UEFA-nın Azərbaycandakı nümayəndəsi: “Bizdən radikal addım gözləyirlər” - MÜSAHİBƏ
13 mart 2013 18:06 (UTC +04:00)

UEFA-nın Azərbaycandakı nümayəndəsi: “Bizdən radikal addım gözləyirlər” - MÜSAHİBƏ

Rəmiş Malıyev: “Amma onlar başa düşməlidirlər ki, əlimizdə fakt olmadan cəzalandırmaq səlahiyyətimiz yoxdur”

 

UEFA-nın oyun alqı-satqısı və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün Azərbaycanda təyin etdiyi nümayəndə, AFFA-nın hüquqşünası Rəmiş Malıyevin Lent.az-a eksklüziv müsahibə verib.

 

- Hazırda Bakıda keçirilən YUNESCO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə iclası danışılmış oyunlara həsr olunub. Hazırda Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir?

 

- Azərbaycanın adının danışılmış oyunlarda ümumiyyətlə hallanmaması, UEFA-dan gələn məlumatlarda futbolumuzla bağlı neqativ faktın olmamasını nəzərə alsaq, iclasın məhz Bakıda keçirilməsinin özü bu mövzuya bir töhfədir. Biz bu sahədə işlər həyata keçiririk. İşlər konfidensial xarakter daşıdığından, ictimaiyyətə açıqlama verə bilmirik. Hər hansı nəticə əldə olunsa, bizə daxil olan məlumatlarda şübhəli göstərilən faktlar təsdiqini tapsa, bu barədə ictimaiyyətə məlumat verəcəyik. Hələlik faktlar təsdiqini tapmayıb. Lakin şübhələr var. Biz də bir ictimai birlik olaraq, öz səlahiyyətlərimiz, resurslarımız çərçivəsində nəzarəti həyata keçiririk.

 

- Şübhələr təsdiqini tapsa, Azərbaycanın imicinə təsirini nəzərə alaraq, ola bilərmi ki, görəcəyiniz tədbirləri açıqlamayasınız?

 

- Bu sahə bəlkə də dünyada korrupsiya elementləri üçün ən rahatıdır. Burada böyük iş görülmür, sadə üsulla pul qazanırlar. Daş atmırlar ki, əlləri ağrısın. Dünyanın hər yerində belə korrupsiya elementləri pul qazanmağa meyllidirlər. Azərbaycanda da danışılmış oyun faktları təsdiqini tapsa, ictimaiyyətə açıqlayacağıq. Burada ölkəmizin imicinə xələl gətirməkdən söhbət gedə bilməz. Avropanın ən öncül dövlətlərinin həm futbol, həm də digər sahələrinin üzərinə kölgə düşüb. Biz də qorxmamalıyıq. İtaliya, Almaniya kimi futbol ölkələrində korrupsiya var. Lakin belə məsələlər daha çox Asiyadan idarə olunur. Ona görə beynəlxalq təşkilatların özlərinin də bu məsələləri tənzimləmək, nəzarət etmək imkanları məhduddur. 

 

- Nəzarətsiz zona dedikdə daha çox Sinqapurdan idarə olunan danışılmış oyunları nəzərdə tutursunuz?

 

- Bəli. Bu yaxınlarda İtaliyada Sloveniya mənşəli şəxs tutuldu. O, bu sahə ilə məşğul olan məşhur asiyalının qrupuna daxildir. Yəni, istər-istəməz korrupsiya elementləri gəlib Avropada da öz işlərini görürlər. Belə hallar daha çox iqtisadi durumu zəif olan ölkələrdə və aşağı liqa klublarında baş verir. Bir tərəfdən, ölkənin iqtisadi durumu zəifdir, digər tərəfdən də aşağı liqada futbolçular, klub nümayəndələri az pul qazanırlarsa, onları belə işlərə cəlb etmək çox asandır. Burada futbolun sosial yönümü itir, insanları futbola cəlb edə bilmirlər. Üstəlik, bukmeykerlərin özləri itirirlər. Təbii ki, onlar bu cür oyunların olmasında maraqlı deyillər. Çünki özləri pul itirirlər. Amma onlarla əlaqədə olan bukmeyker kontorları da var. Bu isə ümumilikdə onların biznesinə də ziyandır, hər bir dövlət orqanına və ictimaiyyətə də. Çünki idmanın, xüsusilə futbolun sosial siması itir, insanlarda həm idman növünə, həm də idmançılara bir inamsızlıq yaranır.

 

- Bukmeyker kontorları Topaz Premyer Liqasının XXI turunda “Simurq” – “Bakı” matçına pul qoyuluşunu dayandırmışdı. Bu oyunun danışılmış olmasına dair şübhələri araşdırdınız?

 

- Mətbuatdan da oxumuşduq və bizə də məlumat daxil olmuşdu ki, bu oyunda şübhəli məqamlar var. Həmin oyunda bizim nümayəndələr də var idi. Lakin bu, öz təsdiqini tapmadı. Oyunun “Bakı”nın qələbəsi ilə başa çatacağı deyilirdi. Lakin heç-heçə qeydə alındı.

 

- Mövsümün ikinci yarısında bəzi oyunlarla bağlı şübhələrin olduğuna dair məlumatlara malik olduğunuzu açıqlamışdınız. Xüsusi komissiyanız yoxlamalardan sonra hansı qənaətə gəldi?

 

- Müəyyən şübhə doğuran oyunlar var idi. Xüsusi qrupumuz gedib o oyunları izlədi. Final mərhələsinin ilk turu isə yenicə başa çatıb. Bizə bu oyunların danışılmış olmasına dair hələ heç bir məlumat daxil olmayıb. Cəmiyyətin də, mətbuatın da bizdən hansısa radikal addım gözlədiyini bilirik. Amma onlar başa düşməlidirlər ki, əlimizdə fakt olmadan cəzalandırmaq səlahiyyəti yoxdur. Məsəl var: “Tutulmayan oğru deyil”. Fakt olmasa, necə cəza tətbiq edə bilərik? Hazırkı Əsasnamədə danışılmış oyunlarla bağlı cəmi 1 maddə var. Növbəti mövsümdən bunu daha da genişləndirəcəyik. Yəni, cəza mexanizminin daha da sərtləşdirilməsini həyata keçirəcəyik.

 

- Bəs qanunvericilikdə danışılmış oyuna görə həbs nəzərdə tutulub?

 

- Azərbaycan cinayət məcəlləsində bununla əlaqədar cəmi 1 maddə var. O da qanunsuz mərc oyunlarının təşkili ilə bağlıdır. Yəni, sırf danışılmış oyunlarla bağlı maddə yoxdur. Hazırda Avropa Şurası çərçivəsində idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya hazırlanır. Güman edirəm ki, konvensiya ilin sonunadək qəbul olunacaq. Bundan sonra Azərbaycan qanunvericiliyində də dəyişikliklər olacaq. Nəticədə hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı səlahiyyətləri artırılacaq.

 

- Bu yaxınlarda açıqlanan siyahıda Azərbaycan klublarının adı hallanan danışılmış oyun var idi?

 

- Xeyr. Bu, çox yaxşı haldır ki, siyahıda klublarımızın adı hallanmırdı.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951
avatar

Oxşar yazılar