Fransa çempionatının yüksək liqasında (Liqa 1) komandaların sayı 20-dən 18-ə endirilə bilər. Lent.az-ın “L`Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, Peşəkar Futbol Liqasının prezidenti Federik Tirye belə bir niyyətlə çıxış edib.
Televiziya yayımlarından gəlirin azaldılması ilə əlaqədar ağır iqtisadi böhrandan çıxış yolu kimi Tirye islahatlar aparmaq niyyətindədir. İlk növbədə, yüksək və aşağı divizionlarda komanda sayının azaldılması nəzərdə tutulur. Bununla yanaşı, mövsümün sonunda Liqa 1-ə 3 yox, 2 komanda yüksələ bilər. Habelə, Avropa Liqasına vəsiqə qazanan klublarının mükafatlandırma sistemi məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, Fransanın yüksək liqasına vəsiqə uğrunda yarışan komandalar arasında azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus “Lans” da var. Bu klub Liqa 2-də 8 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb. Formalarında “Azerbaijan Land of Fire” yazılmış komanda 9-cu turda 15 xalla 2-ci pillədəki “Mets”i qəbul edəcək. Oyun sentyabrın 30-da keçiriləcək.