Aprelin 29-da Azərbaycanın Qolf Federasiyasının inzibati binasında bu il ölkəmizdə baş tutacaq qolf üzrə iki möhtəşəm tədbirin təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
A.Məmmədov bildirib ki, Azərbaycan Qolf Federasiyası 2012-ci ildə təsis edilib, 2013-cü ilin sentyabrında inzibati binasının rəsmi açılışından sonra isə tam gücü ilə fəaliyyətə başlayıb:“Bu il yaradılmasının iki illiyini qeyd etdiyimiz Federasiya çox qısa bir vaxt ərzində böyük uğurlara imza atdı. Qısa bir müddətdə Qubada ilk Milli Qolf Klubu yaradıldı. Bundan əlavə, Federasiyanın nəzdində Bakı Qolf Akademiyası təsis edildi.
Ölkəmizdə qolf idmanının sıfırdan yarandığını nəzərə alan Federasiya gənclərin təlimi sahəsində də mühüm addımlar atıb. Bakının müxtəlif məktəblərində keçirilən təlimlərdə 1000-dən çox şagirdə qolf idmanının əsasları öyrədilib. Qolf Akademiyasının yaradılması isə görülən mühüm tədbirlər sırasındadır.
Tikintisinə 2012-ci ildən başlanılan və sahəsi 2400 kvadratmetr olan Akademiya ötən ilin oktyabrında istifadəyə verilib. Binanın tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Bu gün çoxlu sayda gənclərin Qolf Akademiyasına gələrək, burada qolfun əsaslarını öyrənmələri sevindirici haldır”.
Anar Məmmədov onu da bildirib ki, hazırda Federasiyanın dəstəyi ilə 5 nəfər azərbaycanlı gənc xaricdə qolf üzrə təlim keçir: “Bundan başqa, Binə qəsəbəsində və Qəbələ rayonunda qolf meydançaları inşa olunur”.
Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışlardan danışan A.Məmmədov vurğulayıb ki, bu il ilk dəfə olaraq, Azərbaycan Qolf Federasiyası tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan Turniri keçiriləcək: “Heydər Əliyev adına Azərbaycan Turniri 6-7-8 iyun 2014 tarixlərində Quba Milli Qolf Klubunda keçirilməsi nəzərdə tutulur.
Tədbirə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular qatılacaqlar. Ölkə miqyasında belə bir yarışların keçirilməsi əlbəttə ki, qolfun idmanın bir növü kimi daha da populyarlaşdırılması ilə nəticələnəcək”.
Federasiya prezidenti AQF-in xarici əməkdaşlığa da böyük üstünlük verdiyini xatırladıb:
“Federasiyanın dəvəti ilə bu il fevralın 15-də Beynəlxalq “European Tour”un rəhbəri Nick Tarratt ilk dəfə Azərbaycana səfəri çərçivəsində Bakı Qolf Akademiyası, Qubadakı Milli Qolf Klubu ilə yaxından tanış olub.
Bu səfərin nəticəsi kimi, Avropanın ən mötəbər qolf yarışlarının rəsmi təşkilatçısı olan “European tour” ilə bu ilin yay mövsümündə Azərbaycanda “Challange Tour”-un keçiriləcəyi haqqında razılıq əldə olunub.
“European Tour” Avropada professional zəmində qolf yarışlarının keçirilməsinə 1986-cı ildən başlayıb və bu yarışlar müasir dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur.
“Challange tour” dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanıb. Yarışlarda qalib gələn yüksək pillələri qazanmış 15 oyunçu “European tour”-un növbəti mərhələsində oynamaq hüququ qazanır və bu silsilədən olan oyunların keçiriləcəyi ölkələrdən biri olmaq, bu yarışlardan birinə ev sahibliyi etmək Azərbaycanda qolfun inkişafının bariz nümunəsidir.
Qeyd edim ki, “Challange tour” yarışının dünyaya tanıtdığı adlar sırasında Henrik Stenson, Martin Kaymer, İan Poulter kimi qolf ulduzları var.
Azərbaycan Qolf Federasiyası bu mötəbər qolf yarışının 2014-cü ilin 30 iyul – 3 avqust 2014 tarixlərində keçiriləcəyini sizlərə elan etməkdən qürur duyur. Bu mötəbər beynəlxalq tədbir Quba şəhərində, 18 dəlikli, dünya standartlarına cavab verən Milli Qolf Klubunda baş tutacaq”.
A.Məmmədovun bildirdiyinə görə, tədbirə dünyanın müxtəlif ölkələrindən gəlmiş 72 qolfçu qatılacaq.
“Bundan əlavə, bu tədbir çərçivəsində Azərbaycan Qolf Federasiyasının dəvəti ilə Avropa ölkələrindən mötəbər qonaqlar doğma Azərbaycanımızı ziyarət edəcəklər”.
Federasiya prezidenti həmçinin Azərbaycan qolfunun qarşısında duran vəzifələrdən də danışıb:
“Mən əvvəllər də çıxışlarımda dəfələrlə vurğulamışam ki, məqsədimiz 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında azərbaycanlı qolfçulardan ibarət komandanın iştirakıdır.
Bildiyiniz kimi, qolf 2012-ci ildən Olimpiya oyunları siyahısına daxil edilib. Buna görə də, Azərbaycanın Qolf Federasiyası həmçinin yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində ciddi şəkildə iş aparır. İnanırıq ki, bu sahədə apardığımız işlər səmərəli olacaq və qısa bir müddətdə Azərbaycanda qolf idmanı üzrə tanınmış simalar yetişəcək”.