Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstan Futbol Federasiyasının prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri Borislav Mixaylovla görüşüb. Lent.az-ın məlumatına görə, Bakıda keçiriləcək futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları ilə əlaqədar Bakıya gələn B.Mixaylov ölkəmizə səfərindən məmnunluğunu bildirib.
O, səmimi qarşılanmaya görə minnətdarlıq edib. Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, futzal üzrə UEFA kubokunun final mərhələsinin yüksək səviyyədə təşkil olunması barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstanın futbol üzrə milli komandaları 2016-cı il Avropa çempionatının seçmə mərhələsində eyni qrupda yer alıblar.