2014-2015-ci il mövsümündə futbol üzrə Çempionlar Liqasının finalı Almaniyanın paytaxtı Berlindəki Olimpiya stadionunda olacaq. Lent.az-ın məlumatına görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino açıqlama verib.
O bildirib ki, Avropa Liqasının həlledici matçının Polşanın paytaxtı Varşavadakı Milli stadionda keçiriləcəyi də dəqiqləşib.
Mayın 24-də UEFA Avroliqanın 2014-2015-ci il mövsümündəki qalibinin növbəti mövsüm Çempionlar Liqasında yer alıb-almayacağına dair qərar verəcək. Bu addımın turnirin nüfuzunu artıracağı ehtimal olunur.
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı Hollandiyanın paytaxtı Amsterdamdakı “ArenA” stadionunda olub. Qalib adını İngiltərənin “Çelsi” klubu qazanıb. Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund) komandalarının üz-üzə gələcəyi Çempionlar Liqasının həlledici görüşü isə mayın 25-də Böyük Britaniyanın paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq. Gələn mövsüm isə Avroliqanın finalı İtaliyanın Turin şəhərində, Çempionlar Liqasının həlledici oyunu isə Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.