11 yaşlı qızın <span style="color:red;">QAN DONDURAN DRAMI  “Sement, daş daşıyırdıq, yenə döyülürdük” -<span style="color:red;"> III hissə
17 mart 2015 14:44 (UTC +04:00)

11 yaşlı qızın QAN DONDURAN DRAMI “Sement, daş daşıyırdıq, yenə döyülürdük” - III hissə

Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları üzlərinə taybatay açan yox, gəldikləri yerin adı duyulunca bütün qapıların sifətlərinə çırpıldığı insanlar olacaq. Bir ananın qucağından, bir atanın sığalından məhrum olub yerin dibinə düşən, ordan böyüyüb öz ayaqları üstünə qalxan insanlar... Körpə yaşdan dünyanın bütün vəfasızlığını görmüş, içlərində ünvansız nəhəng sevgi saxlayan insanlar – internat məzunları.

 

Onların məktəbdən sonrakı həyatı həmişə mənə maraqlı idi və gün gəldi ki, bu marağımın dalınca düşdüm. Əgər bu, sizə də maraqlıdırsa, F-11 düyməsinə klikləyin.

 

 

Gülayət Hacıyeva Amerika Birləşmiş Ştatları, Stetson Hüquq Universiteti Beynəlxalq Cinayət Hüququ bölumunün magistrıdır. Eyni zamanda burada dosent köməkçisidir. Lent.az-ın “İnternat dramı” layihəsinə həyat hekayəsini danışmağı özü istədi.

 

***

 

Əvvəli http://news.lent.az/news/195926

 

- Oğlan yaxınlaşanda hamı gilas ağzında susub dayandı ki, yəqin indi bizə selbə atacaq. Ya da müdirə şikayət edəcək. Elə qəzəbli idi ki... Yaxınlaşıb Məhəmmədə acıqlanıb, qovdu. Dedi “çıx get evinizə, dəymə, uşaqlar gilas yeyir”. Amma uşaqlar gedib atalarına demişdilər...

 

- Cəza oldu?

 

- Çağırıb üstümüzə qışqırdı ki, niyə qonşunun ağacına çıxıb gilas yemisiniz? Dedik, qonşu özü icazə verdi, oğurlamadıq. Məsələ belə bağlandı. Məhəmməd özünü çox pis aparırdı. Qızlara o qədər söz atırdı, elə davranırdı ki, axırda oğlanlarımızdan biri dözməyib onu möhkəm döymüşdü. 7-ci sinifdə oxuyurdu, Emin Cəfərov... Ən qısa zamanda polis gəlib onu da apardı... Biz heç nə edə bilmədik, halbuki, o bizi qorumuşdu...Emindən onsuz da xoşları gəlmirdi. O, bir neçə dəfə demişdi ki, bizim payımızı evə aparır, bizi ac saxlayırsınız. Həm də uşaqları döyəndə də etiraz edirdi. Bunun doğru olmadığını deyirdi. Hətta ora gələn qonaqlara da şikayət etmişdi.

 

- Ən ağır cəzanız hansı olub?

 

- Qubada döyüldüyümü deyə bilmərəm. Amma Bakıda döyüblər... Sıraya düzüləndə saçımı dartıblar, qulağım çəkilib... Qardaşıma daha sərt cəzalar veriblər. Mən uşaq evində çalışan heç bir insanın uğurlu həyatını görmədim. Çox haqsızlıq eləmişdilər axı...

 

- Sonrakı talelərindən xəbəriniz olanları oldu?

 

- Qubadakı müdir uşaqları çox möhkəm təpikləyirdi, ölməzdən əvvəl ayaqları tutuldu. Uşaqlardan eşitdim ki, arabada gəzdirirlər.

Mətbəxdə işləyən bir qadın var idi, 21 yaşlı qızı da orda çalışırdı. Qızı uşaqların qulağını, dodağını, qolunu dartır, çox vəhşicəsinə döyürdü. Anlamırdıq ki, 21 yaşlı insan necə bu qədər aqressiv ola bilər. Uşaq sakit durmayan kimi başına möhkəm qapaz vurur, ya da tutub divara çırpırdı... O qız özü ailə qurandan sonra övladı anadangəlmə fiziki qüsurla doğuldu. Sonra boşandı... Eyni talenii bacısı da yaşadı. Ailələri dağıldı...

 

Orda həkim var idi, xəstə olduğumuz halda “sağlamdı” deyirdi. Hər ay bizi tərəzidə çəkirdilər. Görürdük ki, 35 kiloqramıq, o isə 47 yazırdı. O, indi kor olub...

 

İsmayıl adlı bir gecə tərbiyəçimiz var idi. Çox qəddar idi. İndi iflic olub. Eşidəndə heç pis də olmadım. Əgər mənə qəddar birinin şəklini çək desələr, gözümün önündə İsmayıl canlanar. Ümumiyyətlə, tərbiyəçiləri təsəvvür edərəm.

 

İsmayılın həyat yoldaşı var idi, Şahnaz. Təsəvvür edə bilməyəcəyiniz qədər zalım qadın idi. Müdirin katibəsi işləyirdi, onunla arası yaxşı idi. Axşamlar evə gedəndə məktəbdən oğurladığı yeməkləri bizim uşaqlara daşıtdırırdı...

 

- Uşaqların payını özlərinə daşıtdırırdı evinə?

 

- Hə...

 

- Yolu uzaq idi?

 

- Yox, yaxında idi. Hərdən o qədər ağır bağlamalar düzəldirdi ki, uşağın gücü çatmır, aparmamaq üçün üzünə qayıdırdılar ki, sən bizim yeməyimizi evinə daşıyırsan, özün apar, biz sənin hambalın deyilik. Səhərisi Şahnaz gedib müdirə deyirdi ki, o uşaq tərbiyəsizlik edib...

 

- Müdir nə edirdi?

 

- Otağına çağırıb döyürdü. Sonra qəfildən polis gəlib o uşağı aparardı. Şahnaz həmişə deyirdi ki, ərimdən it kimi qorxursunuz, amma o sizə hələ az edir. Siz daha betərinə layiqsiniz, çünki yaxşı olsanız, burada olmazdınız.

 

- İsmayılın cəza metodları necə idi?

 

- O, çox möhkəm, amansızcasına döyürdü. Cəza üsullarından biri dəhlizin bu başından o başınacan sürünərək getmək idi... Üst-başımız çirk içində olurdu. Həm yumaq çətin idi, həm də çimmək... Uşaqları qaranlıq otağa salıb, qapını bağlayar, saatlarla zülmətdə saxlayırdı. Bir neçə dəfə məni də salmışdı, çox qorxulu idi. Uşaqların İsmayıldan qorxması oradakı hər kəsə xüsusi ləzzət edirdi. İsmayıl qardaşıma çox əziyyət verirdi...

 

- Hansına?

 

- Məndən bir yaş kiçik olanına... Bir də Rüfət adlı bir oğlan var idi, bir dəfə dözməyib ona bir şillə vurmuşdu.

 

- Rüfətin axırı necə oldu?

 

- Heç bir ay keçmədi, polis gəlib apardı. Rüfəti qınamayın, bilirsiz, dözülməz hərəkətlər edirdi... Uşağı söymək, fiziki təzyiqdən pisdi. Hər gün atılmış, kimsəsiz olduğumuzu, getməyə heç bir yerimizin olmadığını deyirdilər. Hətta bizi mürdəşir sifətli, zəhlətökən, cəmiyyətə yararsız, kimsəyə faydası olmayan adlandırırdılar...

 

- Körpə uşağın cəmiyyətə hansı faydası olmalı idi?

 

- Bilmirəm. Üstəlik deyirdilər ki, necə ki, indi bir adama xeyriniz yoxdu, heç vaxt da olmayacaq. Sizdən bu cəmiyyətə heç vaxt xeyir gəlməyəcək...

 

18 il sərasər o qədər belə sözlər eşidirsən, artıq ordan çıxandan sonra, cəmiyyət arasında düşünürsən ki, həqiqətən də mürdəşirəm, yararsızam, gərəksizəm, heç kimə lazım deyiləm. Bir də, daha pisi – ikiüzlü insanların yanında böyüyürsən. Qonaqlar gələndə səni yaxşı yedirib qucaqlayan, gedən kimi təhqir edib ac saxlayan insanların. O əllər səni qucaqlayanda bilirsən ki, qonaq qapıdan çıxan kimi səni buraxacaq. Bu belə də olur. Bu ikrahlığı görərək böyüyürsən...

 

- Qonaqlar gedəndən sonra münasibət necə olurdu? Həmən dəyişirdi, yoxsa...

