir, günəşin şüaları üzünü oxşayırdı. Sahildəki 120 uşağın hay-küyündən uzaqlaşdıqca hüzura qovuşurdu. Xəzər öz duzlu suları ilə balaca oğlanın çiyinlərini yalayırdı...

 

 

III hissə

 

- Bu “özbaşınalığın” cəzası çox ağır oldu?

 

- Bizim cəzaların çoxu “cinayətə” görə verilmədiyindən artıq vecimizə də deyildi. Adicə quma uzananda bu məqamdan maksimum istifadə etməyə, xoşbəxt olmağa çalışırdıq. Zatən bilirdik ki, hər dəfə dənizə aparılandan sonra bir bəhanə ilə döyüləcəyik. Amma bir dəfə möcüzə baş verdi. Elə xoşbəxt idim ki, içimdə heç vaxt olmadığı bir ümid işığı yanmışdı.

 

- Nə baş vermişdi?

 

- Məni övladlığa götürmək istəyirdilər... 1998-99-cu illər idi. 3-cü sinfin axırları, 4-cü sinfin əvvəlləri... BMT könüllüləri var idi. Günel Səfərovanı da oradan tanıyıram. Günel, Könül, Elnarə, Balaş, Elçin... Mən internata gedəndən sonra əlaqələrimiz kəsildi, uzun müddət bir-birimizdən xəbərimiz olmadı. İllər sorna Güneli, onun vasitəsi ilə də digərlərini tapdım. Onların bizim həyatımızda çox əhəmiyyətli rolu var idi, çoxu ilə indiyə qədər münasibətim var. Asudə vaxtlarımızı maraqlı keçirmək üçün uşaq evinə gəlir, bizimlə maraqlı oyunlar oynayırdılar. Onlar gələndə biz dünyanın ən xoşbəxt uşağı sayılırdıq... Kimsənin uşağa əl qaldırmasına imkan vermir, yeməklərimizi özümüzə verir, şəhər gəzintisinə çıxardırdılar. Özləri ilə xariciləri də gətirirdilər. Amerikadan ər-arvad var idi, həkim idilər. Kişinin adı deyəsən Elay idi... Övladlığa uşaq götürmək istəyirdilər. Namizədlərdən biri də mən idim...

 

***

 

- Leyla müəllimə çağırır!

 

Əli narazı addımlarla müdirin kabinetinə doğru gedəndə döyüləcəyini bilirdi. Uşaqlar bura ancaq döyülmək üçün çağırılırdılar. İçəri girəndə amerikalı həkimlərin də otaqda olduğunu görüb, ürəkləndi. Elay az-maz rusca bildiyindən Leyla müəllimə ilə söhbət edirdi. Əli gələndə qadın üzünü uşağa çevirib, ilk dəfə onu “balam” çağırdı:

 

- Yaxın gəl, mənim balam. Əgər sən bunlarla getməli olsan...

 

Əli ilk dəfə eşitdiyi “bala” sözünü tam qavraya bilməmiş, buradan getməyin həyəcanını yaşayırdı. Döyülməyə gəldiyini zənn edən uşağın sifətinin ifadəsi dəyişdi. Yenə məsum təbəssümü bütün üzünə yayıldı. Leyla müəllimə davam edirdi:

 

- Əgər sən bunlarla getməli olsan ingiliscə danışa biləcəksən?

 

- Əlbəttə! Niyə danışmıram!? Mehriban müəllimə bizi çox yaxşı öyrədir!

 

- O zaman ingiliscə bir şeir söylə! – Leyla müəllimə dedi. Əli üzünü amerikalı ailəyə çevirib, ingilis dili dərsindən öyrəndiyi iki şeri bir-birinin dalınca, nəfəs dərmədən söylədi. Üçüncünü də söyləyəcəkdi ki, Elay gülərək, ingilis dilində onun yaşını soruşdu. Əli cümlə qurmağı şeir söyləmək qədər mükəmməl bacarmasa da, inamla, qısa cavab verdi. Növbəti sual gözünü Elayın üzündən çəkməyən Əlini yer üzünün ən bəxtiyar uşağına çevirdi:

 

- Hansı yeməkləri xoşlayırsan?!

