Qurban Qurbanov: "Çox dərinliyə getmək istəmirəm"
0
0
“Vacib oyuna çıxırıq. Rəqibin nə qədər istəkli olduğunu tam başa düşürük. Düşünürəm ki, sabah bütün futbolçuların diqqəti oyunda olacaq ki, az səhv etsinlər”.
APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan çempionu sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Linfild”i qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Sabah avrokuboklarda 100-cü oyununuza çıxacaqsınız. Bunu bacarsanız, 40-cı qələbə olacaq. Bunun nə dərəcədə əhəmiyyəti olacaq?
- Bu barədə düşünmürəm. Hər oyunumuz çox vacibdir, bunun neçənci olmasının fərqi yoxdur. Sabah da önəmli oyunlarımızdan biridir. Sabah meydanda özümü yox, komandamı düşünəcəyəm. Diqqətimiz oyunda olacaq. İstəyimiz “Qarabağ”ın Avropa arenasında 100-cü yox, daha çox matça çıxmasıdır.
- Sabah Azərbaycansayağı künc zərbəsi gözləməyə dəyərmi?
- Ehtiyac olmaz. Sırf həlledici oyunlara görə yox, rəqibin düzülüşünə görə standart vəziyyətləri yerinə yetirərik. “Linfild”in meydanda düzülüşü buna imkan vermir. Ola bilər ki, başqa metoddan istifadə etdik.
- “Linfild” yəqin ki, sabah müdafiədən oynayacaq. Buna görə alternativ yollar düşünmürsünüzmü?
- Futbolda düzgün müdafiə olunmaq vacib terminlərdən biridir. Elə komandalar var ki, belə oyuna üstünlük verir. Belə komandalarla çox oyunumuz olub. Bəzən qol vura bilməmişik, bəzən 3-nü vurmuşuq. Futbolçularımız daha diqqətli olmalıdırlar. Rəqibin müdafiə olunması hücumlarının da başlanğıcı deməkdir. Buna görə də, təkcə qol vurmağı yox, hücumda ola-ola qol buraxmamağı da düşünməliyik. Çətinlik olub-olmayacağını bilmirəm. Amma belə oyun üslubuna hazırlaşmışıq.
- Dolu tribunalar gözləyirsinizmi?
- Bəli. Düşünürəm ki, stadionda az adam olmayacaq. İlk dəfə pley-off matçına çıxmayacağıq. Oyuna gələn və gəlməyən azarkeşlərimiz var. Onları həmişə yanımızda hiss etmişik.
- “Linfild”in baş məşqçisi deyib ki, “Qarabağ” qanımızı içmək istəyəcək. Bu fikirlə razısınız?
- İdmanda məğlub tərəf mütləq qalib gəlmək istəyəcək. Bu da həmin oyunlardan biridir. Biz də qələbə qazanmağa çalışacağıq. Çox dərinliyə getmək istəmirəm. İki oyundan ibarət olan cütlükdür. Məqsədimiz qalib gəlməkdir.
- Heyətlə bağlı nə kimi problemlər var?
- Zədəlilər bildiklərimizdi. Qalanları bizimlədir.
0
0