Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə keçirilmiş “Shamkir Chess 2014” turnirinin rəsmi bağlanış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədovla Faiq Həsənov, eləcə də təşkilatçı Synergy Group Müşahidə Şurasının sədri Riyad Hüseynov turnirin yüksək səviyyədə keçirildiyini vurğulayıblar.
Onlar yarışın şahmatın təbliğində rolu barədə də danışıblar. Daha sonra V. Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb, onun vətənpərvər insan olduğu söylənilib. Mərhum şahmatçımızın bütün qələbələrini Azərbaycana həsr etdiyi deyilib.
Mükafatlandırma mərasimində “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov Kuboku "A" və "B" turnirinin qaliblərinə - müvafiq olaraq, norveçli Maqnus Karlsenlə ukraynalı Pavel Elyanova təqdim edib.
Qeyd edək ki, turnirin medalları Almaniyadan, kuboklar isə Türkiyədən sifariş olunub.