“Qəbələ” klubunun futbolçusu Rail Məlikov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Acıbadem” Fulya Xəstəxanasındakı əməliyyat travmotoloq-cərrah, professor Ömer Taşer tərəfindən gerçəkləşdirilib və uğurla başa çatıb.
Ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabilitoloji müalicəyə start verilib. Məlikovun 5 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir. “Qəbələ” rəhbərliyi bu itkini “Xəzər Lənkəran”dan ayrılan Elnur Allahverdiyevlə dolduracaq.
Qeyd edək ki, Rail Məlikov ötən həftə məşq zamanı ağır zədə alıb. Onun ön çarpaz bağları qırılıb.