 

Öz-özünə “əgər yeməyimi soruşursa, bu adam həqiqətən mənimlə maraqlanır” deyən Əli sevincindən Azərbaycanca cavab verdi:

 

- Aş! Xəngəl!

 

Otaqdakı digər qadının tərcüməçi olduğunu Elaya xəngəlin nə olmasını izah etdiyindən anladı. Elay növbəti sualını verdi:

 

- Dərslərini necə oxuyursan?

 

- Əla! – Əli dilləndi. Amma sözünə o qədər inanılmamışdı ki, tez üzünü tərcüməçiyə çevirdi – Ona deyin ki, istəyirsə gedib gündəliyimi gətirim, özü baxıb görsün necə oxuyuram...

 

Otaqda gülüşdülər. Əli cavab gözləmədən, sıçrayıb qapıdan çıxdı...

 

***

 

- Bütün cəhdlərim boşuna oldu. Axırda dedilər Leyla müəllimə mənim verilməyimə razı olmayıb. Onlar hələ bir neçə il də gedib-gəldilər. Axırda Namiq və Natiq adlı iki qardaşı övladlığa götürüb, özləri ilə Amerikaya apardılar. Namiq mənimlə oxuyurdu, Natiq isə məndən 3-4 yaş balaca idi. Onlar övladlığa götürüləndə mən artıq internatda idim... O hadisələrdən mənə qalan bircə o sevincim oldu ki, kimsə mənə sahib çıxmaq istəyir...

 

- Məktəbə gedəndə ilk dəfə idi uşaq evindən çıxırdınız?

 

- Hə... Necə ağlayırdım... 1996-cı ildə 220 saylı orta məktəbə getdim. Bizi o qədər internata göndərməklə hədələmişdilər ki, elə zənn edirdim bu internatdır. Bir müddət aparıb-gətirəcəklər, axırda orada qalacağam... Axı yaddaşımın bir küncündə qalmışdı ki, körpələr evində qalanda bir müddət anam məni evə aparıb-gətirirdi, sonra birdəfəlik imtina etdi... Bu qorxu məni heç cür tərk etmirdi.

 

- Sizə buranın məktəb olduğunu heç kim izah etmirdi?

 

- Kimə lazım idi mənə vaxt ayırmaq? Düz bir həftə gedib-gəlib ağladım... Sonra məktəbi sevdim...

 

- Nə idi məktəbi sizə sevdirən?

 

- Sinif rəhbərim Şəmən müəllimə var idi... İndi onu görməyi çox istəyərdim. Mənimlə Şahin uşaq evindən o məktəbə gedən ilk uşaq idik. Uşaqları, valideynləri yığıb tapşırdı ki, onlar uşaq evindən gəlir, onlara qarşı xüsusi diqqət göstərməliyik. Beləcə, sinif uşaqları bir-bir bizə yemək gətirməyə başladılar. Yeməklər gələndə artıq əmin oldum ki, bura internat deyil. Həm doyunca yemək yeyir, həm də yeni dadlar kəşf edirdim. Böyüdükcə artıq məktəbə qazanc mənbəyi kimi baxırdım. Əməlli-başlı pul qazanırdım.

 

- Necə?

 

- Xaricilər uşaq evinə ölkədə olmayan dəftər-qələm gətirirdilər. Mən də özümə verilən ləvazimatları aparıb məktəbdə satırdım. Artıq böyümüşdüm, başa düşürdüm ki, bizə verməli olduqları iki dilim çörəyin birini kəsirlər. Biz heç vaxt doymurduq. Dəftərin birini o vaxtkı pulla min manata satır, 250 manatına sadə dəftər alır, qalanına isə qarnımı doyururdum. Bir dəftər sata biləndə pulum dönərə çatmırdı, amma 500 manata doyumlu hamburgerlər satırdılar. 250 manatı isə dəftər sata bilməyəndə yemək almaq üçün yığırdım...

 

- Uşaq evində bundan xəbər tuturdular? Necə reaksiya verirdilər?

 

- Bunu gizlin edirdim. Uşaqlar xəbər tutsalar, gedib satardılar. Amma hamı necəsə gizlin bir iş görüb, qarnını doyururdu.

 

- Gizlin edirdilərsə, necə xəbər tuturdunuz?

