Yığmamızın məşqçisi: “Ümid edirik ki, 7-ci lisenziyanı da əldə edəcəyik”
30 aprel 2016 12:41 (UTC +04:00)

Yığmamızın məşqçisi: “Ümid edirik ki, 7-ci lisenziyanı da əldə edəcəyik”

“Yığmamız Avropa çempionatına çox ciddi hazırlaşmışdı. Bu, Rio Olimpiadası öncəsi ilk сiddi sınağımız idi və idmançılarımız bu sınaqdan çox uğurla çıxdılar”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, cüdo üzrə Azərbaycan millisinin məşqçisi Fərhad Məmmədov deyib.

 

Azərbaycan cüdosu son 8 ayda intibah dövrünə qədəm qoyub. Ardıcıl turnirlərə qatılan yığmamız bu yarışlarda uğurlu nəticələr əldə edir. Millimizin son ciddi sınağı Rusiyanın Kazan şəhərində olub. Cüdoçularımız Avropa çempionatında 1 qızıl, 1 gümüş və komanda hesabında bürünc medal qazanmaqla, vətənə üzüağ dönüblər.

 

Yığmamızın son uğurları barədə danışan mütəxəssis bildirib ki, idmançılarımız daha çox mükafat qazanmaq gücündə olsalar da, bəzi səbəblər buna mane olub: “Avropa çempionu olan Rüstəm Orucov, gümüş medalla kifayətlənən Orxan Səfərov, həmçinin İlqar Müşkiyevdən də medal gözləyirdik. Lakin Müşkiyevin təsəlliverici görüşü bir qədər çətin keçdi və əlavə vaxta ehtiyac oldu. Burada da maraqlı bir texniki fənd işlədildi. Orta hakimlər qələbəni bizim idmançıya, baş hakim isə rəqibə verdi. Yəni İlqar da medal qazana bilərdi. Onunla yanaşı, Elmar Qasımov, Elxan Məmmədovdan da uğur gözləyirdik. Elmarın zədəsi vardı, tam bərpa olunmamışdı və bu səbəbdən də mükafatçılar sırasına düşə bilmədi”.

 

Avropa çempionatında Azərbaycan millisinin 5 illik qızıl həsrətinə Rüstəm Orucov (73 kq) son qoydu. Onun çempionluğa gedən yolundan danışan F. Məmmədov idmançımızın inamlı qələbəni əzmkarlıq sayəsində qazandığını deyib: “Mən belə fikirləşirəm ki, idmançılarımız hələ tam güclərini göstərməyiblər. Çünki ardıcıl yarışlara qatıldıqlarından bərpa dövrünü keçə bilməyiblər. Hazırda lisenziya xalı verən yarışlar davam etdiyindən vaxt yalnız Olimpiada öncəsinə qalır. Orucovun görüşlərinə gəldikdə, fikirləşirdim ki, Rüstəmin 2 dəfə uduzduğu rusiyalı Denis Yartsev əsas rəqib olacaq. Ancaq tərsinə oldu, onu rahat keçdi. Ən gərgin döyüşü finala təsadüf etdi. 66 kiloqramda Olimpiya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvili ilə bundan öncə 5 dəfə qarşılaşmışdılar və biri istisna olmaqla, digərlərində idmançımız qalib gəlmişdi. Bu dəfə isə döyüş gərgin mübarizə şəraitində keçdi. Yekunda isə Rüstəm əzmkarlıq sayəsində çempion oldu”.

 

R. Orucova qədər Avropa titulu qazanan idmançılarımızın hamısı uğurunu sonradan təkrarlaya bilib. Nazim Hüseynovla Elnur Məmmədli hərəyə 2, Elçin İsmayılov 3 dəfə qitənin ən yaxşısı olub.

 

N. Hüseynov və E. Məmmədli ilk Avropa çempionluğundan sonra Olimpiya Oyunlarında da eyni nailiyyəti qazanıb. R. Orucovun da növbəti qitə çempionatlarında və Rio Olimpiadasında şanslarını dəyərləndirən məşqçi bildirib ki, o da uğurları sıralamaq gücündədir: “Rüstəmin həvəsi böyükdür və əzmkarlıq hiss olunur. Avropa çempionatında da hər görüşdən öncə “qalib gələcəm” deyirdi. İnanıram ki, bir daha təkrarlanacaq. Axırıncı yarışlar da onun irəliyə doğru getdiyini göstərir”.

 

Avropa çempionatında iştirak edib, uğur qazana bilməyən cüdoçularımızın məğlubiyyətinin səbəblərindən danışan F. Məmmədov 66 kq çəki dərəcəsində yığmamızın 1 nömrəsi Nicat Şıxəlizadənin bu günlərdə tam gücü ilə məşqlərə başlayacağına da inam ifadə edib.

 

Hazırda 60 kq və 100 kq çəki dərəcələrinin hər birində 2 idmançımız Rio Olimpiadası üçün lisenziyanı təmin edib. Lakin son anda ən yüngül çəkidə Orxan Səfərovla İlqar Müşkiyev, digər çəkidə isə Elxan Məmmədovla Elmar Qasımov arasında seçim ediləcək. Məşqçinin sözlərinə görə, onların hansı meyara əsasən Braziliyaya aparılması ilə bağlı qərarı baş məşqçi Peter Zayzenbaher verəcək: “Lisenziya xalı verən 3 yarışımız qalıb. Bu turnirlərdə iştirakdan sonra onların hazırlıq səviyyəsinə baxılacaq. Bu idmançılar arasında sınaq döyüşünün keçirilməsinə inanmıram. Hər şeyə zaman aydınlıq gətirəcək”.

 

Ən ağır çəkidə (+100 kq) ölkəmizin şərəfini qoruyan yeganə milliləşdirilmiş legionerimiz Uşanqi Kokaurinin də Rio üçün vəsiqəni qazandığını demək olar. F. Məmmədov bildirib ki, gələcəkdə hansısa əcnəbiyə ehtiyac duymayacaqlar: “Yığmamızda həmişə sırf Azərbaycan idmançıları yer alıblar. Ancaq ağır çəki dərəcəsində problemimiz olub. Yeniyetmə və gənclərdən ibarət komandalarımızda güclü idmançılarımız var. Gələcəkdə də onların əsas millidə inamlı çıxışına ümid edirik”.

 

Ölkəmiz ilk dəfə Avropa çempionatının komanda yarışında çıxış edib və tarixinin ilk medalını qazanıb. Millimizin məşqçisi əvvəlki illərlə müqayisədə bu dəfə yarışa qatılmağımızın nədən irəli gəldiyinin səbəbini açıqlayıb: “Baş məşqçimiz həmişə komanda yarışlarına maraq göstərib. Hətta yığmaya ilk gəlişində, 2013-cü ildə Azərbaycanda klublararası çempionatının keçirilməsinə də nail olmuşdu. Avropa çempionatında da bunu istədi və orada bizə əlavə idmançılarımız da qoşuldular. Debütdə bürünc medal ölkəmiz üçün çox gözəl nəticədir. Üçüncü yer uğrunda heç də zəif olmayan Fransanı məğlub etdik. Hər bir idmançımız əzmkarlıq göstərdi və hər biri medal istəyində idi ki, bunun da nəticəsini gördük”.

 

Azərbaycan Kazanda qadın cüdoçuların yarışında yalnız Aişə Qurbanlı (48 kq) ilə təmsil olunub. Digər çəki dərəcələrində çıxış etməməyimizin səbəblərindən danışan mütəxəssis gələcəyə nikbin baxdıqlarını vurğulayıb: “Qadın idmançılarımız, cüdo ilə məşğul olan qızlarımız azdır. Yəqin ki, bu da mentalitetdən irəli gəlir. Ancaq yeniyetmələr və gənclərdən ibarət yığmalarımızda nəticə verən idmançılarımız var. Fikrimcə, gələcəkdə problemimiz olmayacaq”.

 

Neçə vaxtdır zədədən əziyyət çəkən Kifayət Qasımovanın gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirən mütəxəssis bildirib ki, o, müalicədən sonra yarışlara çıxmaq istəsə də, bu, alınmadı: “Zədələr ona imkan vermədi. Buna görə də lisenziya xalı verən yarışlarda iştirak edə bilmədi. Hazırda da zədəsinin müalicəsi ilə məşğuldur və gələcəkdə necə olacağını yarışlar göstərəcək”.

 

F. Məmmədov mayın 6-8-də Bakıda keçiriləcək “Böyük Dəbilqə”yə yığmamızın hazırlığından da söhbət açıb.

 

60 kq, 100 kq və +100 kq çəki dərəcələri ilə yanaşı, 66 kq-da Nicat Şıxəlizadə, 73 kq-da Rüstəm Orucov və 90 kq-da Məmmədəli Mehdiyev də hazırda Rio üçün lisenziyanı təmin edib. Məşqçi bildirib ki, hazırda məqsədləri 81 kq çəki dərəcəsində də lisenziya əldə etməkdir: “Artıq 6 lisenziyanı təmin etmişik. Çalışırıq ki, 7-ci lisenziyamız da olsun. Ümid edirik ki, son yarışlarda inamlı çıxış sayəsində bunu da əldə edəcəyik”. 

 

# 307
avatar

Oxşar yazılar