“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mustafa Dənizli istefası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun “Mustafa Dənizli istefaya getdi” kimi açıqlamasının doğru olmadığını bildirib.
Mustafa Dənizli “Xəzər Lənkəran” klubundan getdiyi barədə məlumatı təkzib edib: “Lənkəran klubunda işimin başındayam, istefaya getməmişəm. Klubun sahibi ilə gələcək planlarla bağlı fikir ayrılığımız olduğu doğrudur. Amma söhbətimizin istefa ilə nəticələndiyi yanlışdır”.
Gələn həftə yenidən klub rəhbərliyi ilə görüşəcəyini bildirən təcrübəli mütəxəssis hazırda İstanbulda olduğunu vurğulayıb: “Hazırda İstanbuldayam. Amma gələn həftə gedib onlarla görüşəcəyəm. Gələcəklə bağlı planlar da daxil olmaqla, hər şey gələn həftə dəqiqləşəcək. Klub başqanı ilə mənim aramda bəzi məsələlərdə fikir ayrılığımızın olması normaldır”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın rəsmi səhifəsində klubun Mustafa Dənizli ilə yollarını ayırdığı bildirilib. Açıqlamada klubun prezidenti və rəhbərliyi tərəfindən Mustafa Dənizliyə göstərdiyi xidmət üçün təşəkkür də edilib.