 

- Bunu çox sonralar, məzun olandan sonra təsadüfən qarşılaşanda bildik. Məsələn, uşaq evinin yanındakı un məmulatları sexində “pryanik”in kilosu 2 min manata idi. Boyatını bizə 10 qəpiyə satırdılar. Düzdür, daş kimi olurdu, amma biz onu suya batırıb, bəh-bəhlə yeyirdik. Necə dadlı idi... Əslində atılması lazım olan bu “pryanik”i almağa da bizə pul lazım olurdu. Onu əldə edən uşaq evinin gündəmini zəbt edirdi ki, filankəs bu gün “pryanik” yeyib. İllər keçib, mən hələ də bilmirəm ki, məsələn, Şahin yeməyə verdiyi pulu necə əldə edirdi... Ümumiyyətlə, kim necə dolanırdı... Düzdür, üstü açılanı da olmuşdu... Amma bir dəfə doyunca yemək yeyəndən sonra hər şeyi gözə alırsan. Zatən döyülə-döyülə böyümüsən, zərbəyə alışmısan. Müəllim məni nar çubuğu ilə döyəndə sevinirdim ki, qalın taxtalarla döyülmürəm. Yəni döyülmək həyat tərzimiz idi...

 

- Bəs pulları harada saxlayırdınız? Ələ keçirdi?

 

- Qətiyyən! Onları göz bəbəyim kimi qoruyurdum. Ən çox da corabımın arasında gizlədirdim. Ümumiyyətlə, orada ən çox hədiyyə verilən uşaq mən idim. Diqqət mərkəzində olmağı çox sevirdim. Başqa siniflər çağırırdı ki, bizim üçün mahnı oxu. Hər mahnıya görə də pul verirdilər. Uşaq evindən gizlin məktəbdə ad günlərinə, bayramlara qatılırdım. Uşaq evində deyirdim ki, dərsim var. Əslində hamısı bilirdi ki, sinifdə bayram keçirilir. Sadəcə, yeməklə gəlirdim deyə, heç kim heç nə demirdi. Mənim üçün şəkərbura, paxlava, qoğal, cürbəcür şokoladlar verirdilər. Sinifdə doyunca yeyəndən sonra da deyirdilər qalanını apar uşaq evindəki dostlarına ver. Qapıdan girən kimi tərbiyəçilər əlimdən alırdılar.

 

- Bu qədər diqqət görürdünüz. Sevgi necə?

 

- (Gülür) Xoşum gələn qız var idi – Könül! Çox qəribə duyğular idi... Uşaq sevgisi o qədər saf olur ki, bəlkə də ən həqiqi sevgi uşaq sevgisidir...

 

- Doğru! Lütfən, böyüklər sevməsin. Onu da heyif edirlər...

 

- (Gülür) Həqiqətən! Qəribədir ki, ürək balaca olanda daha güclü sevirsən...

 

- Demək ki, sevginin ölçüsü kiçilmir, ürək böyüdükcə onun bir küncünə qısılır...

 

- Yəqin... Təsəvvür edin ki, o yaşda necə qayğıkeş idi. Çalışırdı hər gün məni nə iləsə sevindirsin. Evdən iki nəfərlik yemək gətirərdi... Çox imkanlı ailənin qızı idi, üstəlik o qədər sadə idi ki... Mən ona başqa duyğular bəsləyirdim, o isə məni sadəcə dostcasına çox istəyirdi. Bunun da səbəbi var idi - ən yaxşı oxuyan uşaqlardan biri idim, sinif nümayəndəsi idim və yaşıdlarıma baxanda ingilis dilini çox yaxşı bilirdim. Bütün tapşırıqları gözüyumulu həll edirdim. Dərslərində çətinliyi olan uşaqlara da kömək edirdim, buna görə mənə “hörmət” edirdilər. Pulu olmayanlar da evdən yemək gətirirdilər. Azadə adlı qız var idi, nənəsi tez-tez mənə kotlet-çörək göndərirdi. Ya da paxlava! Uşaqlar hamısı mənə diqqət ayırırdı. Yemək gətirməyənlər də bufetdən alıb verirdilər.

