Ramil Quliyevdən ŞOK İDDİA: “Dünya çempionatında Useyn Boltu keçəcəm”
29 iyun 2013 16:00 (UTC +04:00)

Ramil Quliyevdən ŞOK İDDİA: “Dünya çempionatında Useyn Boltu keçəcəm”

Türkiyə vətəndaşlığını qəbul etmiş əslən azərbaycanlı atlet Ramil Quliyev böyük iddia ilə çıxış edib. Lent.az-ın məlumatına görə, 23 yaşlı sprinter avqustda Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatında planetin ən sürətli insanı, yamaykalı Useyn Boltu üstələyəcəyini iddia edib.

 

Quliyev hazırda Türkiyədə davam edən Aralıq dənizi Oyunlarında ilk dəfə “ay-ulduzlu” forma ilə yarışıb. O, həm 100 metr, həm də 200 metr məsafələrə qaçışda gümüş medala sahib olub. O, iyulda Rusiyanın Kazan şəhərində keçiriləcək Ümumdünya Universiadasına, sonra isə dünya çempionatına hazırlaşacağını bildirib. Dünya çempionatında yalnız 200 metr məsafəyə qaçacağını açıqlayan atlet finaladək irəliləyəcəyinə söz verib: “100 metr mənim üçün qısa məsafədir. Çünki sürətimi yavaş-yavaş artırıram. Dünya çempionatında da yalnız 200 metr məsafəyə qaçacağam. 100 metr məsafəyə qaçmaq çətindir. Orada daha qısa boylu, daha qüvvətli, daha fərqli atlet olmalısan. Təbii ki, Bolt başqa bir insandır. Necə izah edim: dünyada tayı-bərabəri yoxdur. Bolt kimi başqa birisi yoxdur, yalnız Bolt var. İnşallah, dünya çempionatında Boltla yarışacağam. Onunla finalda görüşəcəyəm. İdmanda hər şey ola bilər. Dünya çempionatında Boltu keçə bilərəm. Hər şeyi yarış göstərəcək”.

 

Quliyev Aralıq dənizi Oyunlarında qızıl medal qazana bilməməsini 5 ay öncə əməliyyat olunması ilə izah edib. Onun sözlərinə görə, əməliyyatdan sonra formaya düşməsi bir qədər çətin olub: “Sadəcə, 6 həftə məşq etdim. Bu, 6 həftəlik məşqin nəticəsidir. Bütün gücümü finala saxladım. Həlledici mərhələdə qızıl medal üçün əlimdən gələni etdim. Lakin 0,01 saniyə fərqlə qızıl medalı qaçırdım”.

 

Qeyd edək ki, Ramil Quliyev 2009-cu il dünya çempionatında Azərbaycan millisinin heyətində yer alıb. O, 200 metr məsafəyə qaçış üzrə finalda Useyn Boltla yarışaraq, 7-ci olub. Həmin çempionatdan sonra Quliyev Türkiyə vətəndaşlığını qəbul edib. 

# 1925
avatar

Oxşar yazılar