<span style="color:red;">İNTERNAT DRAMI:  <b>“Çörəyi az verirdilər, biz onu da yemirdik, qardaşım üçün saxlayırdıq...”</b> - <span style="color:red;">I HİSSƏ
07 mart 2015 12:12 (UTC +04:00)

İNTERNAT DRAMI: “Çörəyi az verirdilər, biz onu da yemirdik, qardaşım üçün saxlayırdıq...” - I HİSSƏ

Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları üzlərinə taybatay açan yox, gəldikləri yerin adı duyulunca bütün qapıların sifətlərinə çırpıldığı insanlar olacaq. Bir ananın qucağından, bir atanın sığalından məhrum olub yerin dibinə düşən, ordan böyüyüb öz ayaqları üstünə qalxan insanlar... Körpə yaşdan dünyanın bütün vəfasızlığını görmüş, içlərində ünvansız nəhəng sevgi saxlayan insanlar – internat məzunları.

 

Onların məktəbdən sonrakı həyatı həmişə mənə maraqlı idi və gün gəldi ki, bu marağımın dalınca düşdüm. Əgər bu, sizə də maraqlıdırsa, F-11 düyməsinə klikləyin.

***

Gülayət Hacıyeva Amerika Birləşmiş Ştatları, Stetson Universiteti Huquq Kolleci – Beynəlxalq Cinayət Hüququ bölumunün magistrıdır. Eyni zamanda burada dosent köməkçisidir. Lent.az-ın “İnternat dramı” layihəsinə həyat hekayəsini danışmağı özü istədi. “Facebook”da mesaj yazdı: “Amerikaya gələndən sonra uşaq evində böyümə kompleksindən azad olmuşam. Burda mühit fərqlidir. Buna görə də rahat danışa bilirəm” dedi. Ən qısa zamanda skype vasitəsi ilə söhbətə başladıq. Danışdıqca zərif və gözəl cizgilərini üzünə, çiyinlərinə dağılan saçları örtürdü... Diqqətimi ən çox onun bütün hekayəsini danışarkən xüsusi zərifliklə saçları ilə oynamağı cəlb etdi. Saçlarını elə incəliklə sağdan sola, soldan sağa atırdı ki... Həm də sığallayaraq... Sanki saçlarının lap çoxdan əksik qalan sığal payını verirdi...

 

Söhbətə yaddaşında qalan ailə rəsmini çəkməklə başlayırıq:

 

- Ailə rəsmində atam, anam və biz – iki böyük bacı ilə iki kiçik qardaşım var. Nənəmlə babam təxminən 5 yaşım olanda rəhmətə gedib. Xatirələrimdə anamla xəstəxanaya, babamın yanına getməyimiz qalıb. Qarabuğdayı adam idi. İndi Facebookda tez-tez paylaşdığım “Xalça gülü” var, bax, babam o gülü çox sevərdi...

 

- Ata babanız idi?

 

- Anamın atası idi. Biz uşaq evinə verilməzdən bir il əvvəl babamla nənəm rəhmətə getdi... Sonra isə... (Susur)

 

- Atanız nədən rəhmətə getdi? Xəstə idi, yoxsa qəza?

 

- Dedilər ki, “ürəyi dayandı”... 8 yaşında Quba uşaq evinə verildim...

 

- Tək siz?

 

- Yox. Məndən bir yaş böyük bacım, mən, bir yaş kiçik qardaşım və ən balacamız, o vaxtlar təzə iməkləməyə başlayan kiçik qardaşım...

 

- Sizi ora kimin gətirdiyini xatırlayırsınız?

 

- Amma xatırlamaq istəmirəm...

 

- Onda uşaq evinə gəlişinizi xatırlayaq. Yadınızda nələr qalıb?

 

- Səhv etmirəmsə, yay günləri idi. Böyük bir həyətə girdik. Həyətin qabağında böyük qovaq ağacı var idi, altında da skamya... Skamyada gözləri mavi, saçları ilə yanaqları qırmızı kök qadın əyləşmişdi. Saçları bir az sizin saçlarınızdan uzun olardı. O qadının mimikaları da indi gözümün önündədir. Çox əsəbi insan idi. Ətrafında qızlar var idi, oğlanlar isə bir az aralıda topla oynayırdılar. Sonradan bildim ki, bu onun qrupundakı uşaqlardır. Biz də onun qrupuna düşmüşdük.

 

Bizə “oturun” dedilər. Üçümüz də yan-yana skamyada, qadından xeyli aralı oturduq. Yaş yarımlıq qardaşım isə qucağımızda idi...

 

Yadımdadır, qardaşımın əynində ağ, yaşıl xalları olan kombinizon vardı. Bir də əmziyi var idi... Bacımla köməkli qucağımızda saxlayırdıq, çox sakit uşaq idi, səsi çıxmırdı...

 

Bizimsə gözümüzdən yaş axırdı... Sakit, sözsüz, amma ağlayırdıq...

 

Sağ tərəfdən üzümüzə günəş düşürdü... Demək ki, qış deyildi...

 

Bir az orda oturandan sonra bizi içəri, müdirin otağına apardılar. Salam verdik... Sonra yataq otağına aparıb yataqlarımızı göstərdilər. “Matras”sız bir çarpayını göstərib “Bura matras qoyarıq, sən burada yatarsan. Bacın da sənin yanında” dedilər. Qardaşımın isə başqa otaqda qalacağını bildirdilər. Çox pis oldu... Doğma evindən qəfil yad uşaqların içinə düşməyin bəs deyil, üstəlik də başqa-başqa otaqlara...

 

Uşaqlar o qədər maraqlanırdılar ki... Hamısı “Adın nədir”, “neçə yaşın var”, “niyə burdasan” deyə soruşurdular...

 

- Necə cavab verirdiniz?

 

- Uşaqların verdiyi suallar adamı tıncıxdırmır, necə olsa, yaşıdlarındır. İnsanı ən çox üzən “mən burdayam” düşünməkdir.

 

- Əvvəlcədən uşaq evi haqda nə isə eşitmişdiniz?

 

- Qətiyyən! Sadəcə bir də baxdıq ki, burdayıq. Evdə söhbəti də getməmişdi. Bilirəm, çox ailədə valideynlər uşağı belə hədələyir. Amma biz sevgi dolu, hüzurlu böyümüşdük. Ailəmizdə şiddət görməmişdim. Bəzi uşaqlar deyirdi atam anamı çox döyərdi, mənim elə xatirələrim yoxdur. Atamın arada əsəbi olduğunu xatırlayıram, amma anamın əsəbiləşməyi yadıma gəlmir. Heç üstümüzə səsini də qaldırmazdı...

 

- Onu necə xatırlayırsınız?

 

- Sakit təbiətli, övladlarını sevən... Həlim, mülayim...

 

Onun üçün danışmağın nə qədər çətin olduğunu görüb, bir az əvvəl qaldığımız yerə qayıtmağı təklif edirəm. Uşaq evinə ilk gəldikləri günə...

 

- Hər şey bu gün kimi yadımdadır. İlk gün yataqdan gələn iyə qədər xatırlayıram. İllər keçib, amma o iy burnumdan getməyib...

 

- Nəyə bənzəyirdi?

 

- Deməyə çətinlik çəkirəm. Bu günə kimi o iy başqa heç bir yerdən gəlmədi, Allah qoysa, heç vaxt da gəlməz.

 

- Otaq necə idi?

 

- Böyük otaq idi, 40 qız qalırdıq. Siçovul çox idi... Gecələri siçovulların ora-bura qaçmasını eşidirdik... Balaca, iki mərtəbəli yataqlar idi. Əvvəl taxtadan idi, sonra bir uşaq yuxarıya qalxanda taxta o birisinin başına düşmüşdü deyə dəmir yataqlarla dəyişdilər...

 

- Həmin uşaq xəsarət aldı?

 

- O uşaq necə oldu bilmədim. Qızın biri yuxarı, yatağına qalxanda düşdü aşağıdakı qızın başına. Qışqırığını xatırlayıram... Bir müddət sonra isə əsgər çarpayıları gəldi, dəmirdən. Ona isə çıxmağa qorxurduq. Dəmirdən olsa da çox yüksək idi və kənarları açıq idi. Uşaq yatağı deyildi. Hər dəfə tərpənəndə yerə düşmək qorxusu var idi, ona görə də 10 yaşından yuxarıları ora qaldırırdılar. Onlar da sanki ayaq üstdə yatan kimi yatırdılar ki, fırlansalar yerə düşə bilərlər...