 

Bu arada, məktəb illərimin tək yeməklə xatırlanmasını istəmirəm. Həqiqətən bütün qiymətlərim “5” idi. 1999-cu ilin aprelində Leyla müəllimənin müavini Həlimə xanım gəldi ki, Dədə Qorqud adına Türk Liseyinə qəbul başlayıb, kim yaxşı nəticə göstərsə, onu liseyə oxumağa göndərəcəyik. Hamımıza sual kitabçası payladı. Uşaqlardan Muradla mən ən yüksək nəticə olan 100 balı toplamışdıq. Liseydə dedilər ki, heç ev uşaqları arasında belə yüksək nəticə göstərən olmayıb. Sadəcə Leyla müəllimənin məndən zəhləsi getdiyi üçün buraxmadı... Murad da mənim badıma getdi...

 

- Axı niyə sizdən zəhləsi gedirdi? Yaşlı bir qadın körpə uşaqla nəyin ədavətini aparırdı?

 

- Tərs idim, hamının üzünə bozarırdım. Heç vaxt “məni döymə” deyə yalvarmırdım. Bəzən elə olurdu ki, “ayağıma düşüb üzr istəyin, bağışlayım” deyirdi. Mən isə üzr istəməyib, döyülməyi gözləyirdim. Belə xasiyyəti olan uşaqların hamısına nifrət edirdi... Uşaq evində məni ən çox Şahin müdafiə edirdi. Mən də həmişə bunun əleyhinə olurdum, istəmirdim kimsə mənə kömək etsin. Elnur adlı cüdo müəllimimiz var idi. Xarakterimizin formalaşmasında onun çox rolu olub. Başa salırdı ki, kiminsə mənfi hərəkətini görəndə başqasına yox, gedib özünə deyin. Elnur müəllimin sayəsində artıq 5-ci sinifdə oxuyanda öz aramızdakı davaları sirr kimi saxlaya bilirdik. Üzümüzdə yumruq izləri qalanda başa düşürdülər ki, dalaşmışıq. Məcbur olub boynumuza alırdıq və yaxud kimsə məcburiyyətdən satırdı. Mən boynuma almırdım, “özüm yıxılmışam” deyirdim...

 

- Bir dəfə buna görə günlərlə polisə ifadə də vermisiz...

 

- Bəli... Leyla müəllimə zorla mənə istədiyi ifadəni verdirmək istəyirdi. Onda hələ lap körpə idim. O hadisə həm də alnımdakı çapığın tarixçəsidir. 1997-ci il idi, doqquz yaşım var idi. Gecə oyanıb tualetə gedəndə yıxıldım... Bizə elə başmaq vermişdilər ki, suyun üstünə çıxan kimi sürüşürdük. Kimsə metlaxa su dağıdıbmış, ayağımı qoyan kimi sürüşdüm, başım dəydi qızdırıcıya, qan fışqırırdı. Çox yıxıldığımdan özümü idarə edə bilirdim, qan görəndə qorxmurdum. Qızdırıcının üstünə mətbəx dəsmalları sərmişdilər, onu götürüb kranı açdım. Gördüm su gəlmir, başlayıb, elə quru-quru alnıma basdım. Xeyli gözlədim ki, qan kəssin, sonra gəlib yatdım.

 

- Gecə növbətçisi yox idi? Bütün bunlardan heç kimin xəbəri olmadı?

 

- Gözəl xalanın növbəsi idi, yaşlı qadın idi, yatmışdı. Həm də mən səssiz davrandım. Səhər tezdən gördülər ki, başım şişib... Dedim tualetdə yıxılmışam, inanmadılar. Uşaq evinin həkimi alnıma tikiş vurdu, geri qayıdanda gördüm polislər məni gözləyir... Belə başa düşdüm ki, onlar müdirə hədə-qorxu gəlmişdilər. O da məni çağırıb tapşırdı ki, deyəcəksən Gözəl xala eləyib... Gözəl xala qorxudan elə hala düşmüşdü ki...

 

Polis özüm yıxıldığıma inanmadı. Onlar mənimlə çox yaxşı davrandılar, hətta ürək-dirək də verdilər ki, qorxma, biz yanındayıq, bunu kim edibsə, cəzasını alacaq. Sən adını çək.

