Rövnəq Abdullayev: “Kim nə deyir, desin...”
16 may 2013 16:33 (UTC +04:00)

Rövnəq Abdullayev: “Kim nə deyir, desin...”

“Biz Ramin Musayevlə 2004-cü ildən “Neftçi”də birgə çalışmışıq. O, özunu bacarıqlı işçi, rəhbər kimi göstərib. Bu gün də Peşəkar Futbol Liqasına rəhbərlik edir. Kim nə deyirsə desin, mən PFL-n işindən, Premyer Liqanın təşkilindən və oyunların keçirilməsindən razıyam”. Lent.az-ın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev  Ramin Musayevin 50 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə deyib.

 

O bildirib ki, Premyer Liqanın bu səviyyədə qalmasında PFL-in əməyi böyükdür. Abdullayevin fikrincə, qısa müddətdə PFL-də müsbətə doğru dönüş yaranıb, çempionat oyunlarının təşkili və oyunsonrası analizi yüksək səviyyədədir: “Klublara söz verdiyimiz kimi ədalətli bir təşkilat kimi özümüzü göstərə bildik. Bu uğurlu işləri davam etdirəcəyik”.

 

AFFA prezidenti 2013-2014-cü il mövsümündə klublarımızın daha böyük uğurlara imza atacağına inam ifadə edib. Abdullayevin sözlərinə görə, klublarımız yalnız Avropa kuboklarında qrup mərhələsinə düşməklə kifayətlənməməlidirlər: “Cənab prezident 2015-ci ilə qədər futbolumuzun inkişaf proqramını qarşımıza vəzifə olaraq qoyub. Klub səviyyəsində göstəricilərimiz az deyil. Bir neçə il əvvəl Avropada bir mərhələ keçməyi özümüz üçün uğur hesab edirdiksə, ötən mövsüm “Neftçi” Avroliqanın qrup mərhələsinə qədər yüksələ bildi. Artıq hədəf yalnız qrup mərhələsi ilə kifayətlənməməlidir. İnanıram ki, bu il Avrokuboklarda klublarımız daha böyük uğurlara imza atacaqlar”.

 

Assosiasiyanın rəhbəri qarşıdakı hədəfləri də açıqlayıb: “Milli çempionat artıq başa çatır. Çempionun kimliyi sona bir tur qalmış məlum oldu. Premyer Liqa maraqlı keçdi. Gələn mövsüm çempionat yeni formatda keçiriləcək və PFL qarşısında yeni məsələlər duracaq. I Divizionda da dəyişikliklər var,  21 yaşlı gəncləri bura cəlb etdik. PFL-in qarşısında duran əsas məsələlərdən biri də 2016-cı və 2020-ci il Avropa çempionatları üçün futbolçuların yetişdirilməsidir. 2020-ci il Avropa çempionatını keçirmək üçün namizədliyimizi irəli sürmüşük, buna nail olmaq üçün real şanslarımız var. Milli komandalarımızı final mərhələlərində görmək prezidentimizin, xalqımızın arzusudur. Çempionat başa çatır, qurumun bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Təşkilati baxımdan bir problem yoxdur. Gələn mövsüm üçün də futbolun daha baxımlı və maraqlı olması üçün çalışmalıyıq ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Oxşar yazılar