Tarixə düşmək istəyən “Çelsi”  “lənətlənmiş” komandaya qarşı
15 may 2013 20:01 (UTC +04:00)

Tarixə düşmək istəyən “Çelsi” “lənətlənmiş” komandaya qarşı

Avropa klubları arasında keçirilən ikinci nüfuzlu kubok bu gecə sahibini tapacaq. Lent.az-ın məlumatına görə, Avropa Liqasının finalında Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” komandaları üz-üzə gələcəklər.

 

Hollandiyanın paytaxtı Amsterdamdakı “Amsterdam-Arena”da keçiriləcək həlledici qarşılaşma mayın 15-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu elə yerli referi Byorn Kaypers idarə edəcək. Bu görüşdə “Çelsi” qələbə qazansa, iki avrokuboku ardıcıl qazanan ilk klub kimi tarixə düşəcək. “Zadəganlar” ötən mövsüm Çempionlar Liqasını qazanıblar.

 

“Benfika” isə ikinci və hələlik sonuncu qitəmiqyaslı mükafatına – Çempionlar Kubokuna məhz Amsterdamda sahib çıxıb. Bu, uzaq 1962-ci ildə baş verib. Həmin uğurdan sonra Bela Quttmann baş məşqçi postunu qalmaqallı şəkildə tərk edib və bu komandanın bir daha Çempionlar Kubokunu qazanmayacağını açıqlayıb. Bundan sonra “Benfika” 5 dəfə iştirak etdiyi final matçının hamısında uduzub.

 

Portuqaliya təmsilçisi qarşıdakı görüşə elə də yüksək əhval-ruhiyyədə çıxmayacaq. “Benfika” ötən həftəsonu ölkə çempionatında əsas rəqibi “Portu”ya uduzaraq, çempionluq şansını faktiki itirib. “Çelsi” isə İngiltərə Premyer Liqasında son matçını “Aston Villa” üzərində qələbə ilə başa vurub və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə verən 3-cü pilləni təmin edib.

 

Qeyd edək ki, “Benfika” və “Çelsi” ötən mövsüm Çempionlar Liqasının ¼ finalında üz-üzə gəlib. Hər iki görüş “zadəganlar”ın qələbəsi ilə yekunlaşıb – 1:0, 2:1.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar