Rəcəbov və Məmmədyarov qələbəsiz başladı
21 aprel 2014 11:12 (UTC +04:00)

Rəcəbov və Məmmədyarov qələbəsiz başladı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” turnirində I tura yekun vurulub. Lent.az-ın məlumatına görə, görə, Şəmkirdə təşkil olunan yarışın açılış günündə yalnız bir qələbə qeydə alınıb.

Bu qələbəni norveçli dünya çempionu Maqnus Karlsen əldə edib. O, həmyerlimiz Şəhriyar Məmmədyarovu məğlub edib – 1:0. Digər 2 görüşdə isə qalib müəyyənləşməyib. Teymur Rəcəbov Sergey Karyakinlə (Ukrayna), Hikaru Nakamura (ABŞ) Fabiano Karuana ilə xalları yarı bölüb – 0,5:0,5.

 

Karlsen Məmmədyarov üzərində qələbədən sonra deyib: “Ağ fiqurlarla oynayırdım və demək olar ki, taktika seçimim düzgün oldu. Son 3 klassik turnirin ilk turunda qələbə qazanmışam. Bu dəfə də belə oldu. Heç bir problem olmadı. Rahat qələbə qazandım. Şəmkirə maraqlı partiyalar üçün gəlmişəm. Əlbəttə, nəticə vacibdir. İstərdim ki, hər turda uğurla çıxış edim”.

Norveçli qrossmeyster eyni zamanda Omanda keçdiyi təlim-məşq toplanışı barədə danışıb: "Oman iqlim cəhətdən Azərbaycana yaxındır. Orada da hava isti idi. Ona görə məhz Omanı seçmişdim. Təşkilatçılıq barədə demək istərdim. Hər şey çox yaxşıdır. Şəmkirdə olduğum müddətdə qonaqpərvərlik və yaxşı insanlar görmüşəm”.

Dünya çempionu mötəbər turnirin yaxın dostu Vüqar Həşimova həsr olunmasını yüksək qiymətləndirib: “Vüqar mənə yaxın insan olub. Təqdir etdiyim şahmatçı idi. Ona böyük hörmətim var. Turnirin ona həsr olunması yaxşı haldır”.
 

Məmmədyarov isə qara fiqurlarla oynamasına baxmayaraq, İngiltərənin “Mançester Siti” klubu kimi hücum taktikasına üstünlük verdiyini bildirib: “Debüt ev tapşırığı idi. Sadəcə, bəzi məqamları yaddan çıxartdım. Belə vəziyyəti izləmişdim. Qara fiqurlarda problem olmalı deyildi. Amma dünyanın 1 nömrəli şahmatçısı səhvsiz oynadı və nəticəni gördük. Müdafiə sona yaxın sadəcə mümkün deyildi. Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim. Startda Maqnusa qarşı oynamaq çətindir. Orta turlarda olsaydı yaxşı olardı. Karyeramda iki dəfə Karlsenə uduzmuşam. Hər ikisi ilk turda olub. 2008-ci il Veyk-An-Zee turnirində və indi Şəmkirdə. İkinci dövrədə yenidən görüşəcəyik. Ona tam fərqli oyun olar”.

Məmmədyarov ötən gecə nərd oynadığını da etiraf edib: “Təşkilatçılıq yüksək səviyyədə olduğu üçün şahmatçıların boş vaxtı çox olur. Ona görə nərd oynamışdım. Hər halda nərd bugünkü partiyadan daha yaxşı alındı”.

 

Rəcəbov isə Karyakinlə heç-heçə barədə bunları deyib: “13-14 yaşımdan bu fransız müdafiəsini oynayırdım. Sadəcə, debütdə bəzi problemlər oldu. Yəqin ki, gələcəkdə yenə bu debütü oynamaq imkanı olacaq. Heç-heçə hələ heç nə deyil. Qarşıda 8 tur var. Digər partiyalarla maraqlanmırdım. Karlsenin Şəhriyar üzərində qələbəsini gördüm. Bununla belə şanslarla bağlı danışmaq hələ tezdir. Turnir indi başlayır”.

 

Karyakin isə Rəcəbovun fransız müdafiəsi ilə oynamasından təəccübləndiyini bildirib. O, sonradan üstünlük əldə etdiyini və sonda heç-heçə ilə nəticələnəcək şəraitin yarandığını söyləyib: “Bu, mənim ardıcıl 3-cü turnirimdir. Bir qədər yorğunluq hiss olunur. Turnirdə mübarizəni hiss etmək hələlik çətindir. İlk turdan sonra Maqnus Karlsenin lider olması normaldır. Mən adətən digər rəqiblərimin partiyası ilə maraqlanmıram. Ona görə əsas diqqəti öz oyunuma yönəldirəm”.


İlk turdan sonra Karlsen 1 xalla vahid liderdir. 2-ci turda Rəcəbov Məmmədyarovla, Karuana Karyakinlə, Karlsen Nakamura ilə üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493
avatar

Oxşar yazılar