 

- Siz iki bacı qızlarla, bir qardaşınız isə oğlanlarla qaldı. Bəs balaca, təzə iməkləməyə başlayan qardaşınız?

 

- Ora kiçik uşaqlar üçün nəzərdə tutulmamışdı. O yaşda olanları ayırıb, başqa uşaq evlərinə göndərirdilər. Qardaşıma bacımla mən baxdıq. Rahat, sakit uşaq idi. Müdir gördü ki, biz bacımla ona baxır, altını dəyişirik, dəymədi. Mənimlə yatırdı. O evdə də mənimlə gəzirdi deyə, elə mənə yapışmışdı. Orda ən çox qardaşımı başqa yerə göndərərlər deyə qorxurdum.

 

- Uşaq evində ilk gün necə başladı? Orda açılan səhəri necə xatırlayırsınız? Uşaq evində səhər necə açılır?

 

- İlk gün necə oldusa, elə son günə qədər də elə davam etdi. Heç nə dəyişmirdi. Səhərlər saat 7-də tərbiyəçi qapıya çox ağır bir zərbə endirir və bu “Qalxın” anlamına gəlir. Birinci günü çox qorxmuşdum. Elə bildim ki, nə isə baş verib. Zəlzələ, ya nə isə qəza... İndiyə qədər biz yatanda evdə alçaqdan danışardılar ki, uşaq yatıb. Bizi öpüb, nazımızla oynayıb oyadardılar... Bu səhər isə başqa cürə açılmışdı. Burda bütün uşaqlar bu zərbə səsi ilə günə başlayırdılar. Hamı tez qalxıb geyinirdi. Geyinə bilməyənləri böyük uşaqlar tez geyindirir, yatanları oyadırlar. “Tez olun, tez olun, yoxsa yemək verməyəcəklər” deyirdilər...

 

- Necə yəni yemək verməyəcəklər?

 

- Gecikənə səhər yeməyi vermirdilər.

 

- Heç yatıb qaldığınız oldu?

 

- Bəlkə də qalardım, amma qardaşımın cəza almasına dayana bilməzdim. Ona görə də tezdən oyanırdım. Oyanan kimi geyinib cərgəyə düzülürdük. Sıranı pozmadan həyətə düşüb, qaçaraq bir neçə dairə vururduq.

 

- Qardaşınız necə, siz qaçanda harda olurdu?

 

- Bacımla mən növbə ilə onu qucağımıza alıb sıranın arxasınca yeriyirdik. O böyüyəndən sonra biz qaçırdıq, o da yanımızca... Qaçandan sonra əllər yuyulurdu. Məktəbin içində hamam var idi, amma o qədər darısqal idi ki, böyük çəndən gələn su ilə həyətdə əlimizi yuyardıq.

 

- Su isti olurdu?

 

- Əlbəttə ki, buz kimi! Qışda da, yayda da... Sıra ilə dayanıb əlimizi yuyandan sonra, yenə sıranı pozmadan yeməyə gedirdik. Yeməkdən sonra isə sinif otağına keçirsən. Hava qaralanda qalxıb yatırsan.

 

- Məktəbdə hamısı internatın uşaqları idi?

 

- Bircə müdirin iki oğlu ilə bir qızı kənardan gəlirdi. Qalan hamısı bizim uşaqlar idi. Biz ora təzə gedəndə, onun qızı 1-ci sinfə gəlirdi. Bütün uşaqlardan fərqlənirdi. Anası uzun, çox uzun saçlarını hörərdi... Qızlarımız isə demək olar ki, hamısı keçəl idi...

 

- Niyə?

 

- Çünki bit olurdu. Ocaq qalayıb çimən uşaqların saçı necə olmalı idi ki? Ya keçəl, ya da qısa saçlı olurduq. İndi isə gördüyünüz kimi, saçlarımı uzadıram. (Gülür) Onun saçları isə uzun idi, həsədlə baxırdıq.

 

- Uşaqlarla necə davranırdı?

 

- Çox sakit qız idi, hətta onu zorla danışdırırdılar. Uşaqlarla heç vaxt oynamırdı, bilmirəm anası icazə vermirdi, ya özü istəmirdi. Mən onun öz yaşıdı ilə oynadığını görmədim.

 

- Yaşıdı demişkən, ora körpələr evi deyildi. Kiçik qardaşınızın da yaşıdı yox idi, bəs kiminlə qalırdı?

 

- Bacı-qardaşı baxan 3 azyaşlı da var idi. Qardaşım isə ilk gündən mənimlə bir yataqda yatırdı. 5 yaşı tamam olandan sonra isə birinci siniflərin yanına keçirdilər.

 

- Sizsiz rahat qala bilirdi?

 

- Əlbəttə, yox! Ağlayıb mənimlə qalmaq istədiyini bildirirdi. Amma bizim otaqda qalması mümkün deyildi. Artıq qızlar böyüyüb, yetkinlik yaşına çatmışdılar və onun yanında geyinib-soyuna bilmirdilər. Düzdür, qardaşım uşaq idi. Amma nəzərə alın ki, qızlar da uşaq idi...

 

- Çıxış yolu tapdınız?

 

- Belə qərara gəldik ki, mən balacaların otağa keçim. Müdirdən xahiş etdim ki, qardaşım gecələr tək yatmır. Zatən o otaqda uşaqlar gecələr qalxanda onlara dayə lazım olurdu, tək tualetə getmək üçün çox körpə idilər. Buna görə də etiraz etmədilər.

 

- O vaxt artıq neçə yaşınız var idi?

 

- 11-12 yaşlarımda idim. Mən böyük bacı kimi həmin otaqdakı 15 uşağın yanında yatır, gecələr onları tualetə aparır, səhərlər oyadıb geydirir, sıraya düzür və həftədə bir dəfə çimizdirirdim...

 

- Əlinizi soyuq su ilə yuyurdunuz, bəs hamam şəraiti necə idi?

 

- Hamam yox idi. Həyətdə ocaq qalayır, böyük qazana su doldurub qaynadır, qaynar suyu vedrə ilə içəri daşıyır, çimirdik...

 

- Ocaq qalamaq, qaynar su daşımaq... Bu işlə 11-12 yaşlı uşaqlar məşğul olmalı deyillər axı...

 

- Tərbiyəçilər, dayələr etməli idi, ancaq biz edirdik. Səbəbini bilmirəm... 15-16 yaşlı oğlanlar özləri edirdilər. Balaca uşaqlar isə mənim öhdəmdə idi. Qardaşıma görə...

 

Uşaq evi elə bir yerdir ki, orda yeyib-içirsən, orda qalırsan. Dəftərlərin də sinifdə olur. Yəni qəfildən çox intizamlı bir həyata girirsən. Səhər sıraya durmaq, yemək, məktəb... və gecə sıraya durub yatmaq. Gözünü həyata açırsan ki, artıq sırada dayanmısan. Ailədən gələn uşaqlar üçün bu dəhşətdir. Bizim heç vaxt orda aqressiv davranışımız olmadı. Bəlkə də sakit təbiətli ailədən olduğumuz üçün çox itaətkar idik. İçimizdə əzab çəksək də, büruzə vermirdik.

 

- Başqa uşaqlar necə idi?

 

- Biz ağlayanda bir küncə çəkilib sakit ağlayardıq. Səsli, kiməsə bağıraraq, başımıza adam toplayaraq ağlamazdıq. Mən yatanda hiss edirdim ki, bacım yorğanın altında ağlayır, o da hiss edirdi ki, mən ağlayıram. Bəzən isə analar, ya da polis ora elə uşaqlar gətirib verib gedirdilər ki, onlar qapını cırmaqlayaraq ağlayırdılar. İlk günləri alışa bilmirdilər, çığırtı səslərini eşidirdik. Bizsə... gələndə təbii ki, ağlayırdıq... Bizə yerimizi göstərəndə də, yeməyə gedəndə də ağladığımızı xatırlayıram. Amma özümüzü parçalamır, etiraz etmirdik. Göz yaşımız sakitcə axıb yanağımızdan aşağı tökülürdü...

