Rövnəq Abdullayev UEFA-ya təşəkkür etdi
28 aprel 2014 16:37 (UTC +04:00)

Rövnəq Abdullayev UEFA-ya təşəkkür etdi

AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilmiş futzal üzrə UEFA kubokunun final mərhələsi barədə danışıb. Lent.az-ın məlumatına görə, Abdullayev “affa.az” saytına açıqlamasında yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

 

O, belə turnirin təşkilini ölkəmizə həvalə edən UEFA-ya minnətdarlıq edib: “Böyük sevinc və qürur hissi ilə, əminliklə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış - futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olundu. İlk növbədə, bu oyunların təşkilini AFFA-ya həvalə etdiyinə görə UEFA-ya təşəkkürümü bildirirəm. "Dördlər finalı"nın Bakıda təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işlərinə başlandı və sevindirici haldır ki, oyunlar bütün parametrlərə görə standartlara uyğun şəkildə həyata keçirildi. Final mərhələsinə yüksəlmiş "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan), "Barselona" (İspaniya) və "Araz"ın iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz "Araz" klubunun üçüncü yeri tutaraq mükafatçılar sırasında yer tutması oldu”.

 

Abdullayevin sözlərinə görə, “dördlər finalı”nın yüksək səviyyədə təşkili 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının istər UEFA, istər iştirakçı komandalar, istərsə də azarkeşlərin ürəyincə olacağına bir daha əminlik yaradıb. AFFA-nın prezidenti futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkür edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar