Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç Braziliyaya məğlub olduqları matçın baş hakimini sərt şəkildə tənqid edib. Lent.az-ın xəbərinə görə, N.Kovaç yaponiyalı hakim Yuici Nişimuranın futbola yaraşmayan qərarlar verdiyini bildirib: “Həmin epizodda penalti var idisə, bax, indi futbolun daşını atıb basketbol oynaya bilərik. Çox utandırıcı vəziyyətdir. Hörmətdən danışılır, amma meydanda Xorvatiya yığmasına hörmət olunmadı”.
N.Kovaç hakimlərin ev sahibi Braziliyaya kömək etdiyini düşünür: “Əgər dünya çempionatı belə başladısa, gərək biz hər şeydən imtina edib evə qayıdaq. Futbolçularım yaxşı oynadılar. Onlara rəhbərlik etdiyim üçün qürur duyuram”.
Dünən keçirilən dünya çempionatının açılış oyununda Braziliya Xorvatiyanı 3-1 hesabı ilə məğlub edib.