"Shamkir Chess 2014" turnirinin VI turunda dünya çempionu Maqnus Karlsenə uduzan Şəhriyar Məmmədyarov mətbuat konfransında suallara cavab verib. Apasport.az saytının xəbərinə görə, Məmmədyarov formada olmadığını etiraf edib: "Partiya haqda nə danışım. Növbəti məğlubiyyətdir. Startda piyadanı qurban verdim. Əslində, başa düşürdüm ki, piyadasız oynamaq çətin olacaq. Təhlükəli idi. Ağların maraqlı gedişləri var idi. Heç-heçəyə gedən yol görünürdü. Hər şey qaydasında idi. Sadəcə, axırıncı gedişləri görmədim. "Zevok" etdim, bundan sonra üstünlüyü itirdim. Qələbə qazanmağa real şanslarımı gördüm. 3 dəqiqədə ərzində səhvlər hər şeyi korladı. Bu mənə 2010-cu ildə Bakıda dünya şahmat yığmasıyla Azərbaycan komandasının görüşünü xatırlatdı. Karyakinlə görüşdə asan qələbə gedişini görmədim. Top b6 gedişini görmədim heç-heçə oynadım. Zaldan çıxanda hakimlər, həmkarlarım, onların valideynləri, tanışları dedi niyə b5 oynamadın. Küçəyə çıxanda avtomobil nəzarətçisi cavab verdi ki, ay Şəhriyar niyə top6b oynamadın. Bu anda şok yaşadım və başa düşdüm ki, formada deyiləm. İndi həmin vəziyyətdir. Etiraf edirəm ki, formada deyiləm".
Dünya çempionu Maqnus Karlsen Şəhriyar üzərində qələbədən danışıb: "Yaxşı gedişlərim var idi. Ağların oyunu əvvəlcə alınırdı. Sonra hər şey dəyişdi. 5-ci gedişdən sonra mövqe dəyişdi. Ötən gün futbol olduğu üçün Şəhriyara qarşı cəmi 2 saat hazırlaşmışdım. Digər tərəfdən onu yaxşı tanıyırdim, ona görə daha çox vaxt sərf etmək lazım deyildi. İstirahət günü oynadığım futbolun mənə xeyri oldu. Ardıcıl iki məğlubiyyətdən sonra özümə gəlməli idim".