 

- Bəs kiçik qardaşınız?

 

- O çox körpə idi, heç nə başa düşmürdü. Ümumiyyətlə isə çox sakit və rahat uşaq idi. Gecələr oyanıb ağlamağı var idi. Çörəyə öyrətmişdik. Ayılan kimi tez əlinə çörək verirdik, sakitləşirdi. O, çörəyi çox sevirdi, özü də içini... Dişləri yeni çıxırdı. Toppuş uşaq idi. Onu əsas çörək və çay ilə saxlayırdıq. Bir az şirin edirdik. Orada şirin çay verilmirdi. Ağ rəngli şüşə butulkası var idi, doldururduq, ağır olurdu bizə...

 

- Çörək necə, yetərincə verirdilər?

 

- Çörəyi az verirdilər. Ona görə də biz bacımla çörəyimizi yemir, qardaşım üçün saxlayırdıq... Orda çəkdiyimiz bütün əziyyətlərə rəğmən qardaşımı başqa körpələr evinə göndərmədiklərinə görə minnətdaram.

 

- Ordakı uşaqların arzuları necə olur?

 

- Ən böyük arzu iki cür olur. Kiminsə gəlib səni övladlığa götürəcəyi ümidi... Bir də böyüyüb ordan çıxmaq...

 

- Sizin ən böyük arzunuz hansı idi?

 

- Bəlkə evdən gəldiyimiz üçün, ailənin nə olduğunu bildiyimiz üçün idi, bilmirəm, həmişə gözləyirdim ki, kimsə gələcək... Nəticə etibarı ilə hamı ordan çıxmaq istəyir. Amma bəzilərində heç o arzu da olmur. Bir sözlə, orda pozitiv heç nə olmur. Rəhmətlik atam “oxumaq çox vacibdir” deyərdi. Bizə iki nəsihət verərdi. Bir ədəb, bir də oxumaq. Əgər bu ikisi olarsa insanın həyatında mütləq bir işıq olacaq. Ailəm bu ikisinin üstündə çox ciddi dayanardı. Düşünürəm ki, uşaqlıqdan oxumağa marağımız da elə bundan irəli gəlirdi. Yoxsa, orda heç bir uşağa “oxu” deyilmirdi.

 

- Uşaqların dərslə arası necə idi?

 

- Uşaqlıqda hamı böyüyəndə kim olacaqlarını deyib, xəyallar qurardılar. Amma 9-cu sinfə çatanda hamı oxumağı buraxırdı... Uşaqlıq arzularından əsər-əlamət qalmırdı...

 

- Səbəb?

 

- 16-17 yaşına çatanda müdir tez-tez “burdan çıxıb harda qalacaqsan” deyirdi. Tərbiyəçilər isə daima “onsuzda bir ilin qalıb, cəhənnəm olub gedəcəksən” deyirdilər. Bu da uşağa təsir edirdi ki, 18 yaşım olan kimi hara gedəcəm? Oğlanların yenə tək ümidi var idi ki, əsgərliyə gedəcəklər. Qızlar üçün isə bu “hara gedəcəyəm” daha dəhşətli sual idi... Özlərini itirirdilər... “Hara gedəcəyik” qorxusu uşaqları elə bürüyürdü ki, heç oxumaq yada düşmürdü...

 

- Heç deyən olmurdu ki, dərslərinə fikir ver...

 

- Qətiyyən! Son iki ili uşaqlara psixoloji basqı olur. “Cəhənnəm olub gedəcəksən” deyirlər, sənsə ürəyini yeyirsən... Burdan getməyi həmişə arzulasan da, hələ hazır deyilsən. Axı həyatın boyu o qapıdan bayıra çıxmamısan.

 

(Davamı olacaq)

 

II hissədə:

 

- Uşaqları kontrolda saxlamaq üçün, dəhşət filmləri göstərirdilər

 

- Ən çox boşanan ailələrin uşaqları əziyyət çəkirdi. Onları məhkəməyə aparırdılar, qayıdandan sonra uşaq daha da pis olur, aylarla ağlayırdı...

 

- Kitablar oxuyurduq, əsərlərdən bilirdik ki, əslində ana necə olur...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8337
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar