“Oyundan razı qaldım. Futbolçularımızın oyunu çox xoşuma gəldi. Nəticəni də müəyyən mənada qənaətbəxş saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
43 yaşlı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik”lə Şotlandiyadakı oyunu haqda fikirlərini bildirib. Qurbanov 0:1 hesablı məğlubiyyətə baxmayaraq oyundan razı qalıb: “Komandamız Bakıda qalib gəlməklə cütün taleyini öz xeyrinə həll etmək gücündədi. Düşünürəm ki, oyunçuların fərdi ustalığına görə biz daha yaxşıyıq. Daha güclü oyun keyfiyyətlərinə malikik. Səfər oyununda qol vurmaq istəyirdik. Lakin alınmadı. Cavab oyununda bunu edəcəyimizə çox ümid edirəm”.
Qeyd edək ki, Qlazqoda keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Seltik” yeganə qolu 82-ci dəqiqədə vurub.