Qəbələ futbol komandasının baş məşqçiliyinə namizəd Yuri Siyomin vətəni Rusiyaya qayıdıb. Klubun vitse- prezidenti Fariz Nəcəfovun Lent. az-a verdiyi məlumata görə, məşhur mütəxəssis prezident Taleh Heydərovla görüşdən sonra Qəbələyə gedib, klubun infrastrukturu ilə yaxından tanış olaraq, gördüklərindən xeyli məmnun qalıb. Artıq Moskvada olan Siyomin düşünmək üçün vaxt istəyib: “Həm onun , həm bizin irəli sürdüyümüz şərtlər var. Qarşılıqlı razılıq əldə edə bilsək, mayın 20-də yenidən görüşərək müqavilə bağlayacağıq ”.
Rusiyalı məşqçi daha çox Moskvanın Lokomotiv, və Ukraynanın Dinomo Kiyev komandalarındakı işi ilə tanınıb. Azərbaycandan gələn təklifi qəbul edəcəyi halda isə o, əyalət klubunda çalışmalı olacaq. O, bunun Rusiyalı baş məşqçi üçün elə bir problem yaratmayaçağını deyib: “Siyomin hazırda elə bir yaşdadır ki, sakit yerdə çalışmağı daha çox istəyir. Bu baxımdan Qəbələ onun üçün çox əlverişlidir. Təbii ki, istəsə onu paytaxta da mənzillə təmin edə bilərik. Amma bütün bunlar, anlaşmadan sonra həll olunan məsələlərdir”.