 

- Bizdə Anacan adlı bir qız var. Bir dəfə qonaqların yanında tərbiyəçi Gülpəri onu qucaqlayıb öpdü. Hamımız məəttəl qaldıq. Axı gecələri yerini islatdığı üçün onun adına Anacan yox, “sidik torbası” deyirdilər... Qonaqlar gedən kimi Anacanı itələyib “cəhənnəm ol burdan, səndən iy gəlir” dedi. Çimməyən, yerdə süründürülən uşaqdan iy gəlməliydi də...

 

Hərəni bir səbəbdən sevmirdilər. Məsələn, dinə meyl etdiyinə görə bacıma qarşı sözlü təhqir çox olurdu, psixoloji təzyiq edirdilər. Orda Lalə adlı bir qız var idi, namazı öyrənmişdi. Bizə də öyrədirdi. Heç çox hərəkəti düz eləmirdik, amma çalışırdıq namaz qılmağa. Yadımızda qalmışdı ki, anam hər cümə günü bizi çimizdirər, sonra dua edərdi... Biz də bacımla dua etməyə çox meylli idik... Heç yadımdan çıxmır, bir dəfə bacım, Lalə və mən namaz qılırdıq. Müdir içəri girib səcdədə olduğu vaxt Laləyə necə bir təpik vurdusa, qız bir həftə belini düz tuta bilmədi. Başa düşürəm, bəlkə uşaq yaşından dinə meyl etməyimizi istəmirdilər, amma onu belə qəddarlıqla etmək nə qədər doğru idi...

 

- Uşaqlarda dinə meyl hardan yaranırdı?

 

- Ora gələn dindar insanlar, hicablı qadınlar bizimlə o qədər şəfqətlə davranırdılar ki, onlara oxşamaq istəyirdik. Onlar da bu cəhətimizli ələ salırdılar. Bacıma molla deyib lağ edir, gülürdülər. Bacım 7-ci sinifdə oxuyanda başını bağlamağa başladı. Buna görə çox sözlü təhqirlərə məruz qaldı. Ona elə davranırdılar ki, sanki dünyanın ən alçaq, ən əxlaqsız hərəkətini edir. Halbuki, o sakitcə namazını qılar, bizə, əziyyət edilən bütün uşaqlara səbirli olun deyərdi. Bacıma qarşı olan bütün alçaldıcı münasibətləri bir tərəfə, uşaq evinə dindar qonaq gələn kimi bacımı göstərib, baxın, bizim də dinlə maraqlanan, başını bağlayan qızımız var deyirdilər...

 

Bax, belə yalanların içində böyüyürsən. Müdirin qohumları həmişə orda olur, orda yeyir, uşaqlarını oradakı tərbiyəçilərin yanına qoyub qonaqlığa gedirlər. Bayramlarda uşaq evinə yardım gətirənlər çox olduğu üçün bütün qohumların uşaqlarını toplayıb, uşaq sayını çox göstərirdilər...

 

İndi Təhsil naziri Mikayıl Cabbarova təşəkkür məktubu yazmağı düşünürəm. Mətbuatdan izləyirəm, nazirlik bəzi yeniliklər edib, minnətdaram. Çox istəyərəm uşaq evlərinə güclü psixoloqlar göndərilsin, 15 uşağa bir yox, 5 uşağa bir tərbiyəçi baxsın. Ən önəmlisi, uşaq evlərinə kameralar yerləşdirilsin və bu kameraları ancaq nazir özü görə bilsin. Baxıb görsün ki, əslində uşaqlara necə davranırlar.

 

- Quba uşaq evində neçə yaşına kimi qaldınız?

 

- Orda tam orta məktəb deyildi deyə, X-XI sinifləri oxumaq üçün bizi Gəncəyə göndərdilər. Sağ olsunlar, yenə xatırlayanda orda yaşadığımız bütün çətinliklərə, çəkdiyimiz bütün əzablara rəğmən təşəkkür edirəm ki, bizi ayırmadılar. Bir yerdə göndərdilər.

 

- Gəncə necə idi?

 

- O günləri heç xatırlamaq istəmirəm...

 

- Heç olmasa bir neçə cümlə ilə o ümumi mənzərəni təsvir etsəz...

 

- Səhər tezdən uşaq evinin müdirinin oğlu gəlir, böyük yaş qruplarını maşına yığıb aparırdı...

 

- Hara?

 

- Böyük bir torpaq sahəsi idi, villa tikirdilər. Biz də qumu, sementi vedrəyə doldurub ustaya gətirirdik. Kərpic, daş daşıyır, torpaq qarışdırırdıq.

 

- Qızlar da?

 

- Bəli. Biz ustaya kömək edirdik. Ağırlıq qaldırmaqdan “qrija” olan uşaqlarımız var idi. Quba ilə Gəncənin fərqi onda idi ki, Qubada müəllimlərin, tərbiyəçilərin evində işləyirdik, Gəncədə isə ev tikirdik...

 

- Kimə tikirdiniz bu evi?

 

- Uşaq evinin müdirəsi Rəfiqə xanıma...Ya tikintidə işlədirdi, ya da evində. Hər işi görürdük, amma yenə döyülürdük. Bir də görürdün gecə saat birdə qadın gəlib qızları oyatdı, dedi gəlin məni masaj eləyin. Baxmayaraq ki, gündüzü ağır işdə işləmisən, yenə də qalxıb masaj etməliydin. Yoxsa cəzan ağır olacaqdı...

 

- Orda cəza üsulları necə idi?

 

- Sözlü təhqir öz yerində, üstəlik çox möhkəm döyürdü. Otağına salıb elə döyürdü ki... Qaşığı qızdırıb uşağa dağ basırdılar. Bu, uşaqların ən çox qorxduğu cəza idi...

 

- Nəyin üstündə?

 

- Adi şeylərin üstündə. Məsələn, hamısı tikintidə ağır daş, qum qaldıran uşaqlar idi. Gecə yatanda olurdu ki, yatağını isladır, ya paltarına nə isə bir ləkə salırdı, o saat qaşıqları düzürdülər qızmağa... Hamının saçı keçəl, baxmırdılar başıdı, qoludu, bədənidi, dağlayırdılar... Üstəlik, bizi oğlu ilə qorxudurdu... Oğlu polisdə işləyirdi, gəlib bizi xüsusi şöbəyə aparar deyə qorxumuzdan səsimizi çıxarda bilmirdik.

 

- Bayaq dediz ki, Qubada müəllimlərin, tərbiyəçilərin evində işləyirdik...

 

- Əlbəttə! Böyük qızlar hamısı işləyirdi. Mən məktəbin şüşələrinə qədər silirdim. Təbii ki, heç bir pul da almırdım buna görə. Əvvəllər xadimə var idi, sonradan çıxartdılar. Müdir dedi sizi burda saxlayırıqsa, təmizliyi də özünüz edin. Böyük dəhlizlər, otaqlar, yüzlərlə uşağın tökdüyü zibil... Təmizləmək asan deyildi. “Kavralit”ləri də özümüz yuyurduq.

 

İkinci sinifdə Hacıağa adlı bir oğlan var idi, bir dəfə biz qızlar ikinci mərtəbənin “kavralit”ini pəncərədən atanda ki, aşağıda yuyaq, onun başına düşmüşdü. 7 yaşlı uşaq zərblə dəymişdi betonun üstünə. Onu həkimə də aparan olmadı, elə ordakı həkim müayinə etdi. Düz bir ay onu Hacıağanı ora gələn qonaqlardan gizlətdilər, sonra da başqa uşaq evinə göndərdilər.

 

Qızların çoxunun böyrəyi ağrıyırdı soyuq su ilə işləməkdən. Bütün bunlarla yanaşı imkan tapan kimi dərs də oxumağa çalışırdıq. Üstəlik, müəllimlərin, tərbiyəçilərin evini də biz təmizləyirdik. Təsəvvür edin, nazik biləklərimizlə yunlarına qədər çırpardıq. Heç vaxt unutmuram, tərbiyəçilərdən biri məni səhər yeməyi verilməzdən gəlib evini təmizlətməyə aparar, ac-susuz onun evinin döşəmə, tavan, pəncərə... nəyi var yuyub təmizləyərdim. Yemək vaxtı məni uşaq evinə geri qaytarıb “burda ye, yenə gedəcəyik” deyirdi. Orda da doyunca yemək vermirdilər. Sonra yenə geri qayıtdıq, gecəyə qədər təmizlik davam elədi, başım fırlanırdı...

 

Bu hadisəni ona gör heç vaxt unutmuram ki, o qadının saçları ağarmışdı... Axı bizə tez-tez deyirlər ki, ağbirçəyə hörmət edin...

 

Gəncədə isə bu iş ikiqat artmışdı. Demək olar ki, yemək də vermirdilər. Qubada az da olsa, çörək var idi. Düzdür, orda da ac qaldığımız günlər çox olurdu. Gəncədə isə çörəyi acından ölməmək üçün verirdilər... Həm də orda çörək çox iyli olurdu.

 

- Gündə üç dəfə yemək verirdilər?

 

- Səhərlər o qədər az yemək verirdilər ki... Elə ac olurduq ki, güclə işləyirdik. Amma onun oğlundan qorxurduq deyə, dayanmadan işləməyə çalışırdıq. Bir də axşam qayıdırdıq. Onda da salat kimi yüngül qidalar. Bəzən olurdu bir dilim qarpızla yola verirdilər. Açıq deyirəm, Gəncədə xörək yediyimiz yadıma gəlmir.

 

Mən heç vaxt demirəm ki, uşaq evində böyümüşəm. Mən, orda yaşamaq uğrunda mübarizə aparmışam. Orda böyümürsən, evdə böyüyürsən. Demirəm hər gün döyürlər, yox, amma psixoloji olaraq o qədər təzyiq var ki, sənin orda hər dəqiqən yaşamaq uğrunda mübarizədir, çarpışmaqdır...

 

- Gəncədə nə qədər qaldınız?

 

- Allah bizi onda istədi ki, bir neçə aydan sonra Bakıya göndərildik.

 

- Orda məktəbə getdiniz?

 

- Yox, elə Qubada məktəbi bitirib Gəncəyə göndərildik, yay tətilində tikintidə işlədik, payıza yaxın Bakıya gəldik.

 

- Bura necə idi?

 

- Burada ən çox qorxduğumuz zərbəni aldıq. Bir müddətdən sonra kiçik qardaşımı bizdən ayırıb, başqa uşaq evinə göndərdilər. Burada o yaşda uşaq yoxdur dedilər. Halbuki, bir iləcən orda qaldı, məktəbə getdi. Qaldığımız yer əsasən küçə uşaqları və küçəyə düşmə ehtimalı olanlar üçün idi. Uşaqları ora küçədən gətirirdilər. Yadımdadır, ora elə uşaqlar gətirirdilər ki... Küçədə qalıb kley iyləyən, içki içən uşaqlar.

 

- Onları sizinlə bir yerdə saxlayırdılar?

 

- Bir yerdə qalırdıq. Sadəcə qab-qaşığımız ayrı olurdu. Ünsiyyətdə olurduq, görürdük ki, aqressivdilər. Bizim kimi uşaqlarla işləmək asan idi, çünki hər dəqiqə küçəyə atılacağımızdan qorxurduq. Onlarda isə qorxu hissi yox idi, küçədən gəlmişdilər.

 

Polislər bardan 13 yaşlı bir qızı tutub, ora gətirmişdilər. Qız gecələr bizə barda kişilərlə arasında olan hər şeyi danışırdı. Bizə çox iyrənc görünürdü... Üstəlik, qız səhərə qədər bizə qəribə gələn səslər çıxardırdı...

 

- Şərait necə idi?

 

- Quba ilə, Gəncə ilə müqayisədə çox yaxşı idi. Doyunca yemək var idi, çimmək üçün daha həyətdə ocaq qalayıb su qızdırmırdıq, hamam şəraiti yaxşı idi. Ən önəmlisi isə uşaq evinin ayrıca məktəbi yox idi. Bütün uşaqlar üçün olan orta ümumtəhsil məktəblərinə gedirdik. Bu, sosiallaşmamıza çox təsir edirdi. Təsəvvür edin, aptekə gedib bir dərman almaq belə insanı formalaşdırır. Biz isə  ömrümüzdə alış-veriş etməmişdik. Həmişə maşınla gələn yeməkləri anbara daşıyıb, sıraya dayanmışdıq. Buna görə də birdən-birə oradan bayıra çıxanda, o sıradan ayrılanda mən hara gedəcəm, necə olacam deyə vahimələnirsən.

 

- Burada məktəbə tək gedib gələ bilirdiniz?

