Ramin Musayev: ““Xəzər Lənkəran”  kuboku alsa...”
24 may 2013 17:22 (UTC +04:00)

Ramin Musayev: ““Xəzər Lənkəran” kuboku alsa...”

“Premyer Liqada ilk 3 yeri tutanlara pul mükafatlarını klubların öz təklifi ilə ləğv etmişik”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

 

O bildirib ki, çempion üçün 150 min, vitse-çempiona 100 min, bürünc mükafatçıya 70 min manat mükafat elə də böyük məbləğ deyil: “Bu qədər pul komandalara böyük kömək etmir. Ona görə də mükafat fondunun ləğvinə qərar verildi. PFL yaranandan sonra klublardan üzvlük haqqı yığılmadı. Amma əvvəllər üzvlük haqqı ödəməyəni çempionata buraxmırdılar”.

 

Klublar ev oyunları zamanı Topaz-ın bannerlərini yerləşdirməlidirlər. Amma çempionatın baş sponsoru olduğu halda, sponsorsuz ölkə kubokunun finalçılarına pul mükafatı verilir. Qalib 100 min, finalçı 50 min manat qazanır. Musayev bu məsələyə belə aydınlıq gətirib: “Əsasnamədə göstərilib ki, meydanın ətrafındakı hissənin 25 faizi PFL-ə verilməlidir. Biz də həmin hissədə Premyer Liqanın baş sponsoru Topaz-ın reklamını yerləşdiririk”.

 

PFL prezidenti biletlərə qoyulan qiyməti elə də yüksək saymayıb: “Meydanın orta hissələrindən oyunu azarkeşlər 5 manata izləyə bilərlər. 5 manat böyük pul deyil ki... 5 manata maşın udmaq olar. Oyunçu azarkeşi çox olduğu halda yaxşı çıxış edir. VİP-dən sağda “Neftçi”, solda “Xəzər Lənkəran” azarkeşləri yerləşdiriləcək”.

 

Musayev ölkə kubokunun finalında ən güclü komandanın qalib gəlməsini istəyib: “Sağ olsun, Mübariz Mənsimov. “Xəzər Lənkəran”a yetərincə maliyyə ayrılır. Kuboku “Xəzər Lənkəran” alsa, bu, klub üçün bir stimuldur. Özüm isə köhnə “Neftçi”liyəm. Amma mən kim güclüdürsə, onun qalib gəlməsinin tərəfdarıyam”.

 

28 may Respublika günündə keçiriləcək final matçı Azərbaycan Cümhuriyyətinin yaranmasının 95 illik yubileyinə təsadüf edəcək. PFL prezidenti həmin günlə bağlı sürprizlərinin olduğunu açıqlayıb.

 

Musayev “Rəvan”ın Premyer Liqadan imtina edəcəyi barədə xəbərlərə inanmadığını da söyləyib: “Rəvan”ı heç bir klub əvəzləyə bilməz. Bu klub Qaraçuxurda baza tikir. Mən inanmıram ki, Nuru Əliyev o cür komandanı buraxsın. Amma növbəti mövsüm Premyer Liqa 10 komandanın iştirakı ilə 4 dövrəli olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar