Nəriman Abdullayev: “Dünya çempionatında boks tariximizin ən yaxşı nəticəsinə imza atdıq”
26 oktyabr 2015 13:49 (UTC +04:00)

Nəriman Abdullayev: “Dünya çempionatında boks tariximizin ən yaxşı nəticəsinə imza atdıq”

“Teymur Məmmədovun ilk döyüşdə uduzması bizdə təəccüb doğurdu”

 

“Elvin Məmişzadə hiyləgər idmançıdır, ayaqlarla yaxşı işləməyi bacarır”

 

 

“Dünya çempionatında yığmamız 40 medaldan dördünü qazandı və vəzifəsinin öhdəsindən gəldi. 2 il öncə Almatıda keçirilən mundialda 2 qızıl və 1 bürünc medalla mükafatın əyarında rekord vurmuşduqsa, bu də dəfə sayına görə tariximizin ən yaxşı nəticəsinə imza atdıq”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.

 

Təcrübəli mütəxəssis yığmamızın Dohada keçirilən dünya çempionatında çıxışını dəyərləndirib. N. Abdullayev bildirib ki, Elvin Məmişzadənin (52 kq) qızıl, Albert Səlimovun (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqadir Abdullayevin (91 kq) bürünc medal qazandığı mundialda daha bir dəfə Azərbaycan himnin səslənməsində tez-tez qayda dəyişikliyinin də “rolu” olub: “Albert Səlimov final görüşündə I raundu aktivinə yazdı. İkinci hissədə isə o, zədələndi. Əgər bu səbəbdən döyüş saxlanılırsa, qələbə ilk raundda üstün olan tərəfə verilməlidir. Amma Səlimovun döyüşündə tam başqa bir vəziyyət yarandı. Boksçumuzun alın nahiyəsində qanaxma başladı və bunu dayandıra bilmədilər. Həmin vaxt qələbə bizə verilməkdənsə, hakimlərin rəyi ilə kubalı rəqib qalib elan olundu. Bir qədər anlaşmazlıq yarandı. Bu barədə çox danışmaq olar. Çünki AİBA-nın 3 versiyası üzrə yarışlarının hamısında tez-tez qayda dəyişiklikləri baş verir. Düzdür, bunlardan həmişə müsbətə tərəf danışılır, amma riayət olunmur. Nəyə görə? Çünki dəbilqələr ləğv edildikdən sonra zədələr çoxalıb. Bunun qarşısını almaq üçün başla hücuma keçən boksçunun cərimələnməsi qərara alındı. Amma bunlara Dohadakı dünya çempionatında az fikir verildi. İnanıram ki, boksun gözəlliyini itirməmək üçün bu qaydalar mərhələ-mərhələ yerini tutacaq”.

 

Dünya çempionatı E. Məmişzadə ilə P. Bağırovun lisenziya qazanması ilə də əlamətdar olub. Əgər A. Səlimov onlara kimi WSB liqasından Olimpiadaya vəsiqə qazanmışdısa, bu 2 idmançı ilə Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçularımızın sayı 3-ə çatıb.

 

“Rio-de-Janeyro-2016”ya lisenziya xarakteri daşıyan yarışda böyük məşqçini yaxşı mənada təəccübləndirən idmançılar olub. N. Abdullayevin sözlərinə görə, mundialdan öncə Teymur Məmmədov və Elvin Məmişzadəyə böyük ümid bəsləyiblər: “Zədə səbəbindən mundiala yollana bilməyən Məhmmədrəsul Məcidov (+91 kq) və Xaybulla Musalova (75 kq) da inanırdıq. Məmişzadə universal bir boksçudur, ayaqlarla çox gözəl işləyir, sürətlidir. Rəqibi görüb, qarşılayıcı zərbə ilə onu qarşılaya bilir. Yəni, hiyləgər bir idmançıdır. Bu da boksçu üçün çox vacibdir. O, dünya çempionu adını qazanmaqla ümidi doğrultdu”.

 

N. Abdullayev bildirib ki, son 2 dünya çempionatında medal qazanan Teymur Məmmədovun (81 kq) ilk qarşılaşmada uduzması gözlənilməz olub: “49 kq çəki dərəcəsində yarışa qatılan Rüfət Hüseynov gəncdir, dünya çempionatında debüt edirdi. Təcrübəsi az olduğundan pis döyüşmədi. Son qarşılaşmasında mərhələ adlasaydı, artıq medal qazanacaqdı. Teymur Məmmədov isə Avropa Oyunlarında məğlub etdiyi rusiyalı boksçunu (Pavel Silyagini nəzərdə tutur – red.) döyüşdə üstələyə bilmədi. Həmin qarşılaşmada deyərdim ki, tam məğlubiyyət də qeydə alınmadı. Rəqibin birbaşa üstünlüyü olmasa da, belə alındı. İnanırıq ki, Məmmədov qarşıdakı turnirlərdə öz sözünü deməlidir”.