 

- Səhərlər bizi bir müəllimə aparırdı. Qayıdanda isə tək gəlirdik. Yəni Qubadan və Gəncədən fərqli olaraq üstümüzdə bir müəllim nəzarəti var idi. Ən yaxşı cəhətlərindən biri də ora gələn qonaqlarla münasibətlərimizin qurulması idi. Tələbələrin axını var idi. İnsansevər olduğumdan bu mənə çox böyük dəstək oldu. Burada da dindar adamlar tez-tez uşaq evinə gələr, bizimlə insafla davranardılar. Onları bu gün də sevgi ilə xatırlayıram. İlhamə xanım var idi, könüllü gəlib bizə “Quran”ı öyrədirdi. Bu bacım üçün çox yaxşı fürsət idi, ondan “Quran” dərsləri alırdı.

 

- İlk dəfə cəmiyyət arasına çıxmağınızı, o sıradan ayrılmağınızı necə xatırlayırsınız? Necə idi?

 

- Hansısa şirkət uşaq evinə məktəb ləvazimatları gətirəcəyini söz vermişdi, amma gecikdirirdi. Müdir dedi ki, məktəblə danışmışam, siz məktəbə bir neçə gün sonra gedəcəksiniz, paltarlarınız hələ gəlməyib.

 

Uşaqlıqdan bir cəhətim var idi, bütün haqsızlıqlara sakit qala bilərdim, amma dərsdən uzaqlaşdırsalar etiraz etməliydim. Ailəmdən yadımda qalan bir kəlmə var idi, o da atamın “oxuyun” deməsi. Buna görə də dərsə bir neçə gün gec getmək mənə çox ağır gəldi. Dedim ki, mənim paltarım var, dərsdən qalmayacağam. Ayaqqabılar gəlməlidir dedilər, mənim ayaqqabım var dedim. Hanı soruşdular, ayağımda kənarındakı cırığını ağ sapla tikdiyim göy tərliklərimi göstərdim. Cins şalvarım, bir də ütüsüz  köynəyim var idi.

 

İlk dərs günü cins şalvar, ütüsüz köynək və ev tərliyi geyinib məktəbə getməyə hazıram dedim. Müəllim təkcə məni məktəbə gətirdi. Həyətə girəndən hiss etdim ki, hamı mənə baxır, amma başa düşmədim niyə baxırlar. Bütün uşaqlar ağ köynək, qara yubkada, ya da şalvarda idi. Demə bu məktəbli forması imiş. Biz ömrümüz boyu belə şey görməmişdik. Pijamamızı çıxardıb, nə oldu geyinib, sıraya düzülüb aşağı, sinfə düşən uşaqlar idik...

 

Sıraya düzülüb himn oxuduq. Müdir bilirdi uşaq evindən gəlmişəm, sinif rəhbərinə isə deməmişdilər. O, mənə yaxınlaşıb dedi ki, sabah belə geyinmə, məktəbə ağ köynək, qara yubka ilə gəlməlisən. Dərsin sonuna qədər məni fikir götürdü ki, axı sabahacan dəqiq mənim ağ köynəyim, qara yubkam olası deyil. Mənsə oxumaq istəyirəm.

 

Dərs qurtardı, uşaqlar dağılışdı, müəlliməyə yaxınlaşdım ki, “mən uşaq evindənəm,  bizim paltarlarımız hələ gəlməyib. İcazə versəydiniz, mən bu paltarlarla dərsə davam edərdim”.

 

Müəllim çox pis oldu, “sən bu sinifdə yeganə uşaqsan ki, dərsə istədiyini geyinib gələ bilərsən” dedi.

 

- Uşaqların sizə münasibəti necə idi?

 

- O məktəb yaddaşımda ən yaxşı yer kimi qalıb. Orda müəllimlər də, uşaqlar da çox yaxşı insanlar idi. Məktəbin direktorunu bu günə qədər ehtiramla xatırlayıram.

 

- O geyimdə neçə gün getdiniz?

 

- Hardasa bir ay. Uşaqlar kitab, dəftər, qələm də vermişdilər. Sonra paltar gəldi, hamı kimi ütülü geyinib gedirdim. Artıq onlardan biri idim, seçilmirdim...

 

- Bu uşaq evində də şiddət var idi?

 

- Var idi. Müdir özü də, bacısı da, bacısının qızı da, tərbiyəçilər də... Həm söyüb alçaldır, həm də döyürdülər. Bizi qapaz altında, təhqir eşidərək böyüdüb sonra da “heç kimə lazım deyilsən” deyirdilər. Qulağımızın eşitdiyi ancaq o idi ki, fərli zibil olsan, Allah səni bura salmazdı, valideynləriniz sizi atmazdı. İndinin özündə də...

 

- İndi də belə deyirlər?

 

- Bəli. Orda olduğumuzu təsdiq edən arayış lazım olanda bacım getmişdi. Deyib ki, bacın Gülayət nə qədər Türkiyədə, Amerikada təhsil alsa da, cəmiyyət üçün yararsız məxluqdu. Heç birinizin cəmiyyətə faydanız yoxdur.

 

Mən başa düşmürəm, ömrü boyu haqqımızı yeyiblər, evlərində işləmişik, döyüblər, alçaldıblar, hər cür təhqirlərinə dözmüşük və bununla yanaşı ayaq üstdə dayanmaq üçün oxumuşuq, cinayətkar olmamışıq. Daha nə etməliydik? Onların özlərinə yaradılan bütün şəraitin müqabilində cəmiyyətə nə kimi faydaları var? Günahsız körpələrə zülm etməkdən, haqlarını yeməkdən başqa? Ümumiyyətlə, bu adamlar insanın cəmiyyətə faydasının nə olduğunu bilirlər?

 

O uşaq evində vəziyyət belə idi. Müdir hamıya uşağın sayını çox deyirdi. O əlavə etdikləri də hamısı qohumların uşaqları idi. Hətta bir dəfə qonaq gələn türk iş adamına qardaşı qızını göstərib bu uşağımızın ad günüdür dedi. O adam Bakı Əyləncə Mərkəzində uşaq üçün ad günü etdi, xeyli hədiyyələr gəldi. Ad oldu ki, yetim üçün ad günü elədilər, o uşağın atası da var idi, anası da... Budur cəmiyyətə fayda vermək?

 

Səriyyə adlı bir xanım var idi, hicablı idi. Çox yaxşı imkanı var idi deyəsən. Bizə tez-tez baş çəkər, həmişə də əlidolu gələrdi. Müdir kənarda bacımı ələ salıb, “mollaxanım” desə də, onun yanında bacımı göstərib, baxın, biz də uşaqlarımızın dinlə məşğul olmasına çalışırıq deyirdi. Səriyyə xanım bir qış uşaq evinin bütün uşaqlarına palto almışdı. Müdir onları otağına yığıb, mən sonra hərənin öz paltosunu verəcəyəm dedi. Təbii ki, vermədi. Bir dəfə bacım Səriyyə xanıma dedi ki, sizin gətirdiyiniz heç nəyi bizə vermirlər. Həmin günü Səriyyə xanım gətirdiklərini bir-bir özümüzə verdi. Növbəti dəfə isə o gələndə müdir dedi ki, şərtlər dəyişib. Xəstəlik keçər deyə içəri kənar şəxslər buraxılmır.

 

İmkanı olan adamlar uşaq evinə aş bişirib gətirirdilər. Aşın ətini götürüb, düyüsünü bizə verirdilər. Çox vaxt adamlar deyirdi ki, uşaqlar yanımızda yesin, deyirdilər ki, uşaqlar indi yeyib, saxlayıb sonra verəcəyik. Kimi dirənib istəyinə nail olur, bizi özü yedirirdi, kimi isə inanıb gedirdi. Plovun düyüsünə bir az su qatıb şorba adına qoyurdular qabağımıza...

 

Və ya uşaqlara gələn ərzaqlarla şirniyyat sexi açmışdılar. Bütün günü iyi gəlirdi, onlarsa yanımızdan aparıb satırdılar. Azersun Holdinq hər ay bizə ərzaq gətirirdi. Onların işçiləri ərzaqları özləri anbara daşıyır, bizə də gülə-gülə deyirdilər ki, baxın, əmilər sizə yemək-içmək gətirib. Yeyin, için, kef eləyin. O ərzaqların hamısı sonradan şirniyyat sexinə daşınırdı. Sonra o şirniyyatları podnosa yığıb uşaqlarımıza satdırırdılar. Bir dəfə üstü açıldı, yoxlama gəldi. Tez şirniyyat bişən otağa çarpayı düzüb, bizim yataq otağımız kimi təqdim etdilər...

 

Qurban bayramında uşaq evinə çoxlu qoyunlar gətirilirdi. O qoyunlar heç biri kəsilmir, müdirin Bakı kəndindəki torpaq sahəsinə göndərilirdi. Qoyunların ardınca isə növbə ilə biz ora göndərilirdik...

 

- Niyə?

 

- Çobanlığa...

 

(Davamı olacaq)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8594
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar