Azərbaycan Voleybol Federasiyasının 6 ay davam edən respublika çempionatına yekun vurulub. Lent.az-ın xəbərinə görə, kişilər arasında keçirilən çempionata ilk olaraq bölgələr üzrə start verilib.
57 rayonun qatıldığı zona yarışına yekun vurulduqdan sonra çempionat paytaxtda davam etdirilib.
Bu dəfə yarım finala 8 komanda vəsiqə qazanıb. Bu mərhələdə qalib gələn 6 komanda - Fövqəladə Hallar Nazirliyinin komandası, “Neftçi”, “Sumqayıt”, “Masallı”, “Kürdəmir” və “Naxçıvan” komandaları növbəti final mərhələsi uğurunda yarışıb.
Çempionatı Baş hakim Oqtay Musayev izləyib və gərgin mübarizə şəraitində davam edən yarışa qiymətini verib.
Birinci yeri “Neftçi” tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “FHN” və “Sumqayıt” komandaları bölüşüb.
FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və qurumun əməkdaşlarının, Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov, fəxri qonaqlar Alla Həsənova, Feliks Məmmədov və digər qonaqların iştirakı ilə qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.