Turin komandasının mətbuat xidmətindən verilən məlumata görə, prezident Andrea Anelli və "Yuventus"un rəhbərliyinin əksəriyyəti istefa verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Yuventus”da maliyyə şəffaflığına dair iclasda prezident Anelli, baş direktor Mauritsio Arrivabene, vitse-prezident Pavel Nedved və idarə heyətinin daha 7 üzvü istefa verib.
Bununla belə, Arrivabene gələn il yanvarın 18-də baş tutacaq yeni direktorlar şurası formalaşana qədər klubda qalacaq.
Şirkətin direktorlar şurası Mauritsio Skanavinonu baş direktor təyin edib.
Keçən ilin noyabrından "Yuventus"un prezidenti Anelli, klubun vitse-prezidenti Nedvěd və daha dörd idarəçi 50 milyon avro dəyərində saxta maliyyə hesabatları hazırladıqları iddiası ilə istintaq altında idi. Xüsusilə, Kriştiano Ronaldonun “Yuventus”a, Miralem Pyaniçin “Yuventus”dan “Barselona”ya transferi və digər alqı-satqılarla bağlı suallar yaranıb.