Syomin “Qəbələ”də uğur qazana biləcəkmi? - RƏYLƏR
14 may 2013 10:06 (UTC +04:00)

Syomin “Qəbələ”də uğur qazana biləcəkmi? - RƏYLƏR

“Qəbələ” futbol komandasının baş məşqçi postuna əsas namizəd Yuri Syominlə danışıqlar son mərhələyə qədəm qoyub. Artıq rusiyalı mütəxəssis Azərbaycana səfər edərək, ölkəmizdə, o cümlədən, Qəbələdəki futbol infrastrukturu ilə yaxından tanış olub. Hər hansı ciddi problem ortaya çıxmasa, mayın 20-dək Syominin təyinatı gerçəkləşəcək. Bəs Rusiyanın “Lokomotiv” və Ukraynanın “Dimamo” (Kiyev) komandalarındakı işi ilə daha çox tanınan baş məşqçi futbolumuza nə verə bilər?

 

Bu məqsədlə Lent.az azərbaycanlı mütəxəssislər arasında sorğu aparıb:

 

Ağasəlim Mircavadov (Azərbaycanın ən titullu baş məşqçisi, hazırda işsiz):

“Yuri Syomin təcrübəli mütəxəssisdir. Rusiyada Moskvanın “Lokomotiv” komandasını ayağa qaldırıb, 2 dəfə ölkə çempionu edib, Avropa kuboklarında yarımfinaladək gətirib. O, öz işinin ustasıdır. Amma Azərbaycan çempionatının öz xüsusiyyətləri var. Syomin bunları da nəzərə almalı və yerli futbol mühitinə öyrəşməlidir. Mən onunla 1980 – 1982-ci illərdə Ali Məşqçilik Məktəbində birgə təhsil almışam. Hətta Moskvada evlərində də olmuşam. 2005-ci ildə “Neftçi”nin baş məşqçisi ikən “Birlik Kuboku”nun finalında məhz “Lokomotiv”lə qarşılaşdıq. Rusiyalı referi qollarımızdan birini saymadı və nəticədə 1:2 hesabı ilə uduzduq. Oyundan sonra Syomin mənimlə görüşdü və “Qələbəni sən qazandın. Sadəcə, biz hakimlərin köməyi ilə qalib gəldik” deyə etiraf etdi. Sonuncu dəfə isə “Xəzər Lənkəran”ın baş məşqçisi kimi 2010-cu ilin yanvarında Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olduğum vaxt  Syominlə görüşmüşük. Həmin vaxt “Lokomotiv”lə eyni oteldə qalırdıq. Daim bir-birimizə hörmətlə yanaşmışıq. Bu dəfə Bakıda olduğu vaxt qarşılaşmasaq da, ona uğurlar arzulayıram”.     

 

Vaqif Sadıqov (AZAL komandasının baş məşqçisi):

 

“Hər bir əcnəbi baş məşqçi Azərbaycan futboluna rəng qatır. Çünki onların hərəsi bir futbol məktəbindən gəlib. Şübhəsiz ki, Yuri Syomin kimi səviyyəli mütəxəssisin ölkəmizdə çalışması komandalar arasında rəqabəti daha da gücləndirəcək. Amma onun “Qəbələ”dəki işinin nə dərəcədə uğurlu olacağını indidən deyə bilmərəm. Bunu zaman göstərər”.

 

Novruz Əzimov (“Bakı” klubunun idman direktoru):

 

 “Syomin, sözsüz ki, təcrübəli mütəxəssisdir. O, Rusiyanın “Lokomotiv, Ukraynanın “Dinamo” (Kiyev) kimi güclü komandalarında çempionluq sevinci yaşayıb. Hətta qısa müddətli də olsa, Rusiya millisinin baş məşqçisi olub. Azərbaycan futbolunda uğur qazanması isə onun hansı yolu seçəcəyindən asılıdır. Xarici mütəxəssislərin əksəriyyəti hesab edirlər ki, bizim çempionatda rahatca uğur qazana bilərlər. Amma onlardan yalnız makedoniyalı Qyoko Haciyevski, gürcüstanlı Kaxaber Tsxadadze və ukraynalı Valentin Xodukin buna nail olub. İnanmıram ki, əcnəbi baş məşqçilər vəziyyəti öz xeyirlərinə dəyişdirə bilsinlər”.

 

Ramiz Məmmədov (“Qəbələ”nin sabiq baş məşqçisi):

“Xahiş edirəm, mənə futbolla bağlı suallar verməyin. Hazırda dincəlirəm. Bakıda, Mingəçevirdə, hətta cəbhə bölgələrimizdə oluram. Amma nə zaman futbol sahəsində çalışsam, o zaman mütəxəssis sayılaram. Ona görə də futbolla bağlı heç bir məsələyə münasibət bildirmək istəmirəm. Hətta keçmiş komandama yeni baş məşqçi təyinatına da...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar