Moldova ən yaxşı idmançısını Azərbaycana 50 min dollara satdı
04 iyul 2013 11:36 (UTC +04:00)

Moldova ən yaxşı idmançısını Azərbaycana 50 min dollara satdı

Moldovada 2012-ci ilin ən yaxşı qadın idmançısı seçilmiş Kristina Yovunun Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasında çıxışına rəsmən icazə verilib. Lent.az-ın məlumatına görə, bu barədə Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu açıqlama verib.

 

O bildirib ki, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) bu transfer üçün Moldova tərəfinə 50 min dollar ödəyib. Həmin vəsait isə İsveçdən 12 ştanqın və digər avadanlıqların alınmasına sərf olunub. Kasapunun sözlərinə görə, AAAF Yovuya ayda 10 min dollar və hazırlıq üçün yaxşı şərait vəd edib: “Başqa çıxış yolumuz yox idi. Bizə təklif olunan vəsaitlə razılaşmalı olduq. Razılaşmasaydıq, qaydalara əsasən, Yovu iki ildən sonra Azərbaycan yığmasına sərbəst keçəcəkdi və biz bundan heç nə qazanmayacaqdıq”.

 

Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu isə dövlətin federasiyanın işinə qarışmağa ixtiyarı olmadığını deyib: “Biz bundan xəbər tutanda gec idi. Ola bilsin, Yovu Azərbaycana vurulub və ya bizim bilmədiyimiz məsələlər var”.

 

Bu ilin əvvəllərində Yovuya qarşı Azərbaycandakı təlim-məşq toplantısından qayıtmaması səbəbindən Moldovada fərarilik ittihamı ilə cinayət işi qaldırılıb. Yovu Moldovanın Sərhəd Qoşunlarındakı vəzifəsindən istefa verdiyini açıqladıqdan sonra cinayət işi xətm olunub. Yeni idmançının Azərbaycan millisində debütü iyulun 6-da Rusiyanın Kazan şəhərində start götürəcək universiadaya təsadüf edəcək. O, 58 kq çəki dərəcəsində yarışacaq.

 

Qeyd edək ki, Kristina Yovu 2012-ci il Avropa çempionatında qızıl, London Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar