Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Lent.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə,yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri Avropa çempionatını 2 qızıl medalla tamamlayıb. Qızıl medalları yığmamıza Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb. Komanda hesabında 39 xal toplayan güləşçilərimiz çempionatda 5-ci sırada qərarlaşıb.
Yeniyetmə qızlarımız Nanjinqdə keçiriləcək ikinci Olimpiya Oyunlarına qazandıqları 2 lisenziyanı 2 qızıl medalla əldə edib. Ancaq FİLA qaydalarına əsasən hər bir ölkə qızların yarışında yalnız bir güləşçi ilə iştirak edə bilər.
Xatırladaq ki, buna qədər sərbəst güləş üzrə yeniyetmə pəhləvanlarımız Avropa çempionatında mübarizəni tamamlayıb. Azərbaycan sərbəst güləş yığmasının üzvləri ümumilikdə 4 qızıl, bir gümüş və 2 bürünc medal qazanıb. Bu nəticə ilə yığmamız Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.