AFFA İntizam Komitəsi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin oğlu Coşqun Diniyevi 9 oyunluq cəzalandırıb. Lent.az-ın məlumatına görə, hazırda Bakı “İnter”ində çıxış edən futbolçu əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XXI turunda “Simurq”la oyun zamanı baş vermiş davanın səbəbkarı sayılıb.
O, matçın 84-cü dəqiqəsində qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olub və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyun bərpa edilib.
İntizam Komitəsi Diniyevi dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə sərt cəzalandırıb və “İnter”i 2500 manat cərimələyib.
Bununla yanaşı, “Simurq” və “İnter”ə hərəyə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 500 manat, oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq”a 2500 manat, klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşa görə hər iki klub 1500 manat, “Simurq”un futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəza, klubu 1500 manat, “İnter”in futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəza, klubu 1500 manat, “Simurq”un inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəza, klubu 3000 manat cəriməyə məruz qalıb.
AFFA Hakimlər Komitəsi isə matçın hakimləri haqqında lazımi ölçü götürərək, İntizam Komitəsinə məlumat verməlidir.
Qeyd edək ki, "Simurq" - "İnter" matçını Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.