İlk dəfə milli komanda ilə səfərə çıxırdım. Təbii ki, bu, apasport.az saytında işlədiyim dönəmdə ilk yığma səfərim idi.
Səfərin özünəməxsus cəhəti isə ondan ibarət idi ki, Asiya ölkəsinə 1 yox, 2 yığmamız bir yerdə yollanırdı. Bu üzdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çox sayda futbolçu görmək olardı.
İlk öncə limana ayaq basan Bernhard Lippertin başçılıq etdiyi U-21, daha sonra isə əsas milli oldu. 3 jurnalistlə birlikdə ümumilikdə 93 nəfərlik heyətdə sonradan Berti Foqtsun köməkçisi Olaf Yanssenin olmayacağı aşkarlandı. Alman məşqçinin son anda Rusiyaya səfər edib növbəti rəqibin oyununu izləmək məqsədinin olduğunu ehtimal etmək mümkündür.
Saat 15:35-də AZAL-a məxsus olan təyyarəmiz carter reysi ilə birbaşa İsrailin paytaxtı Təl-Əvivə uçmalı idi. Uçuş müddəti isə təxminən 3,5 saatı əhatə etməliydi. Heç bir təhlükə yaşamadan elə göstərilən saatda Təl-Əvivin məşhur Ben Qurion hava limanına endik. Onda yerli saat təxminən 17-ni göstərirdi.
Təl-Əvivdə heyət 3 qrupa bölündü. Əsas milli Ramat-Qandakı 5 ulduzlu “Hilton”, U-21 isə Netanya şəhərindəki “Island Luxurious Suites” otelinə yollandı. Biz isə üzü Ölü Dəniz çimərliyinə açılan 4 ulduzlu “Leonardo Basel” otelində məskunlaşmalı idik. Gürcüstan yəhudisi olan Mixail Çaçinaşvilinin sürdüyü taksi jurnalistləri adıçəkilən otelə çatdırdı.
Sabah isə bizi yığmanın açıq məşqi gözləyir...
Səbuhi TOFİQOĞLU
Təl-Əviv, İsrail
Millilər İsrailə çatdı
688