 

O vaxtlar ərəblər uşaq evinə çox gəlib-gedirdilər deyə biz “vallahi” sözünü çox işlədirdik. Ümumiyyətlə, ən sonuncu and yerimiz allah idi. Nə olsa da, “vallahi” deməsən, kimsə inanmırdı. Polisə dedim “Vallahi, özüm yıxılmışam”. Polislər Leyla müəlliməyə dedilər ki, sənə möhlət veririk, adamı tap, sabah yenə gələcəyik. Onlar gedən kimi gəlib məni amansızlıqla döydü ki, deyəcəksən Gözəl xala edib. Leyla müəllimənin Gözəl xaladan xoşu gəlmirdi, bu da bir bəhanə olmuşdu...

 

- Yaralı uşağı döymək...

 

- Həm də bir vərdişi var idi, döyməyə başlamazdan əvvəl iki barmağını qatlayıb alnımıza çırpır, gözümüzdən qığılcım çıxırdı. Üstəlik alnıma yenicə tikiş vurublar, başım sarıqlı... Əlləri yorulandan sonra taxta parçası ilə yumşaq yerlərimizə vururdu ki, izlərini heç kim görməsin...

 

Həmin vaxt düz bir həftə məktəbə getmədim. Döyülməyimə baxmayaraq, yalan da danışmadım. O hadisədən sonra Gözəl xala hər gün mənə xüsusi qayğı göstərirdi. Uşaqları vursa da, mənə heç vaxt əl qaldırmırdı. Kasıb olsa da, evində nə olsa, mənə pay gətirirdi. Gecə növbəsi olanda məni bir neçə dəfə oğurlayıb evinə də aparmışdı. Süfrə açıb, yedirdib, içirdir, sonra da gizlincə qaytarırdı uşaq evinə. Evi də uşaq evinə yaxın idi. Bir hadisəni də danışmaq istəyirəm...

 

- Buyurun...

 

- Məktəbin həyətində, mənim təmizlədiyim ərazidə fəvvarəli hovuz var idi. Bir dəfə Leyla müəllimə bu hovuzu qonaqlara göstərib, uşaqların hovuzda çimdiyini dedi. Heyrətə gəldim! Düzdür, hovuzu biz təmizləyir, su ilə doldururduq. Amma çimmək? Əsla! Qonaqlar getdi, gün bitdi, amma bu hovuzun çimmək üçün olduğu fikri bir an da olsun ağlımdan çıxmadı...

 

***

 

Nəhayət, qızmar günlərin birində, Əli xəlvətə salıb, hovuzun yanına gəldi. Paltarlarını çıxardıb, daşın altında gizlətdi. Hovuza yaxınlaşıb, ətrafa bir də göz gəzdirdi. Nə düşündüsə, geri qayıdıb, alt paltarını da soyundu:

 

- Belə yaxşıdır! Qoy əynimdə heç nə olmasın! Tutsalar, deyərəm çimmirdim. İnanmırsız, baxın, paltarlarım qupqurudur!

 

Sevinclə çılpaq bədənini hovuza atdı. Fəvvarənin altında həyatına inanılmaz bir sevinc dolmuşdu ki, maşın səsi gəldi. Fəvvarənin arxasında gizləndi. Maşın dayandı, qapı açıldı bir neçə saniyə sonra örtüldü, uzaqlaşdı...

 

- Leyla müəllimə düşdü, bir neçə dəqiqəyə otağına çatar. Bu istidə kondisionerli otağından da tərpənməz!

 

Bir neçə dəqiqə keçdi, Leyla müəllimə kiməsə tapşırıq verdi:

 

- Sərin qarpız gətir!

 

Demək ki. hələ burada idi. Əli hələ də fəvvarənin arxasında gizlənmişdi. Aşpaz qarpızı gətirdi...

 

Artıq 15 dəqiqədən çox idi ki, suyun içində hərəkətsiz qalmışdı. Bu qədər uzun müddətli yoxa çıxdığı üçün onu axtaracaqdılar. Ən yaxşısı gizlincə sivişib aradan çıxmaq idi. Belə də etdi. Fəvvarənin şırıltısında onun sudan çıxmağı eşidilməsi, amma paltarlarına doğru sürünəndə arxadan səs gəldi:

 

- Ey, balaca zibil! Sən orada neyləyirsən?

 

(Davamı olacaq...)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8110
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar