Ağdamın “Qarabağ” klubu futbol üzrə Topaz Premyer Liqasının XX turunda “Qəbələ” ilə keçirəcəyi səfər matçına fevralın 6-da yola düşəcək. Lent.az-ın məlumatına görə, ötən tur evdə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzaraq, 1-ci pilləni əldən verən Ağdam təmsilçisi hazırkı liderlə görüşdə uğurlu nəticəyə ümid edir.
Komandanın baş məşqçisi Qurban Qurbanov “Qarabağ”ın rəsmi saytına açıqlamasında “Qəbələ”nin bu mövsüm olduqca xoş təsir bağışladığını deyib. Onun fikrincə, “qırmızı-qaralar”ın turnir cədvəlində hazırkı mövqeyi heç də təsadüfi deyil: “Rəqib qışda etdiyi transferlərlə də güclənib. Çempionatın ilk yarısındakı qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, “Qəbələ” bizimlə ilk 2 oyunu unutmayıb. Ona görə də daha yaxşı və fərqli hazırlaşacaqlar. Eynilə “Xəzər-Lənkəran”la oyunu da artıq unutmuşuq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. “Xəzər-Lənkəran”la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb olmamalıdır. Qarşıda hələ uzun marafon var. Növbəti oyunlara motivasiya olmaq lazımdır”.
Qeyd edək ki, iki komanda arasında indiyədək 22 oyun keçirilib. Bu qarşılaşmalardan 10-da “Qarabağ”, 5-də “Qəbələ” qalib gəlib, 7 matç isə heç-heçə ilə nəticələnib. Digər tərəfdən, “Qəbələ” artıq 5 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir. Son matçlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna ötənilki ev oyununda nail olub. Komandalar arasında cari mövsümdə keçirilmiş hər iki oyunda ağdamlılar sevinib - 1:0, 4:3.