“Qəbələ”nin prezidenti Tale Heydərov komandanın baş məşqçisi Yuri Syominin işi haqda fikirlərini bölüşüb.
Lent.az-ın Azerisport.az-a istinadən məlumatına görə, Heydərov SVS telekanalına müsahibəsində bunları söyləyib: “Yuri Syomin çox adlı-sanlı məşqçidir. O, “Qəbələ”yə kömək etmək üçün bu gün Azərbaycandadır. Düşünürəm ki, onun birinci ilini uğurlu hesab etmək olar. Biz Azərbaycan Kubokunun finalına çıxmışıq, hazırda çempionatda dördüncü pillədəyik və əlbəttə ki avrokuboklara düşmüşük. O, uğura nail ola bilib. Syominin bizimlə qalacağı ilə bağlı hələ qərara gəlməmişik. Syominin özü qərara gəlməyib. Yaxın vaxtlarda bütün detalları onunla müzakirə edəcəyik. Şəxsən mən istərdim ki, Syomin bizdə qalsın. Belə ki, o, təcrübəli və yaxşı məşqçidir. Ancaq hər şeyi vaxt göstərəcək”.
Heydərov həmçinin, qeyd edib ki, komandanın qarşısında ölkə Kubokunu qazanmaq tapşırığı qoyulub. Avrokuboklarda isə “Qəbələ” legionerlərlə güclənə bilər: “Bu, gələcək məşqçinin qərarıdır. Mən bu işlərə müdaxilə etmirəm və məşqçimizi dəstəkləyirəm”.