 

Təcrübəli mütəxəssis bürünc medal qazanan boksçularımızın yarımfinal səddini keçə bilməməsinə də münasibət bildirib: “Pərviz Bağırov çox gözəl döyüşdü. Əla texnikaya malik olan bir boksçudur. Bürünc medal və lisenziyanı qazandıqdan sonra qolundakı zədəyə görə çıxıb döyüşməyin yeri yox idi. Biz bunu istəməzdik, lakin Bağırov özü də görüşdən imtina etdi. Abdulqadir Abdullayevin uğurlu çıxış etməyi çox gözəl oldu. Dözümlü işləyib, medal qazandı”.

 

Azərbaycan millisi komanda hesabında ardıcıl ikinci dəfə dünya çempionatını üçüncü pillədə bitirib. Lakin cəmi 18 ölkənin mükafat qazanması yaxşı mənada digər aparıcı boks ölkələrinin həsədinə səbəb olub. N. Abdullayev bildirib ki, Özbəkistan, Qazaxıstan, Ukrayna və Çinin gözləniləndən aşağı çıxış etməsi, Türkiyə, Almaniya, İtaliya kimi yığmaların medal qazanmaması bütün komandalarda inkişafın getməsindən irəli gəlir: “Dünya boksu yüksəlişdədir. Boksu zəif olan dövlətlərdə də hazırda inkişaf gedir. 2-3 çəki dərəcəsində isə çox güclü boksçular peyda olublar”.

 

Böyük məşqçi bildirib ki, dünya çempionatında daha çox lisenziya qazanmaq istəkləri olsa da, bu alınmayıb. Lakin onun sözlərinə görə, qarşıda - Türkiyədə və Azərbaycanda Rioya vəsiqə verəcək turnirlər keçiriləcək və həmin vaxt lisenziyaların sayını kifayət qədər artırmağa çalışacaqlar: “Azərbaycan boksunda inkişaf var, qarşıda bizi Rio-de-Janeyro Yay Olimpiya Oyunları gözləyir. Bu yarışadək 2 lisenziya xarakterli yarışımız var. Biz Dohada vəsiqələrin çox olmasını istəyirdik. Amma bu bizim istəklə deyil, döyüşlərlə müəyyənləşir. Bəzi çəkilərdə buna yaxın olsaq da, alınmadı. Ümidvarıq ki, qarşıdakı turnirlərdə də vəsiqələr qazanacağıq. Lisenziya qazananların hazırlıq planına gəldikdə,  onlar ayrı deyil, komanda ilə birgə məşq keçəcəklər. Bizə Olimpiadaya lisenziyaların sayının çox olması lazımdır”.

 

N. Abdullayev lisenziya turnirlərində əsasən mundialda güvəndikləri idmançılara şans verəcəklərini də açıqlayıb: “Hesab edirəm ki, eyni boksçular mübarizə aparacaqlar. Ola bilsin, 1-2 çəki dərəcəsində nə isə dəyişiklik reallaşsın. Bizi qarşıda respublika çempionatı gözləyir. Seçim qarşısında qaldığımız boksçular mütləq burada iştirak etməlidir. İstəyirik ki, ölkə çempionatında döyüşsünlər və hansı güclü olsa, lisenziya uğrunda mübarizəni davam etdirsin”.

 

Dünya çempionatında medal qazanan bütün boksçularımız WSB liqasında mübarizə aparan “Baku Fires” klubunun üzvləridir. Onların bu yarışda karyeralarını davam etdirib-etməməsi ilə bağlı suala cavab verən mütəxəssis bildirib ki, hər bir boksçunun seçimi özündən asılıdır: “Qərarı da özləri verirlər. Amma bəzən WSB liqasında 5 raundda döyüşən boksçu həvəskarlar arasında 3 raundda tab gətirmirlər, yorulurlar. Bu da ondan irəli gəlir ki, 3 raundda sürətli döyüşüb, özünü göstərməlisən. WSB liqasında isə vaxt çox olduğundan bir qədər arxayınçılıq yaranır. Məsələn, 2 hissəni uduzub, 3-də qalib gəlmək mümkündür. Yaxud nokauta salmaq imkanı daha çoxdur. Bu səbəblərdən qərar özlərindən asılıdır. Təbii ki, burada məşqçilərinin də rolu olmalıdır”.

 

N. Abdullayev ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidovun durumundan da danışıb. O bildirib ki, mundiala son anda həkim rəyinə əsasən aparılmayan ağır çəkili boksçuya qarşıdakı yarışlarda böyük ümid bəsləyirlər: “Onun almacıq sümüyündə sınığı olduğundan yarışda iştirakı bir qədər qorxulu idi. Həkimlər tərəfindən icazə verilmədi. Zədə ağır olduğundan müalicə gedir. Amma hazırlığını da davam etdirir. Çünki çəkisində rəqabət artıb. Artıq rəqiblərində böyük inkişaf var və əvvəlki boksçular deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar