“Topaz Premyer Liqasında bu gün keçirilmiş qarşılaşmalarla XXII ölkə çempionatına yekun vuruldu. Mövsüm ərzində bir çox maraqlı oyunların, gərgin idman mübarizəsinin şahidi olduq”. Apasport.az saytının xəbərinə görə, bu sözlər AFFA prezidenti Rövnəq Abdullayevə məxsusdur.
“Qarabağ”ı Topaz Premyer Liqasının qalibi olması münasibətilə təbrik edən assosiasiya başçısı bu komandaya Çempionlar Liqasında uğurlar diləyib: “O cümlədən, UEFA Avropa Liqasında mübarizə aparacaq klublarımıza da qələbə sevinci arzulayıram. Çempionat başa çatdı və idman prinsiplərinə uyğun olaraq, bu il Topaz Premyer Liqasını sonuncu yerdə başa vurmuş “Rəvan” növbəti mövsümdə mübarizəni I divizionda, müvafiq olaraq, I divizionun qalibi olmuş “Araz-Naxçıvan” isə yüksək liqada davam etdirəcək. Hər iki kluba növbəti mövsümdə uğurlar arzulayıram”.
Mövsümə Azərbaycan kuboku uğrunda yarışın mayın 22-də “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Bu barədə danışan Abdullayev azarkeşlərin hər iki komandanın ifasında maraqlı futbol tamaşası izləyəcəyini və daha yaxşı, daha əzmkar oyun nümayiş etdirən komandanın qalib olacağına inandığını bildirib.